Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:08

Azad İsazadə: «Leyla Yunus vəsiyyət edib»


Leyla Yunus
Leyla Yunus

-

Hazırda həbsdə saxlanan hüquq müdafiəçisi Leyla Yunusla ailəvi dostluğu olan, hərbi ekspert Azad İsazadə noyabrın 25-də onunla telefonla danışıb.

Azad İsazadə «Turan»a deyib ki, səhhəti pisləşən Leyla Yunus ona ölümdən danışıb, vəsiyyət edib:

«Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Anasının qəbrinin harada olduğunu başa saldı. Vəsiyyət etdi ki, bir gündən artıq yas olmasın».

Azad İsazadənin dediyinə görə, Leyla Yunusun vəziyyəti gündən-günə pisləşir. O, Leyla Yunusun mədəsində kəskin ağrılar olduğunu və onun 12 kiloqram arıqladığını söyləyib:

«Dişləri, saçları tökülür. Şəkəri, təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları şişib».

LEYLA YUNUS HƏLƏ GÜCÜNÜN OLDUĞUNU DEYİB

Azad İsazadə Leyla Yunusda «Hepatit-C» virusunun aktivləşdiyini və onun qaraciyərindəki proseslərin sirroza apardığını ehtimal edir. Onun bildirdiyinə görə, Leyla Yunus ilin sonuna qədər yaşayacağına ümid etmir:

«Dedi ki, hələ gücü var, vəkilləri ilə görüşlərə gedir, amma tezliklə bunu da edə, hətta telefona da yaxınlaşa bilməyəcək».

Azad İsazadənin dediyinə görə, Leyla Yunus bildirib ki, onu sındırmaq, yolundan döndərmək istəyirlər:

«Amma Leyla Yunus dedi ki, mən bütün ömrümü bu işə həsr etmişəm, bu yoldan qayıtmağı lazım bilmirəm. Telefon söhbətində o, həddindən artıq emosional idi, qızını unutmamağı xahiş etdi, həyat yoldaşı Arifin vəziyyətindən narahatlığını bildirdi».

Azad İsazadə
Azad İsazadə

«QORXURAM Kİ, QƏRAR QƏBUL ETMƏK ÜÇÜN VAXT QALMASIN»

«Turan» agentliyinin «Beynəlxalq ictimaiyyətin çağırışlarını nəzərə alaraq, hakimiyyətin ilin sonuna qədər Leyla və Arif Yunusları azad edəcəyinə inanırsınızmı» sualına Azad İsazadə belə cavab verib:

«Düzünü desəm, Leylanın son zənginə qədər inanırdım, ümidim var idi. Dünənki zəngdən sonra isə qorxuram ki, qərar qəbul etmək üçün vaxt qalmasın. Qorxuram ki, o, azad edilənə qədər yaşamasın. Leylanın ölümü Azərbaycanın imicinə ciddi zərbə olardı».

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.

Son vaxtlar müdafiəçiləri diabet xəstəsi olan Leyla Yunusun səhhətinin ağırlaşdığı haqda məlumatlar yayırlar. Həmin məlumatlarda hətta Leyla Yunusun qaraciyərində parçalanmanın başladığı da bildirilib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi bu xəbərləri təkzib edib. Təkzibdə qeyd olunub ki, Leyla Yunusun vəziyyəti stabildir, onun səhhətində, eləcə də qaraciyərində heç bir problem yoxdur.

XS
SM
MD
LG