Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Şah İsmayılın şair olduğuna şübhə edən İranlılara!


Dilavər Əzimli
Dilavər Əzimli

-

“Şah İsmayıla daha çox çamur atanlar içərisində İran əsilli vətəndaşlar olduğundan, bu məqalədə İran tarixçilərinin əsərlərindən sitatlar verməyi qərara aldıq”.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun alimi Dilavər Əzimlinin Güntay Gəncalpın məqaləsinə cavabı.

Dilavər Əzimli

AZƏRBAYCAN BÜTÖVLÜYÜNÜN RƏMZİNƏ ÇEVRİLMİŞ ŞAH XƏTAİ

(Şah Xətai həm də orta əsrlərin görkəmli şairi idi)

Dünya tarixşünaslığında Azərbaycan Səfəvi dövlətinin ana dilinin Türk dili, səfəvilərin Türk mədəniyyətinin daşıyıcıları olduğu barədə yüzlərlə faktlar vardır.

Bunların hamısını sadalamağa başlasaq, bir məqaləyə sığışmayacaqdır.

Lakin Şah İsmayıla daha çox çamur atanlar içərisində İran əsilli vətəndaşlar olduğundan, bu məqalədə İran tarixçilərinin əsərlərindən sitatlar verməyi qərara aldıq.

Bəlkə bundan sonra Mənüçöhr Cavanşir (Güntay Gəncalp) kimilərinin ağzı yumula. Amma hesab edirəm ki, yumulmayacaqdır. Çünki onlarn əlləri başqalarının cibindədir.

Keçək mətləbə... İranın orta əsrlər üzrə məşhur tarixçisi Nəsrullah Fəlsəvi “Zindegan-i Şah Abbas əvvəl”in birinci cildində bunları yazır:

“Şah I İsmayılın tərəfdarları əsasən türkmən və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra o, İran (İran sözü coğrafi anlamda başa düşülməlidir. Çünki İran termini dövlət adı kimi 1936-cı ildən işlənib-D.Ə.) kökəninə və dilinə-millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini (müəllif burada farsları yerli əhali sayır. Əslində, farslar indiki İran ərazilərinə eradan əvvəl IX əsrdə gəlmişlər-D.Ə.) özünə tabe etmiş və onları türkmən olan Qızılbaş tayfalarının hakimiyyəti altına düşürmüşdür.

Şirin fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə o, Türk dilini İran sarayının rəsmi dili etmişdir. Hətta o, özü də yalnız türk dilində şeirlər yazırdı (Bu yerdə Mənüçöhr Cavanşirdən soruşmaq lazımdır ki, Şah Xətainin şeir yazmasını bu millətçi fars tarixçisi qəbul etdiyi halda, sənin kimi tarixdən xəbərsizlər hansı məntiqə əsasən qəbul etmirsiniz?-D.Ə.). Nəticədə bu yabançı dil (müəllif Türk dilinə nifrət etdiyindən onu yabançı adlandırır-D.Ə.) Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək o, və onun hakimiyyətindən sonra da sarayın rəsmi dili oalaraq qaldı.

Şah İsmayıl vilayətləri aldıqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş (Türkmən) rəisləri arasında paylaşdırırdı. Beləliklə, əsli və dili etibarıla Türk olan tayfalar İranın hər yerində yerli fars dilli iranlılar üzərində (əslində, Türklər yerli idi, lakin müəllif Türkə nifrət etdiyindən onları gəlmə kimi verir-D.Ə.) ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə meydana gəldi və bütün əsgəri və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam hünər və əzmətlə idarə etdi.

Buna görə də Səfəvilər dövründə şahların, İran şahənşahı adlandırmalarına rəğmən İran ölkəsinə Qızılbaş dövləti (Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında Türk dilində danışılırdı. Şah I İsmayıl Türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini Türk əsil-nəsəblərinə, əsil və nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksədə tutar, onları (iranlıları) həqarətlə tatlar və taciklər (olaraq) adlandırırdılar”.

Şah İsmayılın divanı
Şah İsmayılın divanı

Göründüyü kimi, İranın orta əsrlər üzrə məşhur tarixçisi türkləri sevməsə də, onlara həqarətlə baxsa da, Şah I İsmayıl haqqında obyektiv danışmağa məcbur olmuşdur. Onu buna məcbur edən isə Səfəvilərin Türk-Moğol mədəniyyətinin birbaşa daşıyıcıları olmaları idi.

Ümumiyyətlə, orta əsrlərdə Səfəvilərin Dünya tarixində görünmələri yeni bir hadisə idi. Bu mənada qardaş Türkiyənin orta əsrlər üzrə məşhur tədqiqatçısı Faruk Sümer yazır ki, “Səfəvi dövlətinin yaranması İslam və Türkiyə tarixində gerçəkdən mühüm bir hadisədir. İslam aləminin mərkəzində yeni bir aləmin meydana gəlmiş olmasıdır”.

Mürtəza Ravəndi özünün “İranın ictimai tarixi” adlı kitabının səkkizinci cildində “İranda milli dövlətin möhkəmlənməsində Səfəvilər sülaləsinin xidmətləri” adlı bəhsində yazır:

“Ehtimal edilir ki, Səfəvi xanədanının ana dili hesab olunan Türk dili Şah Abbas Kəbirin dövründə rəsmi saray dili olmuşdur”.

Zəbihullah Səfa “İran ədəbiyyatı tarixi” kitabının beşinci cildində Səfəvilərin ana dili barədə yazır:

“Şah İsmayılın ulu babası, yəni sufilərin rəhbəri Cüneyd ibn Sədrəddin İbrahim, Ağqoyunlu Türkmən sülaləsinin təsisçisi Uzun Həsən bayandurlu ilə birləşdi və onun bacısı Xədicə Bəyimlə evləndi. Həmin Türk xanımı Heydər adlı bir Türk oğlan dünyaya gətirdi və o, hicri 860-cı ildə atasının canişini oldu. Deyilənə görə, guya bundan sonra Səfəvi təriqətinin mürşidlərinin rəsmi ana dili Türk dili oldu. Şeyx Heydər öz dayısı qızı Bəyimağa ilə evləndi və bu izdivacın nəticəsində Şah İsmayıl dünyaya gəldi. O, Türk dilini öz ana dili hesab edirdi və bu dildə divan da yazmışdır”.

Güntay Gəncalp
Güntay Gəncalp

Zəbihullah Səfa Səfəvilərin hakimiyyətə gəlməzdən öncə və sonrakı dövrlərdə Səfəvi xanədanı arasında Türk dilinin dirçəlməsi və yayılmasına dair bəhslərində yazır:

“Sözü gedən dövrdə İran mədəniyyətinin süstləşməsi və fars dili və ədəbiyyatının zəifləməsinin səbəblərindən biri də türklərin və türkdilli xalqların İran mədəniyyətinə qələbə çalması ilə bağlıdır. Məsələ bundan ibarətdir ki, Səfəvi rəhbərlərinin öz müridləri ilə əlaqə yaratdığı dil istər-istəməz türk dili olmuşdur və kamil mürşidin öz türkdilli mürşid və silahdaşlarına çatdıracağı qərarlar yalnız Türk dili vasitəsilə həyata keçirilə bilərdi. Elə bu məsələ də Türk dilinin Səfəvilər sarayında saray dilinə çevrilməsinə səbəb oldu və sonadək də bu belə davam etdi”.

Səfəvi sülaləsinin öndərlərindən olan Şeyx Səfi özü Türk idi və fars dilini də bilirdi, amma onun canişinləri Türk dilindən başqa heç bir dildə danışmırdılar. Hətta Səfəvilərin silahdaşlarının da döyüş şüarları əsl və nəsəbləri kimi Azərbaycan türkcəsində deyilirdi. Onlar döyüş zamanı deyirdilər: “Qurban olduğum pirim, mürşidim”.

Səfəvilərin babası Şeyx Səfiəddin Ərdəbili bütün mənbələrdə bir Türk kimi çıxış edir. Buna sübut “Qara məcmuə” əsəridir. Həmin məcmuədə ona “ey Türkün piri” kimi mürciət edirlər. Vəfat edəndə də bildirir ki,”məni Türk kimi dəfn edərsiniz”.

İnayətullah Rza özünün “Azərbaycan və Aran” adlı kitabında Azərbaycandakı hakim Türk dili və mədəniyyətinə qarşı olan mənfi çıxışlarından sonra məcbur qalaraq belə bir məsələni də qeyd etmişdir ki, Türk dili hələ Səfəvilərin iqtidara gəlişinə qədər şəhər və kəndlərdə elə yayılmışdı ki, hətta Savə, Qum, Kərəc ətrafındakı bir çox kəndlərdə belə Türk dilində danışılırdı:

“Hicri X əsrin əvvəllərində (Azərbaycan Səfəvi dövlətinin yaranması ərəfəsində) Azərbaycanda Türk dili öz inkişafını istər şəhər, istərsə də şəhərdən kənar bölgələrdə davam etdirmiş və hamının danışıq dilinə çevrilmişdi”.

Təəssüflə qeyd edək ki, Pza şahdan başlayaraq Pəhləvilər dövründə Türk tarixinə qarşı bir hücum başladı və Səfəvilərin tarixi də təhrif edildi. Bu gün Güntay ləqəbli Mənüçöhr kimilər də onların mövqeyindən çıxış edərək ictimai rəyi çaşdırmaqla məşğuldurlar.

İran tarixçiləri çalışırdılar ki, Səfəvilərin milli mənsubiyyətini qeyri-türk kimi göstərsinlər. Onlar tarixi təhrif edərək ümumilikdə Azərbaycan xalqının dilini Azəri və ya İranın qədim pəhləvi dillərinə aid bir ləhcə olduğunu sübut etməyə çalışırdılar. Lakin onlar öz əsərlərinin bəzi yerlərində Səfəvi xanədanının Türk olduğunu da etiraf etmişlər.

Məsələn, Zəbihullah Səfa “İranın siyasi, ictimai və mədəni tarixinin xülasəsi” adlı digər bir əsərində Səfəvilər dövründəki fars dili və ədəbiyyatına dair bunları yazır:

“Səfəvilər dövründə fars dili və ədəbiyyatı bəzi cəhətdən tərəqqi, digər cəhətlərdən isə bir tənəzzül mərhələsi yaşamışdır. Buna səbəb Türk qəbilələrinin Azərbaycanda məskunlaşması idi. Bunun nəticəsi olaraq hicri IX əsrin sonunda Azərbaycanın əsas mərkəzi bölgələrində Türk dili danışıq dili idi”.

Bütün bunlar sübut edir ki, Səfəvilərin əcdadları Türk dilində danışırdılar. Onda Şah Xətai haqqında mübahisəyə yer qalmır.

İranın digər tarixçiləri Əbdülhüseyn Nəvayi və Abbasqulu Qəffari Fərd də Səfəvilər sülaləsinin ana dilinin Türk dili olduğunu yazırlar.

Milli dövlət səviyyəsində Türk dilinin işlənməsi və yazıların aparılmasının mənşəyi Cahan şah və Şah İsmayıl Xətai dövrünə aiddir. Zəbihullah Səfa İranda Səfəvilərin hakimiyyəti dövründə Türk dilinin hakim dil olması barədə yazır:

“Şah İsmayıl Türkmən tayfaları, o cümlədən Şamlu, Ustaclu, Zülqədər, Qacar, Əfşar, Türkmən, Rumlu, Bəyat, Cığataq və bir neçə digər türkmən tayfaları ilə birlikdə qiyam etdi və bu tayfaların hamısı türk dilli tayfalar hesab olunur.

Beləliklə, İranın digər bölgə və ərazilərində Türk dili və mədəniyyətinin inkişaf edərək yayılmasına münasib şərait yaranmış oldu və hətta Səfəvilər sülaləsinin süqutundan sonra belə bu proses öz inkişafını davam etdirdi. Səfəvilər hakimiyyəti dövrünün uzun müddət davam etməsi Türk dilinin yayılması və onun idarəçilik və hökumət istilahlarına nüfuz etməsi baxımından Teymurilər dövrünün və Ağqoyunlu və Qaraqoyunlu türkmənlərinin İranda qələbəsinin davamı hesab edilə bilər ki, bu da Türk dili və ədəbiyyatının Şeyx Səfiyəddin Ərdəbilinin canişinlərinin dövründə yayılması və inkişaf etməsinə səbəb olmuşdur.

Türk dili ləhcələri arasında Azərbaycan Türkcəsi Şah İsmayıl Səfəvinin dövründən etibarən möhkəmlənmiş və əhəmiyyətli bir ədəbiyyata malik olmuşdur. Bu dilin böyük şairlərindən biri kimi Səfəvilər dövlətinin təsisçisi Şah İsmayılın da adını çəkmək olar. Şah İsmayıl və onun övladlarının hakimiyyətləri dövründə sarayda Türk dilində yazan şair və salnaməçilər də mövcud idi. O cümlədən, Ustaclu tayfasından Yusif bəy, Narənci Sultan Yar Sultan oğlu, əslən Cığatay türkmənlərindən olan Yusif Bəy Tuşmal və Xorasan türklərindən Tufeyli Əbdal kimi şairlərin adlarını çəkə bilərik”.

İnayətullah Rza Şah İsmayılın dövrünə toxunaraq yazır ki, Türk dili bütün İran ərazilərində hakim bir dil idi:

“Səfəvilərin bütün işləri Türklərin əlində idi və onların sarayında, istər Təbrizdə, ustər Qəzvin və İsfahanda Türk dilində danışılırdı və bütün ləqəb və adlar, o cümlədən qardaş, yoldaş, əmioğlu, qapıçı, eşikağası. ismayılqulu, təhmasibqulu, elbəyi, elxani, bəylərbəyi, xanlarxanı, şeyxoğlu və bir çov buna bənzər oxşar adlar Türk dilində idi”.

Zəbihullah Səfa “Səfəvilərin hakimiyyətinin sonunadək İranın siyasi, ictimai və mədəni tarixi” adlı kitabının Səfəvilər dövründə fars dili və ədəbiyyatı bölümündə Səfəvi hökmdarlarına əsasən Türk dilinin əhəmiyyəti barədə yazır:

“Səfəvilər dövrünə aid qeyd olunması əhəmiyyət kəsb edən məsələlərdən biri də Səfəvi sultanlarının Türk dilinə xüsusi önəm verməsindən ibarətdir. Sözü gedən dövrdə əksər divan, saray və hərbi istilalar Türk dilində idi və dövlət adamları arasında danışıq dili məhz Türk dili olmuşdur”.

Azərbaycan Səfəvilər dövləti dönəmlərində Türk dilinin çiçəklənməsi və yayılması o dərəcəyə çatmışdı ki, fars dili bu dilin kölgəsində qalmış və bir çox Türk dilli sözlər o zaman fars dilinə keçmiş və yayılmışdır.

Zərrunkub Şah I İsmayıldan sonrakı hökmdarların iqtidarı dövründə də Türk dili və mədəniyyətinin aparıcı və üstün mövqedə olmasının davam etməsi barədə yazır:

“Şah I İsmayıl dövründə dövlət binası və saray Təbrizdə yerləşirdi, Şah I Təhmasibin dövründə isə paytaxt artıq Qəzvinə köçürüldü. Şah I Abbas iqtidara gəldikdə isə paytaxt İsfahana daşındı. Pyataxt və dövlət sarayının türkdilli bölgələrdən farsdilli məntəqələrə köçürülməsinə baxmayaraq, bu məsələ saraydakı hakim Türk danışıq ləhcəsinə təsir edə bilmədi. Belə ki, İsfahanda da böyük əmir və mənsəb sahibləri Türk dilində danışırdı və hətta İsfahanda Təbriz tacirləri üçün yaradılmış ticarət məhəlləsində belə danışıq Türk dili idi”.

Məni bu məqaləni yazmağa Güntay ləqəbli Mənüçöhrün Şah Xətaiyə atdığı çamurlar məcbur etdi. Artıq sözlərinin işə keçmədiyini görən Mənüçöhr indi də yazır ki, Şah Xətai şair olmamışdır. Bunula da vaxtilə özü Türk olan, amma Türkə qarşı çıxan Kəsrəvinin hərəkətlərin təkrarlayır. Bizə elə gəlir ki, bu məqaləni oxuyandan sonra vəziyyəti daha da ağırlaşacaqdır. Çünki ona vətəni İran olan (Cənibi Azərbaycan yox, məhz İran) tarixçilərin əsərləri ilə cavab hazırladıq.

Sonda onlardan bir-ikisinin də sitatlarını veririk. Bunlardan biri də Nəsirəddin şah Hüseynidir. O, “İranda mədəniyyət tarixçəsi” adlı kitabında Səfəvilər dövrünə də toxunmuşdur. Səfəvilərlə bağlı yazır:

"Sözü gedən dövrün (Səfəvilər dövrü) ədəbiyyatı barədə demək lazımdır ki, deyilənlərin əksi olaraq o dövr heç də ədəbi tənəzzül dövrü deyildir. Səfəvi hökmdarlarının şeir və şairlərə olan rəğbət və qayğısı həmin dövrdə şairlərin sayının artmasına səbəb olmuşdur. Şah I İsmayıl şəxsən özü “Xətai” təxəllüsü ilə Türk dilində şeir yazırdı. Şah I Təhmasib və Şah I Abbas da Türk dilində şeirlər yazmışlar; onlar təzkirələrdə qorunub saxlanılmış və günümüzə qədər gəlib çatmışdır. Şahzadələrdən Şah I İsmayılın oğlu Bəhram Mirzə ədəbiyyat və şeirin təbliğatçılarından olmuş və özü də Türk dilində şeirlər yazmışdır”.

Məqalənin sonunu orta əsrlər üzrə məşhur tədqiqatçılarından və Şah I İsmayılın şəxsi katiblərindən olan Bicənin “Tarixi-Şah İsmayıl Səfəvi” əsərindən sitatlarla qurtarmağı məqsəduyğun saydıq:

“O həzrət həyat və səltənəti zamanında rəiyyət və əlaltılarla ədalət və şəfqətlə rəftar edirdi. Onun qorxusundan heç kəs xalqın üzünə zülm qapılarını aça bilməzdi. Ömrü 38 il, hakimiyyəti isə 24 il çəkdi. O həzrət, döyüş meydanında xəncər vuran şirə, kef məclisində isə incilər yağdıran buluda bənzəyirdi. Səxavətinin çoxluğundan onun nəzərində yüksək əyarlı qızıl ilə qiymətsiz daş arasında fərq yox idi. Ali hümmət sahibi olduğundan dünyanın sərvəti belə onun bir günlük bəxşişinə çatmazdı. Buna görə də o şəhriyarın xəzinəsi çox vaxt boş idi. Ov etməyi çox sevərdi. Əmr etmişdi ki, kim şir xəbərini gətirsə ona yəhərli at, pələng xəbərini gətirənə isə yəhərsiz at verilsin. O həzrət elm və fəzilət sahiblərini hər cəhətdən himayə edirdi və çox gözəl şeir yazırdı. Türkcə və farsca divanları var... O zamanın əksər şairləri bu şəhriyarın şərəfinə çoxlu qəsidələr yazmışlar...”.

Məqalənin ərəsəyə gəlməsində mənə yardım etmiş Cənubi Azərbaycandan olan səfəvişünas. mili insanTurəc Qədimi Novriz oğluna təşəkkürümü bildirirəm.

Dilavər Əziml,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.

XS
SM
MD
LG