Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:21

Məşhur yazıçı dəhşətli bombardmandan necə sağ çıxmasından danışır


Kurt Vonnegut
Kurt Vonnegut

-

"Bir neçə gündən sonra şəhərdən pis qoxu gəlməyə başladı.

Onlar yeni metod ixtira etməli oldular...

Bu dəfə biz sığınacaqlara tələsik daxil olurduq, meyitlərin üzərindən bütün qiymətli əşyaları toplayırdıq və gözətçilərə təhvil verirdik.

Dalınca əsgərlər odsaçan silahlarla sığınacaqların qapısında dayanır və meyitləri elə içəridəcə yandırırdılar".

Tanınmış Amerika yazıçısı Kurt Vonnegut-un "Paris review" jurnalına müsahibəsindən (1977)

MÜXBİR

Siz İkinci dünya müharibəsinin veteranısınız?

VONNEGUT

Bəli. Mən öləndə hərbi cənazə mərasimi istəyirəm. Şeypurçu, tabutun üzərində bayraq, havaya açılan yaylım atəşi və fəxri xiyaban.

MÜXBİR

Niyə?

VONNEGUT

Bu dünyada ən böyük arzuma çatmağım üçün. Əgər müharibədə həlak olsaydım, bunu çoxdan əldə etmişdim.

MÜXBİR

Yəni nəyi?

VONNEGUT

Cəmiyyətin qeyd-şərtsiz təqdirini.

MÜXBİR

Siz bu təqdiri indi hiss etmirsiniz?

VONNEGUT

Qohumlarım deyir ki, mənim zəngin olmağından məmnundurlar, amma əsərlərimi heç cür oxuya bilmirlər.

MÜXBİR

Siz müharibədə piyada batalyonunda kəşfiyyatçı idiniz?

VONNEGUT

Bəli, kəşfiyyatçı olmuşam, amma 240 millimetrlik ağır topla təlim keçmişəm.

MÜXBİR

Çox böyük silahdır.

VONNEGUT

O dövr üçün orduda daşına bilən ən böyük səhra topu idi. Onu altı hissəyə ayırıb daşıyırdılar, hər hissəsini də bir Caterpillar traktoru sürüyərək aparırdı.

Hər dəfə atəş açmaq lazım gələndə, ilk öncə biz topu quraşdırmalı idik. Kranlar və digər qaldırıcı qurğuların köməyi ilə topun bir hissəsini digər hissəsinin üzərinə qoyurduq.

Təkcə mərminin diametri 25 santimetr idi, çəkisi isə 140 kiloqram olardı. Mərmiləri iki metrlik yamacla qaldırıb topun xəzinəsinə qoymaq üçün miniatür dəmir yolu da qururduq. Topun xəzinəsinin sürgüsü İndiana ştatının Peru şəhərində borc-əmanət kassasının saxlancının qapısına bənzəyirdi.

MÜXBİR

Belə bir silahdan atəş açarkən yəqin çox həyəcanlı olurdınız.

VONNEGUT

Əslində yox. Mərmini xəzinəyə qoyardıq, sonra da yanına ləng alışan partlayıcı ilə dolu torbaları atırdıq. Məncə, bu torbalarda olan partlayıcı yaş it yeməyi kimi bir şey idi. Xəzinəni bağlayırdıq, çəkici aşağı salırdıq, çəkic civə fulminatından ibarət pistonları vururdu, pistonlar isə həmin yaş it yeməyinə atəş açırdı. Məncə, burada məqsəd buxar əmələ gətirmək idi. Bir azdan sobada yeməyin bişməyinin səsini eşidirdik. Bir qədər hind toyuğu bişirməyə bənzəyirdi. Bəlkə də vaxtaşırı xəzinəni rahatlıqla açıb mərminin üstünə yağ və sous da tökə bilərdik. Nəhayət, top hərəkətə gəlirdi və mərmini tüpürürdü. Mərmi də “Goodyear” dirijablı kimi ağır-ağır üzərək topdan çıxırdı. Əgər bizim nərdivanımız olsaydı, mərmi topdan çıxarkən nərdivanı ona dayayıb, üzərinə rahatlıqla Hitler haqda pis söyüş də yaza bilərdik. Hətta vertolyotlar da bu mərminin arxasınca düşüb onu vura bilərdilər.

MÜXBİR

Əsl dəhşət silahı.

VONNEGUT

Fransa-Prussiya müharibəsinin yadigarı.

MÜXBİR

Amma siz müharibəyə bu silahla yox, 106-cı piyada diviziyasının tərkibində qatılmısınız.

VONNEGUT

“Nahar çantası diviziyası.” Bizi çoxlu nahar çantaları ilə təchiz edirdilər. O çantalarda kolbasa sendviçləri və portağal olurdu.

MÜXBİR

Müharibə meydanında?

VONNEGUT

Yox, hələ ABŞ-da olarkən.

MÜXBİR

Amerika ordusunda 240 mm-lik top, 2-ci Dünya Müharibəsi
Amerika ordusunda 240 mm-lik top, 2-ci Dünya Müharibəsi

Sizə piyada kimi təlim keçəndə?

VONNEGUT

Mən heç vaxt piyada təlimi keçməmişəm. Kəşfiyyatçılar elita sayılırdı, bilirsiniz. Hər batalyonda cəmi altı kəşfiyyatçı olurdu və heç kim onların nə etməli olduğunu bilmirdi. Ona görə də biz hər gün kəşfiyyat otağına gələrdik, stolüstü tennis oynayardıq, zabit məktəbinə daxil olmaq üçün müraciət formaları doldurardıq.

MÜXBİR

Hər halda təlim zamanı ağır toplardan əlavə digər silahlarla da sizi tanış ediblər.

VONNEGUT

Əgər siz 240 millimetrlik topla təlim keçirdinizsə, dəri-zöhrəvi xəstəliklər barədə maarifləndirici filmlərə baxmağa vaxtınız qalmırdı.

MÜXBİR

Siz cəbhə bölgəsinə çatandan sonra nə oldu?

VONNEGUT

O zamana qədər baxdığım müxtəlif müharibə kinolarını imitasiya edirdim.

MÜXBİR

Müharibədə kiməsə atəş açmısınız?

VONNEGUT

Mən bu barədə düşünürdüm. Bircə dəfə süngünü hazır vəziyyətə gətirmişdim, işə salmağa tam hazır idim.

MÜXBİR

Süngünü işə saldınız?

VONNEGUT

Yox. Əgər hər kəs süngünü işə salsaydı, mən də onlara qoşulmalı olacaqdım. Amma əksini qərar verdik. Çünki biz qarşımızda heç kəsi görmədik.

MÜXBİR

Bu hadisə Ardenn əməliyyatı zamanı baş verib, doğrudur? Tarixdə amerikan silahının ən böyük məğlubiyyəti.

VONNEGUT

Bəlkə də. Mənim kəşfiyyatçı kimi son tapşırığım bizim artilleriya dəstələrini tapmaq idi. Kəşfiyyatçılar adətən düşmən dəstələrini axtarışa çıxır. İşlərimiz o dərəcədə pis gedirdi ki, biz özümüzküləri axtarmalı idik. Əgər mən öz batalyon komandirimi tapsaydım, bunu böyük nailiyyət hesab edərdilər.

MÜXBİR

Almanlara necə əsir düşməyinizi təsvir edə bilərsiniz?

VONNEGUT

Əlbəttə. Biz I Dünya müharibəsinin səngəri qədər dərin bir yarğanda idik. Hər tərəf ağappaq qar idi. Kimsə dedi ki, biz yəqin Lüksemburqdayıq. Bizim azuqəmiz tükənmişdi.

MÜXBİR

Biz, yəni kim?

VONNEGUT

Bizim batalyonun kəşfiyyatçı dəstəsi. Altı nəfər. Eləcə də əvvəllər heç rastlaşmadığımız daha 50 nəfər. Almanlar bizi görürdülər, çünki reproduktorlardan bizə müraciət edirdilər. Onlar bizə deyirdi ki, vəziyyətimiz ümidsizdir və sair. Süngüləri hazır vəziyyətə gətirdiyimiz məqam onda idi. Bir anlıq gözəl əhval-ruhiyyə yaşamışdıq.

Kurt Vonnegut
Kurt Vonnegut

MÜXBİR

Necə yəni?

VONNEGUT

Polad oxlu kirpi kimi olmaq hissi. Bizim üstümüzə hücum çəkəcək olanlara yazığım gəlirdi.

MÜXBİR

Onlar hər halda gəldilər?

VONNEGUT

Yox, gəlmədilər. Əvəzində 88 millimetrlik mərmilər göndərdilər. Mərmilər bizim başımızın üzərində ağacların çətirlərinə dəyib partlayırdı. Çox gurultulu partlayışlar baş verirdi. Yuxarıdan üstümüzə polad qəlpələr yağırdı. Bəzilərimiz qəlpələrə tuş gəldi. Sonra almanlar yenə də bizi təslim olmağa çağırdılar. Biz daha onları söymədik. Bu dəfə “okey” dedik. Nəhayət, almanlar üzə çıxanda, onların əyinlərinə ağ kamuflyaj geyindiklərini gördük. Bizim belə şeylərimiz yox idi. Mövsümdən asılı olmayaraq bizim hərbi formamız zeytun rəngində idi.

MÜXBİR

Almanlar nə dedilər?

VONNEGUT

Onlar dedilər ki, müharibə bizim üçün bitib. Bizim bəxtimiz gətirib. Artıq əmin ola bilərik ki, bu müharibənin gedişində sağ qalacağıq. Onların özləri barədə isə bu əminlikləri yoxdur. Çox güman ki, sonrakı bir neçə gün ərzində General Pattonun Üçüncü ordusu bu almanları ya öldürmüşdü, ya da əsir götürmüşdü. Taleyin qəribə qisməti.

MÜXBİR

Siz almanca danışa bilirdiniz?

VONNEGUT

Valideynlərimin almanca danışdığını çox eşitmişdim. Amma onlar mənə alman dilini öyrətməmişdilər. Çünki Birinci dünya müharibəsi zamanı Amerikada hər cür alman təzahürünə qarşı mənfi münasibət var idi. Bizi əsir götürənlərə bildiyim bəzi sözlərlə müraciət edəndə, onlar mənim alman əsilli olub-olmadığımı soruşdular. Mən “hə” deyəndə isə onlar mənim öz qardaşlarıma qarşı niyə savaşdığımı öyrənmək istədilər.

MÜXBİR

Bəs siz nə cavab verdiniz?

VONNEGUT

Bu sual mənə həqiqətən çox cahil və gülünc göründü. Mənim valideynlərim məni öz alman köklərimdən elə ayırmışdı ki, bizi əsir götürənlərin alman, ya boliviyalı, ya da tibetli olması mənim heç vecimə deyildi.

MÜXBİR

Sizi əsir götürəndən sonra Drezdenə göndərdilər?

VONNEGUT

Bəli, özü də bizi əsir götürən alman əsgərlərini gətirən dəmiryolu vaqonlarında. Bəlkə də bu vaqonlar yəhudiləri, qaraçıları, Yehova şahidlərini də ölüm düşərgələrinə daşımışdı. Bütün dəmiyol vaqonları eynidir, nə bilmək olar? Gecə ərzində ingilis bombardmançı təyyarələri bir neçə dəfə bizə hücum etdilər. Yəqin onlar bizi strateji mal hesab etmişdilər. Onlar bizim batalyonun zabitləri olan vaqonu vurmuşdular. Hər dəfə mən zabitlərə nifrət etdiyimi deyəndə yadıma düşür ki, mənim tabe olduğum zabitlərin heç biri müharibədən sağ çıxmayıb. Bunlar haradasa Milad ərəfəsində baş verib.

MÜXBİR

Nəhayət sizi Drezdenə gətirdilər.

VONNEGUT

İlk öncə Drezdenin cənubunda nəhəng əsir düşərgəsinə. Sıravi əsgərləri zabit və mülki əsirlərdən ayırdılar. Nuh əyyamından qalma Cenevrə konvensiyasına görə sıravi əsgərlər öz saxlanma xərclərini ödəmək üçün işləməli idilər. Mən sıravi olduğum üçün Drezdenə göndərildim, sıravi olmayanlar isə düşərgədə qalıb çürüyürdülər.

MÜXBİR

Bombardmandan öncə Drezden barəsində təəssüratlarınız necə idi?

VONNEGUT

Gördüyüm ilk əsrarəngiz şəhər idi. Heykəllər və heyvanat bağçaları ilə zəngin bir şəhər. Paris kimi. Biz sallaqxanada qalırdıq, sement-betondan inşa edilmiş yeni donuz pəyəsində. Bizim üçün orada taxtlar və saman döşəklər qoymuşdular. Biz hər səhər maya və sirop zavodunda muzdlu kimi işləməyə gedirdik. Bu sirop hamilə qadınlar üçün hazırlanırdı. Hava həyəcanı qalxanda hər dəfə başqa bir şəhərin bombardman edildiyini eşidirdik – gup, gup, gup, gup. Biz bombardman olunacağımızı heç ağlımıza gətirməzdik. Şəhərdə sığınacaqlar çox az idi, hərbi sənaye müəssisələri isə ümumiyyətlə yox idi. Sadəcə siqaret fabrikləri, xəstəxanalar, klarnet fabrikləri. Bir gün – 1945-in 13 fevralı idi – yenə hava həyəcanı qalxdı, biz yerin altında iki mərtəbə aşağı düşüb ət anbarında gizləndik. İçəri sərin idi, ətrafımızda heyvan cəmdəkləri asılmışdı. Biz anbardan bayıra çıxanda isə şəhər də yoxa çıxmışdı.

Drezden bombardmandan sonra, Fevral 1945
Drezden bombardmandan sonra, Fevral 1945

MÜXBİR

Bəs ət anbarında havanız çatmırdı?

VONNEGUT

Yox, anbar kifayət qədər geniş idi, bizimsə sayımız azdı. Bombardman da ilk baxışdan cəhənnəmə heç bənzəmirdi. Gup-gup. Onlar əvvəlcə partlayıcı maddələr atdılar, ardınca da yandırıcı maddələr. Müharibə başlayanda bu yandırıcı maddələr ayaqqabı qutusu boyda idi, Drezdenin bombardmanı zamanı isə onlar artıq xeyli kiçik idi. Bu kiçik yandırıcılar da bütün şəhəri yandırıb qurtardılar.

MÜXBİR

Siz sığınacaqdan çıxandan sonra nə oldu?

VONNEGUT

Bizim gözətçilərimiz aşağı rütbəlilər idi – serjant, kapral və dörd sıravi. Onlar əslən drezdenli idi, cəbhədə yaralanmış və daha rahat xidmət keçmələri üçün arxa cəbhəyə göndərilmişdilər. İndi onlar rəhbərsiz və şəhərsiz qalmışdılar. Onlar bizi bir neçə saat diqqətdə saxladılar, nə etməli olduqlarını özləri də bilmirdilər. Nəhayət, bizi xarabalıqlardan keçirib şəhər kənarında cənubi afrikalılarla bir yerə topladılar. Hər gün biz şəhərə gəlir, xarabalıqları qazıb zirzəmi və sığınacaqlardan meyitləri çıxarırdıq. Sanitar qaydalar belə tələb edirdi.

Bu sığınacaqlar bir qayda olaraq binaların zirzəmilərində idi, onlar eyni anda infarkt keçirib ölmüş sərnişinlərlə dolu tramvaylara bənzəyirdi. Sanki insanlar stulların üzərində oturmuşdu, amma əslində hamısı ölü idi. Alov qasırğası inanılmaz şeydir. Təbiətdə ona rast gəlinmir. Onun ortasında baş verən tornadolar onu qidalandırır və nəfəs almaq üçün hava belə qoymur. Bizim işimiz meyitləri bayıra çıxarmaq idi, sonra onları arabalara yükləyib parklara və açıq meydanlara daşıyırdılar, çünki yalnız orada bombardmandan sonra dağıntılar yox idi. Almanlar dəfn tonqalları qalamışdılar və meyitləri yandırırdılar ki, çürüyüb iylənməsin və xəstəlik yaymasın. Yüz otuz min meyit yerin altında gizlədilmişdi. Onları tapıb çıxarmaq lazım idi – bu, dəhşətli gizlənqaç oyunu idi. Alman əsgərləri xarabalıqlar ətrafında canlı kordon qururdu, biz meyitləri axtarırdıq, mülki əhalini isə bizə yaxın buraxmırdılar.

Bir neçə gündən sonra şəhərdən pis qoxu gəlməyə başladı. Onlar yeni metod ixtira etməli oldular. Zərurət ixtiranın anasıdır. Bu dəfə biz sığınacaqlara tələsik daxil olurduq, meyitlərin üzərindən bütün qiymətli əşyaları toplayırdıq və gözətçilərə təhvil verirdik. Dalınca əsgərlər odsaçan silahlarla sığınacaqların qapısında dayanır və meyitləri elə içəridəcə yandırırdılar. Qızıl və cavahiratı tez götür və içəridəkilərin hamısını yandır...

İngilis dilindən tərcümə: Əli Novruzov

XS
SM
MD
LG