Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

İsmayıllıda turistlər üçün tərcüməçi tapılmır


Şagirdlər deyir ki, istilik sistemi olmadığından, qışda idman məktəbi fəaliyyətini tam dayandırır, 11 Avqust 2006
Şagirdlər deyir ki, istilik sistemi olmadığından, qışda idman məktəbi fəaliyyətini tam dayandırır, 11 Avqust 2006

Cemal Dalqıc istirahət etmək üçün İsmayıllı rayonuna Türkiyədən gəlib. Yay aylarında İsmayıllıda təkcə qonşu yox, dünyanın əksər ölkələrindən gələn turistlərə tez-tez rast gəlmək olur. Qonaqlara da sovet dövründən qalma mehmanxanalarla yanaşı, müasir otellər xidmət edir. Otellərin birində çalışan Rövşən deyir ki, indi ən ucuz mehmanxanalarda belə qaz, su, işıq problemləri minimuma endirilib. Yeganə problem xarici dil bilən işçilərin olmamasıdır: «Birtəhər əl-qol gücünə başa salırıq. Turistlər daha çox tarixi abidələrlə zəngin Lahıc kəndi ilə maraqlanırlar, orda da onlara ətraflı məlumat verəcək bir kimsə tapmırlar».


İsmayıllıda adama elə gəlir ki, təbiətin bu gözəlliyi içində yaşayanlar dünyanın ən bəxtəvər insanlarıdır. Amma yerli sakinlərin qanı qaradır. Onların dediklərinə görə, təkcə qonaqlar qalan mehmanxanalar məişət problemlərindən - qaz, su, işıq dərdindən azaddırlar. İsmayıllıda söhbətləşdiyim sakinlər deyirlər ki, indi rayonun təkcə kəndlərində yox, elə mərkəzində də yaşamaq çox çətindir.


Bu rayonda yerli əhalinin əsas dolanışıq mənbəyi alverdir. İsmayıllı şəhər bazarına qonşu Qəbələ rayonundan da al-verə gələnlər olur. Bazarda qiymətlər isə paytaxtdan heç nəylə fərqlənmir. Qiymətlərin bahalığından satıcılar da gileylidir. Deyirlər baha aldıqlarından baha da satmalı olurlar. Daha doğrusu baha təklif edirlər, əgər alan olsa...


Camaatın çətinliklərindən yerli icra hakimiyyəti orqanları da xəbərdar olduqlarını deyirlər. Rayon icra hakimiyyəti başçısının birinci müavini Pərviz Ağayevin bildirdiyinə görə, artıq kənd təsərrüfatı ilə məşğul olanların işini yüngülləşdirməyə başlayıblar. Müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş aqroservizin tikintisi başa çatıb və yaxın günlərdə istifadəyə veriləcək.


Rayona gələn turistlərin sayı ildən ilə artdığından icra hakimiyyəti yaxın vaxtlarda böyük turizm obyektlərinin tikintisinə başlamağı da planlaşdırır. Pərviz Ağayevin yerli sakinlərə başqa vədləri də var: «Rayonda su kanalizasiyası problemi mövcuddur. Yaxın günlərdə Göyçaydan şəhərə yeni içməli su xəttinin çəkilişinə başlanacaq. Bununla da əhalinin su problemi aradan qaldırılacaq. Şəhərə yeni qaz xətti də çəkiləcək. Qış ayları başlayanadək əhalini qazla da təmin edəcəyik».


Bu günlərdə İsmayıllı rayonunda yeni idman kompleksinin də tikintisinə başlanacaq. Hələlik yerli idmansevərlər rayonun mərkəzindəki Uşaq Gənclər İdman Məktəbində məşq edirlər. Məktəbin direktoru Nəriman Alıyev deyir ki, məktəbin üzvlərinin sayı günbəgün artsa da, burdakı imkanlar çox məhduddur: «Stadionumuz, üstüörtülü zallarımız, lazımi ləvazimatlarımız yoxdur. İstilik sistemi olmadığından, qışda fəaliyyətimizi tam dayandırırıq».


Amma İsmayıllıya dincəlməyə gedənlər bu çətinlikləri o qədər də hiss etmirlər. Tək ona görə yox ki, İsmayıllı camaatı qonağını çox istəyib, onlara hər şəraiti yaratmağa çalışır, həm də ona görə ki, rayonun mərkəzində az qala adam özünün paytaxt Bakıdakı kimi hiss edir.


Tanrının bu rayona verdiyi gözəl təbiətə insanlar da gözəl yollar əlavə ediblər. Əksər yollara təkcə asfalt döşənməyib, həm də küçələri işıqlandıran xətlər yenilənib, yolların kənarlarına içməli su kranları çəkilib. Həmin xətlərə işıq və su da verilsə, İsmayıllı lap Parisi xatırladardı…


XS
SM
MD
LG