Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

Qohumlarınızı yazınızın qəhrəmanı etmisinizsə, qorxmayın


Sevinc Elsevər
Sevinc Elsevər

- Gənc yazıçıların sevdiyi "Yazmaq sənəti" rubrikasında xarici yazıçıların məsləhətlərinə bir aylıq fasilə veririk. Bir sıra çağdaş Azərbaycan yazarlarının da gənclərə məsləhətləri var.

Şairə Sevinc Elsevərin məsləhətləri:

1. Sizə təsir edən hər hansı hadisəni, yaxud əhvalatı dərhal yazmağa çalışmayın. Çox vaxt tələskənlik sizi uğursuzluğa düçar edə bilər. Bəzən sizə bu gün təsir edən hadisəni sabah heç xatırlamırsınız da.

Hətta xatırlamağa çalışsanız da, xatırlamırsınız. Demək, gözəl bir şeirə, ya hekayəyə dönüşəcək qədər deyilmiş. Təəssüf etməyin.

2. Əgər siz ağlınıza gələn hər hekayəni, hər şeiri unudursunuzsa, deməli yaddaşınızda problem var, bir qeyd dəftəri gəzdirməyiniz məsləhətdi. Mənim 1-ci məsləhətimi də unutmağınız.

3. Yazarkən mütləq deyil ki, anlatdığınız hekayədə dəhşətli faciələrdən danışasınız. Dünyada dəhşətli hadisələrdən bəhs edən kitablar, filmlər zatən çoxdur. Adi həyati hadisələrdən də gözəl ədəbiyyat yaratmaq olar.

4. Hiss edirsiniz ki, içiniz doludur. Bir şey yazmaq istəyirsiniz. Amma gücünüzü kifayət qədər toplaya bilmirsiniz. Əsəbləriniz lap pozulub. Durduğunuz yerdə ev adamlarının, dostlarınızın qəlbini qırırsınız.

Rahatlamağınız üçün yazmağınız lazımdır. Amma yaza bilmirsiniz. Köklənə bilmirsiniz. Mütləq gözəl bir film seçin. Çox təsirli olsun. Yaxud əvvəllər yazdığınız şeirləri, hekayələri vərəqləyin. Köklənəcəksiniz.

5. Əgər uşaq ədəbiyyatı ilə məşğul olmaq üçün sifariş almısınızsa, bu elə də çətin deyil. Hər bir böyük adamın içində nağıllara inanan balaca uşaq var.

İçinizdəki o uşağı oyatmaq üçün uşaqlığınızda oxuduğunuz nağılları vərəqləyin, cizgi filmlərinə baxın. Türklər demişkən, odaklanın. Sonra yazdıqlarınızı bizim nəşrə gedəcək yeni uşaq jurnalımıza – “Yemlik” jurnalına göndərin.

6. Yazdığınız hekayələrdə dialoqların gerçəkçi olmağını istəyirsiniz, o zaman xarakter yaratmağa çalışın. Xarakter tapmaq elə də çətin deyil.

O, sizin yan qonşunuz, yaxud atanız, ya da atanızın dostu, anasının rəfiqəsi ola bilər. Xarakteri yarada bilsəniz, dialoqlar da düzələcək.

7. Qohumlarınızı yazınızın qəhrəmanı etmisinizsə, qorxmayın. Adlarını belə, doğru verin. Rahat olun. Onu əbədiyyətə salırsınız. Sizə təşəkkür etməlidir. Qüsurlarını görüb inciməməlidir. Komplekssiz olun.

8. Səhərlər işləməyə üstünlük verirəm. Səhərlər yatıb dincələn beyin yaxşı işləyir. Amma siz başqalarının filan saatda, günün filan vaxtında yazın söhbətlərinə qulaq asmayın.

Rahat olun. Unitazda oturanda, avtobusda gedəndə belə, şeir yaza, yazacağınız hekayənin skeletini qura bilərsiniz.

9. Yazdığın şeir, ya hekayəni ikinci dəfə oxuyanda əvvəlki kimi təsir etmir? İnanın ki, bu hamıda belədir. Pozmağa tələsməyin. Zövqünə inandığınız bir adama oxumağa verin.

10. Nəhayət, əgər sizdə yazmaq alınmırsa, bu dünyanın sonu deyildir. Mütləq sizə zövq verəcək başqa işlər də vardır. İçinizdəki istedadı kəşf etməyə çalışın.

11. Məsləhətli don gen olar. Amma siz əyninizin ölçüsünü özünüz başqalarından daha gözəl bilirsiniz, əminəm.

XS
SM
MD
LG