Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Tehran və Vaşinqton çoxdan məxfi danışıqlarda olublar


Hassan Rohani
Hassan Rohani
-
TEHRAN VƏ VAŞİNQTON ÇOXDAN MƏXVİ DANIŞIQLARDA OLUBLAR

Britaniya mətbuatı yazır ki, Birləşmiş Ştatların İran İslam Respublikası ilə P5+1 danışıqlarına paralel olaraq və ondan ayrılıqda apardığı məxfi sövdələşmə Tehranla 1979-cu ildən bəri ən böyük yaxınlaşmaya yol açıb.

İranın nüvə proqramına dair “tarixi razılaşma”, əslində aylardan bəridir, Tehran və Vaşinqton rəsmiləri arasında aparılan məxfi danışıqlar nəticəsində mümkün olub.

Cenevrədə ötən bazar elan edilmiş sazişə görə İran özünün nüvə zənginləşdirmə fəaliyyətinə məhdudiyyət qoymağa razılaşıb.

Bunun müqabilində Tehrana qarşı ən azı qarşıdan gələn altı ay ərzində yeni sanksiyaların qoyulmayacağı vəd edilib.

Məhz buna görədir ki, İranla Cenevrədə danışıqlar aparan Avropanın özü də İranın çox tezliklə yola gəlməsinə təəccüblənib. Yeri gəlmişkən, bu danışıqlarda da ABŞ P5 ölkələrinin tərkibində idi. Başqa sözlərlə, Vaşinqton Tehranla Cenevrə danışqılarına paralel şəkildə daha sıx təmaslarda imiş.

Bu da bəlli olub ki, Obama administrasiyası jurnalistlərdən gizli diplomatiya barədə onlara məlum olmuş informasiyanı açıqlamamağı xahiş edib. Ağ Ev narahat imiş ki, belə bir informasiyanın açıqlanması Cenevrə danışıqlarını poza bilər.

Jurnalistlər vədlərinə demək olar ki, əməl ediblər və gizli danışıqlar barədə məlumat ilk dəfə olaraq Associated Press və Vaşinqtonda mənzillənmiş Al-Monitor saytı tərəfindən yalnız ötən bazar yayılıb.

Mətbuat yazır ki, İranla razılaşma Barack Obama-nın prezidentliyi dövrüdə əldə olunmuş ən əhəmiyyətli nailiyyətdir və Vaşinqton bu halda tam təvazökarlıq nümayiş etdirərək, sazişin Cenevrədə, səhər saat 4.30-da rəsmiləşdirilməsinə imkan yaradıb.

BÖYÜK KOMPROMİSLƏR

Bu sazişin əldə olunması üçün həm Tehran, həm də Vaşinqton nəzərəçarpacaq kompromislərə gediblər. Beləki, İranın neft satışından alınmış 4 milyard dollarlıq gəlirinin saxlandığı bank hesablarının “donu açılıb”.

Arxiv foto
Arxiv foto
Razılaşma həmçinin İranın qızıl, neft-kimya məhsulları, avtomobil və təyyarələr üçün ehtiyat hissələri alış-verişi üzərindən məhdudiyyətləri qaldırır.

Bütün bunların müqabilində İran uranın 5 faizlik həddən yuxarı zənginləşdirilməsinin dayandırılmasına və artıq 20 faizədək zənginləşdirilmiş uran anbarının dərəcəsinin endirilməsinə razı olub.

Tehran hətta aşağı faizli uran istehsalını dayandırmağa, mövcud 16 min sentrifuqun sayının artırılmamasına, nüvə məntəqələrinin nüvə müfəttişləri tərəfindən az qala gündəlik qaydada yoxlanmasına razılıq verib.

Mətbuat xəbər verir ki, İran öz nüvə danışıqlarını Tehranın Mehrabad limanında qəhrəmanlar kimi qarşılayıb.

Bununla belə, İranla əldə olunmuş razılaşmalar onun regional rəqibləri olan Səudiyyə Ərəbistanını və İsraili məyus edib.

İsrailin baş naziri Benjamin Netanyahu İranla razılaşmanı “tarixi uğur” yox, “tarixi səhv” kimi qiymətləndirib.

Birləşmiş Ştatların ən sadiq Avropa müttəfiqi Britaniya razılaşmanı salamlayıb. Baş nazir David Cameron bəyan edib ki, bu saziş sərt sanksiyalarla diplomatiyanın nəyə qadir olduğunu nümayiş etdirib.

PARİSİN DƏRDİ VARMIŞ...

Bu arada həmçinin iki həftə bundan əvvəl sazişin imzalanmasına Parisin niyə maneçilik etməsinin səbəbləri bəlli olub.

Laurent Fabius
Laurent Fabius
​İki həftə öncə Fransanın xarici işlər naziri Laurent Fabius Tehrana qarşı daha sərt tələblər irəli sürərək razılaşmanın əldə olunmasına əngəl törətmişdi. Halbuki, heç demə, həmin tələblərə Tehran daha öncə Vaşinqtonla aparılan danışıqlarda cavab veribmiş, sadəcə olaraq İran diplomatic nəzakət xətrinə məsələni açıb-ağartmayıbmış.
Parisin Cenevrədəki sərt mövqeyinə isə Fransa kəşfiyyatının gizli İran-ABŞ danışıqları barədə məlumat əldə etməsi səbəb olub.

Paris bundan əvvəl Suriya məsələsində Vaşinqtonun əlindən, necə deyərlər kifayət qədər “yığıbmış”.

Suriya bpöhranının ən gərgin həddə çatdığı anlarda Paris Suriyaya zərbə endirmək üçün Vaşinqtondan daha əvvəl qollarını çırmalamış, Londonu “ağciyərlikdə” ittiham etmiş, lakin Ağ Ev son anda əl saxlamağı qərara alanda pərt olmuşdu.

MƏXVİ DANIŞIQLAR ROUHANİ-DƏN ƏVVƏL BAŞLANIBMIŞ

Barack Obama
Barack Obama
Vaşinqton və İran arasında aparılmış danışıqların bir sıra başqa maraqlı təfərrüatları da bəlli olub.

Associated Press agentliyi bildirir ki, Tehran və Vaşinqton arasında ilkin məxfi danışıqlar Əmman və başqa gizli məkanlarda aparılıb.

Bu da xəbər verilir ki, müxtəlif mərhələlərdə gizli danışqılara dövlət katibinin müavini William Burns və vise-prezident Joe Biden-nin xarici siyasət müşaviri Jake Sullivan və hətta Milli Təhlükəsizlik Şurasının vəzifəli rəsmisi Puneet Talwar da qatılıblar.

Lakin ən mühüm xəbər bundan ibarətdir ki, Vaşinqton və Tehran arasında ilk məxfi danışıqlar hələ mart ayında, Hassan Rouhani prezident seçilməzdən əvvəl keçirilib.
Bu isə danışıqlara birbaşa fitvanın İranın ali dini rəhbəri Ayətüllah Ali Khamnei tərəfindən verildiyinə işarə ola bilər.
XS
SM
MD
LG