Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

Günel Mövlud. Bizim Kadınlar


Günel Movlud
Günel Movlud

-

Özümün də mənsub olduğum bir zümrəni, azərbaycanlı qadını tənqid, ifşa etmək mənə çox ağırdır...


Günel Mövlud


KADINLAR

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)


Mən rus qadınının mahiyyətini, onun möhtəşəmliyini, sirrini üç müəllifi oxuyandan sonra anlamışam.

Raya Ostrovskayanın xatirələrini, Eduard Limonovun mühacirətdə yaşayanda öz arvadı və digər rus qadınları barədə yazdıqlarını və fransız yazıçısı Frederik Beqbederin rus qadınları barədə təsvirini…

Bilirəm, bu yazdıqlarım əksər qadınlarımızın xoşuna gəlməyəcək. Hələ sovet dövründən rus qadınları Azərbaycan qadını üçün əsas rəqib hesab olunur. Əsgərliyə, Rusiyaya işləməyə gedən azərbaycanlı kişilərin çoxu orada ya evlənir, ya da illər uzunu hansısa rus qadınına bağlanıb, Rusiyada qalırdılar.

Kişi ilə danışmağı, davranmağı, nəvaziş göstərməyi bacarmayan, seksual tərbiyəni ayıb hesab edən, yataqda özünü plastmas kukla kimi aparan, deyingən, kişinin yediyini-içdiyini burnundan gətirməkdə mahir qadınlarımız tez bir zamanda kişini qiymətləndirməyi, ona qayğı göstərməyi, sığallamağı, süfrəyə içki qoyub, özü də kişisi ilə əyləşməyi bacaran mehriban, sarışın rus qadınlara məğlub olurdular.

Bu məğlubluğu, bu kompleksi ört-basdır eləmək, bu yaraya azacıq məlhəm qoymaq üçün qadınlarımız həmişə rus qadının əxlaqına apellyasiya edirdi. Rus qadını barədə «fahişə», «əxlaqsız», «gündə bir kişi ilə yatağa girən» kimi ifadələr işlədərək, özlərinin tək «üstünlüyünü» - məişət namusunu gözə soxmaq yeganə mübarizə üsulu idi.

Facebook
Facebook


Qadınlarımız uzaqgörən bir hiyləgərliklə dekabristlərin arvadlarını, Ostrovskinin, Dostoyevskinin xanımlarının fədakarlıqlarını, rus qadınının heç kimdən əsl kişi düzəldə bilmək bacarığını görməzdən gəliblər. Bu barədə nəsə yazanda, danışanda nifrətlə baxır, əksini sübut etməyə çalışır, müxtəlif əks-arqumentlər gətirirlər.

Bir kosmos şahiddir ki, indi, bu yazını yazdıqca mən bəzi həmcinslərimlə bağlı dərin bir utanc hissi yaşayıram. Özümün də mənsub olduğum bir zümrəni, azərbaycanlı qadını tənqid, ifşa etmək mənə çox ağırdır. Tək təsəllim isə, bütün azərbaycanlı qadınların belə olmamağı, tək-tük, bəzilərindən xəbərimiz olduğu halda, bəzilərini də tanımadığımız, gözəl, mədəni, ləyaqətli Azərbaycan qadınları, qızlarıdır.

Amma nə yazıq ki, mən böyük əksəriyyət, çoxluq barədə danışmağa, onlara daha çox yer və diqqət ayırmağa məcburam.

Sosial şəbəkələr milli həmcinslərimin əsl simasını daha yaxşı aça bildi. Bəzən qeydiyyatdan özlərinin, bəzən də saxta adlarla keçən, profilinə sinədağlayan, ürək titrədən məsum körpə, küçük, pişik balası, quş, kəpənək şəkilləri qoyan qızlar siyasətə, ədəbiyyata, mədəniyyətə, ictimai məsələlərə qarışmağa başladılar.

Bir az fərqli görünən, nəsə etməyə çalışan insanların paylaşımlarını, yazdıqlarını şərh eləməyə, özləri demişkən, subyektiv fikir bildirməyə başladılar. Özü də ardı-arası kəsilmədən, hikkə ilə, eqo ilə, qəzəblə, kinlə…

Özlərini savadlı, oxumuş, milli, namuslu, ləyaqətli göstərməyə çalışan qızlarımızın şərhlərindən «dinimiz islamdır», «axı bizim milli-mentalitetimiz var», «siz kimsiniz ki, xalqa ağıl öyrədirsiniz?!», «nifrət edirəm bu yazara» kimi ifadələr əskik olmadı. Hətta milli dəyərlərə etirazdan, dinə etirazdan, siyasətdən kənar, şəxsi faciələrdən, ağrılardan qaynaqlanan yazılara azərbaycan qadınlarının, qızlarının rekasiyaları ikrahqarışıq, kinli, zəhərli oldu. Təsəvvür edin ki, siz ağrınızı, faciənizi paylaşırsınız, dünyanın ən sinədağlayan «ana» segahı ilə böüyüən qızlar isə yazır ki, başqa mövzunuz qalmayıb? Gündəmə gəlmək üçün başqa yol tapmaınız?

Amma heç bir dayağı, imkanı olmayan bir-iki yetim yazarı hikkə, zəhərlə tənqid edən, söyən, nifrin yağdıran bu qızları, qadınları bir də prezident qızlarının, məmurların, deputatların paylaşımlarına yazdıqları şərhləri görün. Onlar lazım gələndə necə də anlayışlı, mehriban, nəzakətli ola bilirlər. Onlar hamını necə də gözəl tanyırlar. Onlar kimlə nə cür davranmalı olduqlarını necə də gözəl bilirlər…

Universitetə girəndə, ərə gedəndə, uşaq doğanda qonşunun, xala-bibinin, qohumların, ər evinin gündəminə gəlməyə hesablayan qadınlardan bundan artığını gözləmək, əlbəttə ki, sadəlövhlük olardı. Amma mən yenə də təəccüblənirəm…

Sən «Ana ürəyi», «Bacı» segahının, «Qara paltarlı qadın» şeirinin dillər əzbəri olduğu ölkədə doğulan, böyüyən qadın olasan. Sən «ana südü, dağ çiçəyinin» bütün yaralara məlhəm olacağına inanasan. Sən pişik əzizləyəsən, körpə görəndə başını tumarlayasan, Facebook-da profil şəkli kimi totuq, balaca qız şəkli qoyasan, ayağı sınmış it, qanadı yaralanmış sərçə şəkli görəndə onu mütləq paylaşıb, fəryad edəsən, bütün bəşəriyyəti heyvanların hüquqlarını qorumağa çağırasan. Əzəmətin, qürurun, böyüklüyün barədə şairlər qalın-qalın kitablar yaza.

Amma arabasında təkbaşına hərəkət etməyə çalışan əlil adam görəndə elə o adamın gözləri qabağındaca qulağını çəkib «kış-kış» eləyəsən. Sən uşaq vaxtı aldığı travmaları insanlarla bölüşəcək qədər səmimi olmağa çalışan yazı adamlarını lağa qoyasan. Sən məmura, deputata, prezident ailəsinə, polis rəisinə yaltaqlanasan.

Yazının sonunda sadə bir rus qızının kiçik bir jestindən danışmaq istəyirəm. İki il əvvəl Seymur Baycanla Gürcüstanda bir rus qızı ilə tanış olduq. Başqa rus qızlarından çox da seçilməyən bir qız idi. Bir axşam Tiflisdə açıq kafelərdən birində oturub xeyli söhbət elədik. Söhbət uzunu masaya xeyli şərab gəldi. Olqa Seymurun ədəbiyyat, incəsənətlə bağlı söhbətlərinə həvəslə qulaq asırdı. Arada təvazökarcasına işlətdiyi sitatlardan məlum olurdu ki, Seymurun adlarını çəkdiyi yazarların demək olar ki, hamısını oxuyub. Söhbət uzandı və gecə oldu. Artıq qalxmaq vaxtı idi. Amma Seymura söhbət və ortam xoş idi. Olqa hiss elədi ki, Seymur qalxmaq istəmir. O, tualetə getmək bəhanəsi ilə ayağa qalxıb, getdi və əlində bir şüşə şərabla qayıtdı.

Bu onun yazarın söhbətini nə qədər qiymətləndirməyinin, söhbətin davamını istəməyinin təvazökar və qadınca bir ifadəsi idi…

XS
SM
MD
LG