Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:04

Qarabağ müharibəsi veteranının intihar cəhdi qərar sahiblərini hərəkətə gətirdi [Video]


«Qarabağ əlilinin özünü yandırması bir ismarışdır»
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00
-
Özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağır olaraq qalır. Bunu 5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyov onun səhhəti ilə bağlı məlumat almaq istəyən doğmalarına və Qarabağ savaşı veteranlarına deyir. Həkim onu da bildirir ki, xəstəxanaya gətirərkən Zaur Həsənovun durumu daha ağırmış və heç nəbzi də vurmurmuş:

«Bədən hissəsinin 60-65 faizi, nəfəs yollarının 20 faizi yanıb. Çox ağır vəziyyətdə idi. Aparılan müalicə nəticəsində təzyiqi 107-114 və 54-67 arasında dəyişir».

Həmzə Əzizbəyovun sözlərinə görə, yanıq şöbəsinin imkanları yüksək olduğundan özünü yandıran Qarabağ əlilinin sağalmasından ötrü əllərindən gələni edirlər. Bununla belə, o, xəstənin yaşayacağına tam zəmanət vermir: «Demək çətindir, belə xəstələrin durumu ağır sayılır».

«ZAURUN İNTİHARI BİR İSMARIŞDI»

Yanıq şöbəsinin həyətində adam çoxdur. Qarabağ veteranları dünəndən xəstəxanaya gəlib-gedirlər. Olaya münasibətləri də cürbəcürdür: kimi Qarabağ veteranları adından ölkə başçısına müraciət ünvanlamağı təklif edir, kimi bu veteranların qurultay çağırmasını istəyir, kimi də deyir ki, «Zaurun intiharı bir ismarışdı, Qarabağ əlillərinin haqları pozulur, yüzlərlə intihar edə bilməyənlər var».

Elə bu arada müharibə əlili Firudin Həsənov oraya toplaşanlara bildirir ki, prezident İlham Əliyev olaya münasibətini bildirib və bu barədə məlumatı AzərTac yayıb.

Məlumatda deyilir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Zaurun özünü yandırmasını eşidəndən sonra prezidentin çox sarsıldığını söyləyib:

«Cənab prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq».

Əli Həsənov bunu da deyib ki, hakimiyyətin heç bir qolu məhkəmə qərarını ləğv edə bilməz.

ZAUR HƏSƏNOVUN AİLƏSİNƏ AYDA 1500 MANAT ÖDƏNƏCƏK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da Zaur Həsənovla bağlı qərarını açıqlayıb. Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev apa-ya bildirib ki, qərara əsasən, qurum övladları yetkinlik yaşına çatanadək Zaur Həsənovun ailəsinə ayda 1500 manat ödəyəcək. Zərurət yaranarsa, onun xaricdə müalicə xərclərini və ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürəcək. Qarabağ əlilinin sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat veriləcək.

Xəstəxana önünə yığışan əksər Qarabağ əlilləri və müharibə veteranları olayın siyasiləşdirilməməyini istəyir, amma Zaur Həsənovu intihara vadar edənlərin cəzalandırılmasını tələb edirlər.

Zaurun 5 uşağından biri – İsmayıl evin böyük oğlu sayılır. O, 13 yaşı olsa da, məktəbə getmədiyini deyir və səbəbini maddi imkansızlıqla izah edir:
Zaur Həsənov xəstəxanada
Zaur Həsənov xəstəxanada

«Kafeni işlətməkdə atama kömək edirdim. Kassada oturur, qab yuyur, ofisiantların üstündə durur, özüm ofisiantlıq edirdim. Bacardığım işi görürdüm».

«GƏRƏK KONFEDERASİYA RƏHBƏRLİYİ GERİ ÇƏKİLƏYDİ»

Zaur Həsənov özünü uşaqlarının gözü önündə yandırıb. 11 yaşlı qızı Mahizər də hadisənin şahidi olub. Göz yaşlarını boğa bilməyən Mahizər danışır ki, atası Səttar Mehbalıyevlə (AHİK sədri) görüşlərə onu da aparırmış. Mahizər Səttar Mehbalıyevin hər dəfə onları qovduğunu söyləyir.

Qadın Müharibə Veteranları İctimai Birliyinin sədri İradə Abbas deyir ki, gərək konfederasiya rəhbərliyi bu məsələnin güzəştli həllini tapaydı:

«Bəlkə də Zaur haradasa səhv edib, amma bu torpağa ehtiyacı olub, axı. Gərək Konfederasiya rəhbərliyi geri çəkiləydi. Həmin torpağı ona vətən uğrunda döyüşməsinə, əlil olmasına bağışlayaydı».

«İLHAM ƏLİYEV... GÖSTƏRİŞ VERSİN»

Müharibə veteranı Səbirə Mahmudova İlham Əliyevdən müharibə əlillərinə, bütün Qarabağ veteranlarına maşın və evlərin hansı şəraitdə verilməsinin, onların hüquqlarının necə qorunmasının araşdırılması barədə göstəriş verməsini istəyir:

«Araşdırılsın ki, müharibə veteranları bunlardan razıdırlarmı? Veteranlara qarşı ədalətsizlik bütün Qarabağ veteranlarına qarşı ədalətsizlikdir. Biz bu xəstəxananın qarşısında hökumətin siyasətini müzakirə etmirik. Xəstəxanaya öz döyüş yoldaşımızın yanına yığışmışıq. Ümid edirik ki, cənab prezident bu məmur özbaşınalığının qarşısını alacaq və müraciətimizlə bağlı qaziləri qəbul edib onları dinləyəcək».

Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünəqəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Hadisə geniş ictimai rezonans doğurub.
XS
SM
MD
LG