Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:29

Mərkəzi Banka 141 metrlik yeni bina tikilir


Mərkəzi Bankın yeni - 141 metrlik inzibati binasının eskizi
Mərkəzi Bankın yeni - 141 metrlik inzibati binasının eskizi

-
10 iyul, 2015-ci il – yerli mətbuat icmalı.

İlham Əliyevin İtaliya səfərinin pərdəarxası

«Yeni Müsavat» qəzeti prezident İlham Əliyevin İtaliyaya - TAP-ın strateji ölkəsinə səfərinin pərdəarxası məqamlarından yazır.

«Avropanın qaz bazarı uğrunda Rusiya ilə Qərb arasında gedən mübarizənin getdikcə açıq qarşıdurmaya, bu layihələrdə iştirak etmək istəyən ölkələrin hökumətləri üçün isə ciddi problemə çevriləcəyi barədə proqnozlar tam doğruldu. Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) qarşı Rusiyanın «Türk axını» layihəsini reallaşdırmaq istəyi son aylar bu gərginliyi nəzərəçarpacaq həddə artırmışdı».

Qəzet yazır ki, Rusiya Azərbaycan qazının Avropa bazarına çıxışını əngəlləməyə çalışır. «Türk axını»nın faktiki dondurulmasından sonra Rusiyanın aqressiyasının artacağı gözləniləndir. Mümkündür ki, Kreml Qərbdən acığını çıxmaq üçün TAP-da iştirakçı dövlətləri, ən asası Azərbaycanı müxtəlif vasitələrlə təhdid etsin. Hətta acıqlı Rusiya Qarabağda cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək istəyə də bilər».

İlham Əliyev İtaliyada rəsmi səfərdə, iyul, 2015
İlham Əliyev İtaliyada rəsmi səfərdə, iyul, 2015

«Türk axını»nın qaranlıq taleyinin müzakirə edildiyi bir vaxtda Azərbaycan rəhbərinin İtaliyaya işgüzar səfəri diqqət çəkir. Məlumdur ki, İtaliya TAP layihəsinə ciddi önəm verən ölkələrdəndir. Böyük ehtimalla prezidentin İtaliya rəsmiləri ilə görüşündə əsas müzakirə mövzusu TAP-la bağlı olacaq»-deyə qəzet yazır.

HAKİMİYYƏTİN YENİ KORRUPSİYA LAYİHƏSİ

«Azadlıq» qəzeti «hakimiyyətin yeni korrupsiya layihəsi»ndən yazır.

Qəzet yazər ki, böhranın dərinləşdiyi vaxtda Mərkəzi Banka 141 metrlik yeni inzibati bina tikirlər:

«Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq. Nəzərə alsaq ki, hündürlüyü 126 metr olan Dövlət Neft Fondunun binası 85 milyon manata başa gəlib, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi söyləmək olar».

Azərbaycan Mərkəzi Bankının indiki binası
Azərbaycan Mərkəzi Bankının indiki binası

Qəzet qeyd edir ki, ekspertlər iri infrastruktur layihələrin hakimiyyət üçün korrupsiya mənbəyi olduğunu əsas gətirərək Mərkəzi Banka yeni inzibati binanın zərurətini də bununla izah edirlər. «Ekspertlər həmçinin bildirir ki, xüsusilə indiki şəraitdə, neftin ucuzlaşması ilə iqtisadi böhranın yarandığı, iş yerlərinin qapandığı, dövlət qurumlarında kütləvi ixtisarların olduğu, neft pullarının tükəndiyi bir vaxtda bu cür layihələr yolverilməzdir».

«ERMƏNİSTAN LEYLA VƏ ARİF YUNUSU GÜLLƏLƏSƏYDİ...»

«Avropanın Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv, düzgün olmayan mövqeyi ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yeritməsin, onların diktəsi ilə nələrisə həyata keçirtsin. Onlar istəyir ki, Azərbaycan Rusiya əleyhinə bloka qoşulsun».

Modern.az saytına müsahibəsində Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov belə deyib.

Siyavuş Novruzov, millət vəkili (arxiv fotosu)
Siyavuş Novruzov, millət vəkili (arxiv fotosu)

Bu ilin noyabr ayında ölkədə keçiriləcək parlament seçkilərinə də toxunan millət vəkili deyib ki:

«Avropa Şurası və ATƏT-in Azərbaycana göndərəcəyi nümayəndə heyətinin tərkibində ermənipərəst qüvvələr də var.

Ermənistanla sıx əlaqəsi olan, dəfələrlə işğal altındakı Qarabağa gedən şəxslərin Azərbaycanda seçkiləri monitorinq etmək üçün göndərilməsində hansı ədalətdən, hansı obyektivlikdən, hansı düzlükdən söhbət gedə bilər?»

Millət vəkili Leyla və Arif Yunusun həbsindən də danışıb:

«Leyla Yunus kifayət qədər Müdafiə Nazirliyi sistemində işləyib. Bir çox informasiyaları bilib. Mən demirəm ki, o, hər şeyi Ermənsitana deyib... İkincisi o, qanunu pozub. Ermənistana rəsmi şəxslər hər hansı bir beynəlxalq toplantıda iştirak etmək üçün gedə bilər. O da sırf hər iki ölkənin qarantiyası əsasında baş tutur. Tutaq ki, Azərbaycan vətəndaşı kimi Ermənistan Leyla və Arif Yunusu güllələyərdi və yaxud girov götürərdi, bu zaman hadisəyə görə kim məsuliyyət daşıyacaqdı? Bunu düşünmək beləmi çətindir?!»

«MİNSK QRUPU ATƏT-İN NÖVBƏTİ UĞURSUZLUĞUDUR»

«Minsk qrupunun həmsədrləri eyni tərkibdə qaldıqca, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyiş olması inandırıcı deyil». Yap.org.az-in yazdığına görə bu fikri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, həmsədr dövlətlərin işğalçı Ermənistanla çox yaxşı münasibətləri var. Onun sözlərinə görə, bu dövlətlər ermənilərə ciddi dəstək verirlər.

«Minsk qrupunun belə fəaliyyəti ATƏT-in növbəti uğursuzluqlarından biridir. Baxmayaraq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, amma bir sıra Avropa dövlətləri ölkəmizə qarşı səmimi deyil»- deyə, A.Mustafayeva vurğulayıb.

XS
SM
MD
LG