Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:53

Ülviyyə Heydərova. Xəzərin dostu (Hekayə)


-

Yaradan «ol» deyəndən bəri yer üzünün dəniz məxluqları bir yerə toplaşmağa heç cür macal tapmırdı.

Həsrətdən cana gələn Xəzər daha dözə bilməyib özünə yaxın dənizləri başına yığıb onlarla hal-əhval tutmaq, dərdləşmək istədi. Söz yox ki, Xəzərə tökülən çaylar ona dostlarından ara-sıra xəbərlər gətirərdi.

Xəzər də təbriklərini, başsağlıqlarını balıqların köməyi ilə tez bir zamanda dost ünvanına göndərib onların sevinclərinə və yaxud da kədərlərinə şərik çıxardı. Balıqların bu çevikliyi Xəzərin keyfini yaman açırdı. Hər zaman onlara baxıb gürrələnər, Allaha yalvarardı ki, insanlara insaf payı verəndə xəsislik etməsin. Çünki sevimli balıqlarının nəslinin kəsilməsindən yaman qorxurdu.

Düzdür, Xəzər hərdən ləpələrini qayalara çırparaq üsyan qopardar, etiraz dalğasını göylərə qardırar, lakin ona məhəl qoyulmadığını görəndə başını yenə yetim tək aşağı salmaqdan savay əlacı olmazdı.

Xəzərin ürəyi yaman dolmuşdu. Balıqlarını səfərbər edərək, dostlarına xəbər göndərib görüşmək istədiyini bəyan etdi. Könlündən okeanlar keçsə də sözü yerə düşəcəyindən ehtiyatlanıb fikrindən vaz keçdi. Axı, əzəldən okeanlar həmişə özündən kiçiklərə yuxarıdan aşağı baxıb. Bəlkə də əllərində ixtiyarları olsaydı dənizləri çoxdan özlərinə qatardılar. Hər halda Xəzər belə düşünürdü və ona görə də okeanlarla yaxınlıq etmək fikrindən həmişə uzaq olardı.
Xəzər dostlarınının sabit iş qrafikinin olmadığını gözəl bildiyindən görüş vaxtını gecə yarısına təyin etdi. Dostlar dəvəti alan kimi onu məmnuniyyətlə qəbul edib dünyanı yuxuya verəndən sonra Xəzərin hüzuruna yığışmağa başladılar.
Bax, budur! Baltik dənizi «Baltik» pivəsi içə-içə, Aralıqsa Qara dənizlə qol-qola girib gəlir, Qırmızı dəniz ayağını çəkə-çəkə, Aral isə nəfəsi kəsilə-kəsilə Xəzərin yanına təşrif buyurur. Ağ, Şimal dənizləri uzaqdan dostlarını görcək əl edib yüyürməyə başladılar. Xəzər onlara heyrətlə baxıb sevincindən kövrəldi. Ayrılıq nə yamanmış?!
Dostlar aylı gecədə Xəzəri dövrəyə aldılar. Aralınsa yerindən qalxmağa taqəti yox idi. Bunu görən Xəzər Arala təəccüblə:
- Aral, bu sənsən? Nə yaman zəifləmisən? Ayaq üstə qurumusan ki?
Aral ləhləyə-ləhləyə:
- Ay Xəzər, sən Allah suyundan ver içim… Ürəyim yanır… Of!!! Su üzünə həsrətəm…
Aralın bu halına bütün dənizlər kövrəldi. Hərəsi öz suyunu ondan əsirgəmədi. Aral suyu acgözlüklə içir, yazıq doymaq bilmirdi.
Xəzər dostlarının arasında Sarı dənizi görməyəndə təəccüblə soruşdu:
- Bəs, Sarı hanı? Axı, ona da xəbər göndərmişdim.
Elə bu vaxt Ziyad balığı tövşüyə-tövşüyə gəldi:
- Əlahəzrət, bizə indi çatdırdılar ki, Sarı dəniz gələ bilməyəcək. Deyir, yaman azarlamışam.
- Yəqin, sarılığa tutulub?! - Şimal dənizi soyuqqanlıqla dilləndi.
- Nə olar, eybi yox. Gələn dəfə gələr…- Xəzər Şimala tərs-tərs baxıb dilləndi.
- Nə olsun ki, mən də xəstəyəm də,- deyə Qırmızı dəniz özünü ortalığa atdı- Mənim də ayaqlarımı duz bağlayıb. Amma gəldim. Çünki… Xəzər, üzünə demək olmasın, sənə çox böyük hörmətim var… Xətrini yaman istəyirəm.
- Çox sağ ol, ay Qırmızı! Sən məni lap utandırdın. Bir azdan sənin kimi qızarmağa başlayacam- deyə, Xəzər başını aşağı saldı.
Ağ dəniz:
- Xəzər, tərifləmək olmasın, ay işığında yaman gözəl görünürsən. Ağ olsam da əlinə su tökməyə dəymərəm!
- Eh, ay Ağ, qaranlıqda elə görünürəm. Bir gün gəl, gündüz mənə tamaşa elə, ürəyin ağrıyar. Elə çirkinləşmişəm ki… Eh… yaşım artdıqca, dərdim də çoxalır… Siz özünüz necəsiniz? Xəbərlərinizi mənə çatdırırlar. Ancaq dilinizdən eşitmək pis olmazdı.
Qara dəniz:
- Mənəm də… adım Qara, özüm qarabəxt. Elə bil Allah qara taleyimi qabaqcadan bilibmiş ki, adımı da Qara qoyub. Nə olsun ki, təbiət gözəlliyini məndən əsirgəməyib. Amma o dar boğazımki var ha, əsrlər boyu başıma bəla olub. Nə qədər qan tökülərmiş üstümdə. Az qalmışdım qan dənizinə çevriləm. İnan, bu qırğınlardan elə bezmişdim. Allaha gileylənirdim ki, niyə bu boğazı mənə qismət etdin? İndi şükür Allaha, ara sakitləşib. Day müharibə-zad yoxdur. O qədər gəmilər qəbul edib yola salıram ki, fit səsləri qulağımı batırıb. Başımı qaşımağa macal yoxdur…
- Sən necəsən, ay Aralıq? Gözümə yorğun görünürsən?
- Nə başını ağrıdım ay qardaş, mənim də ömrümün yarısı Qara kimi müharibələrdə keçib. Ətrafıma o qədər ölkə cəmlənib ki, qalmışam aralırında. Neçə vaxtdır ki, ürək tərəfim yaman əziyyət verir. Bilmirəm, nə edim ki, oralara əmin- amanlıq gedib çıxsın… Şimal, sən bilən, sülhün yolunu kim kəsir?
Şimal dənizi bu sualdan özünü itirən kimi oldu. Başını göyə qaldırıb diqqəti özündən yayındırmağa başladı.
Aralıq yenə də sözə başladı:
- Bircə, ürək tərəfim sağalsaydı, dərdim olmazdı. Qalan yerlərimdə isə çoxlu kurortlarım var… Bilirsən, o kurort sahiblərinə nə qədər xeyir verirəm…Bəs nə? Amma di gəl, gəmi gəzintilərindən yamanca yoruluram. Ağırlıqları üstümə düşəndə qorxuram ki, müvazinətimi itirəm.
-Sən Allah, ay Aralıq, bir az ayıq ol! Yoxsa camaat qırılar- deyə Xəzər dostunu ehtiyatlı olmağa səslədi.
- Yorğun olsam da, həyatım pis keçmir. Atlantiklə necə deyərlər, can bir qəlbdəyəm. Elə gələndə ona dedim ki, Xəzər qonaq çağırıb yanına gedirəm. Sənə salam göndərdi.
- Sağ olsun! Minnətdaram… Sən də salamımı çatdır!
Xəzər Arala baxıb onun vəziyyətini görəndə öz dərdini bir anlığa unutdu. Aralın danışmağa taqəti yox idi. Sakitcə dayanıb zəif baxışlarla dənizlərə həsrətlə baxırdı. Lakin özünü güclə toplayıb Xəzərə:
- Nə yaxşı elədin… bizi bir yerə yığdın.
- Bilirdim ki, sizlərlə görüşmək çətin məsələdir, amma bu istəyimdən vaz keçə bilmirdim. Sağ olun ki, gəldiniz.
Nərmənazik Qırmızı Baltik dənizinə baxıb heyrətlə:
- Baltik, bu qədər pivə içmək olar? Qorxmursan ki, axırın pis qurtarar?
- Sən mənim dərdimi çəkmə, öz pulumnan almıram ki… Şərəfimə pivə çıxarırlar, mənə də pay göndərirlər. Yaxşısı budur, gəlin, Ağı dinləyək.
Ağ dəniz üzünü Xəzərə tutub:
- Xəzər, sənə təşəkkür edirəm ki, məni də unutmamısan. Bilirsiz, adım Ağdır, amma elə bilməyin ki, elə ağ günə çıxmışam. İçim özümü yandırır, çölüm özgəni.
- Nə qədər olmasa da, başımıza gətirilən faciələrin yarı faizini çəkməmisən, elə deyil, Xəzər?- deyə Qara dəniz sözə qarışdı.
Xəzər dərin ah çəkdi.
- Bilirəm, amma Allah məni yerləşdirəndə gətirib dünyanın başına çıxardıb. Ona görə də ilin yarısını soyuqdan donub buz oluram. İnan ki, o zaman ömrüm, həyatım da üşüyür. Günəş işığına həsrət qalıram… Bu sualtı gəmilər də lap bezdirib məni. Ay balam, adam nə qədər suyun altında qalar? Aylarla narahatçılığıma səbəb olurlar. Balıqlarım da ki, əllərindən lap bezara gəliblər…
- Eh, sən ilin yarısını donursan, ancaq mən ilin on iki ayını istidən boğuluram. Bir tərəfim Ərəbistan, bir tərəfim də Afrika. İndi görün, mən yazıq bu istidən nələr çəkirəm. Pörtüb qızazıram. Üstəlik də andıra qalmış bu duzlar əlimi-ayağımı yığıb. Elə buraya da güclə gəlib çıxmışam.
Baltik dənizi üzünə ciddi görkəm verib sözə başladı:
- Bayaqdan sizləri dinləyirəm, heç eşitmədim deyəsiniz ki, ömrüm boyu rifah içində olmuşam. Hamımızın taleyi bir-birinə oxşayır. Hər kəs öz məqsədi üçün bizi zor gücünə əldə edir, qayğımıza qalmaqlarından da ki, söz açmağa dəyməz. Bizə rahatlıq, dinclik vermirlər. Belədən belə, elədən elə hər cür gəmilər gedir. Düzdür, sərnişin gəmilərini görəndə ürəyim açılır, özümdə bir sakitlik tapıram. Amma elə ki, qara qüvvələrin gəmiləri keçir, onda fırtına qopartmaq istəyirəm… Nə edim, vicdanım qəbul etmir… Bilmirəm, dalğalarımı necə ovsunlayırlarsa, öz işlərini elə rahatca görürlər ki... Şimal, sən yaxşı bilərsən, bu gəmilərin axırı necə olacaq? Hər halda onları sən də görürsən.
Şimal kefini pozmadan, ciddi-ciddi:
- Bunu zaman göstərər!- Ancaq üzünü Xəzərə çevirəndə süni təbəssümlə:
- Bizi yığmısan başına, amma heç özündən danışmırsan?- Şimal heç özündən bəhs etmək istəmirdi.
- Eh.. bu başım yaranan gündən bəlalar içində olub. Elə hər kəsin gözü məndədir. Deyirlər, göl olasan, amma dəniz hünərliyində. Şükür ki, gözə gəlmirəm. Ancaq halımı soruşan yoxdur ki, ay Xəzər, əhvalın necədir? Elə bil dünyayla yerim səhv düşüb: mən onun üstündə olmaqdan, o mənim üstümdədir. Elə hey qanımı çəkirlər. Ən acısı da odur ki, nə mən, nə də balıqlarım bu zənginliyimdən heç xeyir götürməmişik. Mən çirklənirəm, yazıq balıqlarımsa zəhərlənir. Hər dəqiqə mənimlə salamlaşan qağayılar, indi elə bil tanımırlar… Tanımazlar də… Zəhərli balıqlar nəylərinə lazımdır? Hər gün sahilimdə insanlar dolaşır. Onda elə utanıram ki… Heç istəmirəm bu halıma baxsınlar. Daha gözəlliyimə baxıb şənimə mahnılar, şeirlər də qoşmurlar… Qoşsalar da, o da elə-belə, xala-xətrin qalmasın… Əvvəl bir dərdim vardı, indi olub iki. Qanımı çəkməkləri az deyil, hələ üstəlik parçalamaq da istəyirlər.
Qara dənizin gözləri doldu:
- Can qardaş, səni parçalamağa necə əlləri gəlir?
Qırmızı dəniz heyrətlə:
- Yaxşı, səni parçalasalar, bəs onda, balıqlarının halı necə olacaq?
Xəzər dərdli-dərdli:
- Bilirəm, parçalansam, bu yaxşı olmayacaq. Axırda bir gün balıqlarımı da başıma yığıb üsyan qaldıracam… Fırtına qoparacam!
Xəzər elə bunu demişdi ki, gülərüzlü Günəş başını qaldırıb salamlaşdı. Günəşin xoş rəftarı Xəzəri bir anlığa hər şeyi unutdurdu. Xəzər fikrindən ayılanda bir sağına, bir soluna baxdı. Dostları yox idi. Sanki bir göz qırpımında qeyb olmuşdular. Xəzər elə zənn etdi ki, okean onları oğurlayaraq özünə qatıb. Fikirləşdi ki, bəs onu niyə oğurlamayıb? Nədənsə, bu fərziyəsinə inanmadı. Gözlərini yumub var gücüylə qışqırmağa başladı:
- Qaaaraaa, Şiiiimaaaal, Aaaaaaraaalll… haaardaaasıııız?
Xəzər yalnız öz səsinin əks-sədasını eşitdi. Yenə dostlarını haraylamaq istəyirdi ki, birdən kiçik daş parçası ona atıldı. Qəfil səs Xəzəri şirin yuxusundan elədi. O, gözlərini açıb ətrafına baxdı. Buxtanı, uzaqdan isə neft buruqlarını gördü. Xəzər bulvara nəzər yetirəndə bir ananın oğlunu əlindən tutub ona baxdığını gördü. Uşaq bir də Xəzərə daş atanda onu yuxudan kimin oyatdığını anladı.
Yenə də Xəzərin həmişəki səhəri başlandı. Buruqlarda neftçilər ora-bura qaçır, yataqlar öz işini görür, balıqçılarsa torlarını səhmanlayıb balıqların gəlişini gözləyirlər…


11.03.2005.

XS
SM
MD
LG