Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:41

Hər şeyi bilən təhkiyəçi dəbdən düşüb


- Gənc yazarlar üçün "Yazmaq sənəti" rubrikasında bu həftə Glen C. Strathy'nin yazısını təqdim edirik.

Nəqletmə perspektivləri

Hekayətiniz üçün düzgün təhkiyə (nəqletmə) üsulunun seçilməsi vacib məsələdir. Siz hansı perspektivi seçsəniz, oxucunuz da bu hekayəni o perspektivdən qavrayacaq.

Biz yazmağa başlayanda sevdiyimiz kitabların təhkiyə üsuluna bənzər təhkiyəylə yazırıq. Çünki beynimiz həmin təhkiyə üsuluyla uzun müddət vaxt keçirib, bu, bizə tanış və rahat üsuldur.

Amma sırf sevimli yazıçın bu və ya digər təhkiyə üsulundan istifadə edirsə, bu o demək deyil ki, sənin üçün də kitabını həmin üsulla yazmaq yaxşı olacaq.

Eyni bir hekayəti bir neçə təhkiyə üsuluyla yazmağı sına, bəlkə başqa üsul yazmaq istədiyin hekayətə daha güclü həyat verəcək.

Gəlin ən əsas təhkiyə üsullarını nəzərdən keçirək. Təhkiyə üsulları bir neçə cəhətə görə təsnif edilir.

Zamana görə (keçmiş, indi, gələcək). Gələcək zamanda yazılan romanlar nadir hadisədir.

Şəxsə görə (birinci şəxs və ya “mən”, ikinci şəxs və ya “sən”, üçüncü şəxs və ya “o”). İkinci şəxsin dilindən yazılan təhkiyə nadir hadisədir.

Nəzər nöqtəsinə görə. Hər şeyi bilən təhkiyəçi və məhdud təhkiyəçi bir-birindən fərqləndirilir.

Gəlin nəzər nöqtəsinə görə qruplaşdırılan təhkiyə üsullarından başlayaq. Çünki nəzər nöqtəsi təhkiyə üsullarını bir-birindən fərqləndirmək üçün daha əlverişli açardır.

Üçüncü şəxsin məhdud təhkiyəsi bir çox hallarda təhkiyə üçün qızıl standartdır, bu üsul hər şeyi bilən təhkiyə və birinci şəxsin təhkiyəsi üsulları arasında qızıl ortadır.

A. Hər şeyi bilən təhkiyəçi perspektivi.

Son onilliklərdə hər şeyi bilən təhkiyəçi (omniscient narration) üsulu dəbdən düşüb, amma o, bir çox hekayə və romanların standart təhkiyə üsuludur.

Bu, Tanrıya bənzər, hər şeyi bilən, hər şeydən xəbərdar olan, amma hekayənin dünyasında tərəf olmayan bir təhkiyəçidır.

Hər şeyi bilən təhkiyəçi hekayəni və ya romanı obyektiv nəql edir; bəzi yerlərdə baxış bucağını, fokusunu dəyişdirə bilər. Sanki bu təhkiyəçinin hekayənin dünyasında çoxlu yerlərdə quraşdırılmış səyyar kamera və mikrofonlara girişi olur.

Hər şeyi bilən təhkiyəçinin elə yazıçının özü olduğunu düşünmək olar. Bu üsulla yazılan hekayə və ya romanlarda yazıçı şəxssiz bir avtoritet maskası taxır.

Hər şeyi bilən təhkiyənin xüsusiyyətləri:

- Adətən üçüncü şəxsdə və çox vaxt keçmiş zamanda yazılır.

- Obyektivlik. Oxucu bu zaman özünü hekayənin xarakterlərindən birinin yerində yaşamış kimi hiss etməkdənsə, xarakterlərə (qəhrəmanlara) və ya hadisələrə baxmış kimi hiss edir.

- Bu cür təhkiyə üsulu oxucuya geniş perspektiv verir, çünki təhkiyəçinin hekayə dünyasında hər yerə getmək, görmək imkanı olur.

- Təhkiyəçi etibarlı olur. Arxayın ola bilərsən ki, o, nə nəql etdiyini bilir və səmimidir. Hadisələrlə əlaqə yalnız o hadisələri danışanın gözülə mümkün olduğundan, heç bir halda oxucunun əlində təhkiyəçinin hadisələrə baxışı ilə razılaşmamaq imkanı yoxdur.

- Dramatik ironiya. Oxucu baş qəhrəmanın özünün də bilmədiyi şeyləri bilə bilir, çünki təhkiyəçi qəhrəmanın olmadığı səhnələri də təsvir edə bilir, onun bilmədikləri haqda da məlumat verir.

Hər şeyi bilən təhkiyənin əlverişsiz tərəfi:

- Şəxssizlik. Oxucu hər hansı xarakterlə (məsələn, baş qəhrəmanla) əlaqə olmadığına görə çatışmazlıq hiss edir.)

B. Məhdud perspektiv

Günümüzdə bir çox romanlar bir xarakterin perspektiviylə məhdudlaşan təhkiyə üsulunda yazılır.

Bu, adətən Dramatikanın “baş qəhrəman” deyərək “protaqanist”dən fərqləndirdiyi xarakterin nəzər nöqtəsi olur.

Baş qəhrəman protaqonist də ola bilir, amma baş qəhrəman protaqonistdən fərqlənə də bilər. Məsələn, “Böyük Getsbi”də Getsbi protaqonistdir, amma hekayə Nikin nəzərindən danışılır ki, həmin Nik baş qəhrəmandır.

Bir çox təhkiyə üsulları məhdud kateqoriyasına daxildir:

1. Üçüncü şəxsdə yazılmış məhdud təhkiyə.

Üçüncü şəxsdə yazılmış məhdud təhkiyə xeyli dərəcədə hər şeyi bilən təhkiyəçi üsuluna oxşayır, yalnız belə təhkiyə şəxssiz avtoritet maskası taxmış yazıçının deyil, baş qəhrəmanın nəzərindən nəql olunur.

Oxucu yalnız baş qəhrəmanın bildiklərini, qavradıqlarını qavrayır və yalnız baş qəhrəmanın fikir və hisslərilə məhdudlaşmalı olur.

Başqa xarakterlərin başlarının içində baş verənlər (onların nitqi, hərəkətləri, üz ifadələri, jestləri və s.) bizə yalnız baş qəhrəmanın onlar haqda bildikləri əsasında aydın olur

Üçüncü şəxsin məhdud təhkiyəsinin əsas xüsusiyyətləri:

- Üçüncü şəxsdə, adətən keçmiş zamanda yazılır (indiki cə gələcək zamanda da yazıldığı olur)

- Baş qəhrəmanın nəzər nöqtəsilə məhdud olur.

- Bu üsulla yazanda baş qəhrəmanla oxucu arasında daha intim əlaqə yaranır, nəinki hər şeyi bilən təhkiyəçi dilindən danışılan hekayədə.

- Dramatik ironiya mümkün deyil, çünki oxucu baş qəhrəmanın düşünə və ya qavraya bilmədiyini öyrənə bilmir.

- Belə təhkiyə ümumən etibarlı təhkiyədir, yəni oxucu danışılanlara inana bilər. Amma əlbəttə, baş qəhrəman başqa xarakterlər haqda yalan danışa və ya məsələləri yanlış da şərh edə bilər.

Üçüncü şəxsin məhdud təhkiyəsi bir çox hallarda təhkiyə üçün qızıl standartdır, bu üsul hər şeyi bilən təhkiyə və birinci şəxsin təhkiyəsi üsulları arasında qızıl ortadır.

2. Birinci şəxsdə, keçmiş zamanda yazılmış təhkiyə

Birinci şəxsin təhkyəsi bu gün çox geniş yayılıb. Baş qəhrəman keçmiş zamanda öz hekayəsini birbaşa oxucuya nəql edir.

Oxucu belə təhkiyədə sanki baş qəhrəmanla yanaşı oturmuş olur, baş qəhrəman ona öz həyat hekayəsini danışır.

Birinci şəxs, keçmiş zaman təhkiyəsinin əsas xüsusiyyətləri:

- Birinci şəxsdə və keçmiş zamanda (adətən) yazılır.

- Baş qəhrəman özünə “mən” deyə müraciət edir və bəzi hekayələrdə oxucuya da “sən” deyə müraciət edir.

- Burada da məhdudluq var, çünki baş qəhrəman oxucuya nəyi deyib-deməyəcəyini özü seçir.

- Oxucu baş qəhrəmanla yaxın münasibətdən zövq alır. Oxucu hətta sevinir ki, baş qəhrəman ona bu qədər şəxsi məlumatı verəcək qədər inanır.

- Təhkiyə etibarsız ola bilər. Çünki baş qəhrəman danışdıqlarını pis yadda saxlamış ola bilər, oxucuya yalan danışa bilər, detalları buraxa bilər, özünü yanlış təqdim edə bilər və s.

- Dramatik ironiyaya yer yoxdur, çünki baş qəhrəman oxucuya yalnız nə bilirsə onları deyir

Birinci şəxs, keçmiş zamanda yazılmış təhkiyəsinin pis tərəfləri:

Oxucu asanlıqla baş qəhrəmanın sağ olduğunu düşünür, yoxsa o, bu hekayəni danışa bilməzdi. Əlbəttə, istisnalar var. Məsələn, baş qəhrəman hekayəni qəbirdən nəql edir. Amma belə şeylər bir az zarafat, adamaldatdı təsiri bağışlayır.

3. Birinci şəxs, indiki zamanda yazılmış təhkiyə

Bu variantda baş qəhrəman hadisələri başına gələn anda nəql edir. Burada oxucu baş qəhrəmanın şüurunda ümumiyyətlə mövcud olmur.

Birinci şəxs, indiki zaman təhkiyəsinin xüsusiyyətləri:

- Hekayə birinci şəxsdə, indiki zamanda yazılır.

- Oxucu yalnız baş qəhrəmanın qavrayışıyla məhdud olur.

- Baş qəhrəman hadisələrə reaksiya verə bilmir, çünki onlar indi - bu an baş verir.

- Təhkiyəçi etibarlı olur. Baş qəhrəman öz-özünə danışırmış kimi görünür, onun yalan danışmadığını düşünmək olar. Amma o, yaşadıqlarını yanlış şərh etmiş da ola bilər.

- Dramatik ironiya olmur.

- Oxucuyla baş qəhrəman arasında yüksək intimlik olur. Oxucu özünü avtomatik olaraq, baş qəhrəmanın yerinə qoyur.

C. Bəzi başqa təhkiyə üsulları

Xarakter-təhkiyəçilər

Xarakter-təhkiyəçilərinə birinci şəxs təhkiyə və hər şeyi bilən təhkiyə üsullarının variasiyası kimi baxmaq olar.

“Xarakterin təhkiyəsi” deyərkən baş qəhrəmanın yox, kiçik qəhrəmanlardan birinin – hekayədə kiçik, yaxud epizodik rol oynayan bir qəhrəmanın təhkiyəsini nəzərdə tuturam. O, nə baş qəhrəmandır, nə də protaqonist.

Təhkiyəçi etibarsız ola bilər. Baş qəhrəman kimi xarakter-təhkiyəçi də oxucuya yalan danışa bilər, baş verənləri yanlış şərh edə bilər.

Multi-perspektivli təhkiyə

Bəzi romanlar birdən artıq xarakterin dilindən nəql olunur. Əslində bu, romana bir çox baş qəhrəmanlar verir.

Bu üsulla yazanda dramatik ironiya mümkün olur, çünki oxucu bir xarakterin bildiyi şeyi başqa xarakterin bilmədiyini öyrənir.

Bu üsulun əlverişsiz cəhətləri

- Müxtəlif nəzər nöqtələrindən danışan xarakterlər çoxaldıqca oxucunun bu xarakterlərdən hər hansı birilə əlaqəsi zəifləyir.

- Həddən artıq xarakterlərin nəzər nöqtələrindən danışılan hekayə hər şeyi bilən təhkiyəçinin danışdığı hekayə kimi alınır.

- Yazıçı kimin nəzər nöqtəsinin danışıldığını hər dəfə aydın etməli olur.

Bunlardan başqa, epistolyar, şüur axını kimi təhkiyə üsulları da var. Amma biz əsas təhkiyə üsulları haqda danışdıq, onların əsas xüsusiyyətlərini göstərdik.

XS
SM
MD
LG