Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:06

Ziya Məmmədov yarım milyardlıq borc bataqlığında


İlham Əliyev və Ziya Məmmədov.
İlham Əliyev və Ziya Məmmədov.

-

Oktyabrın 6-da «Azadlıq» qəzetinin baş məqaləsi belə adlanır.

Qəzet son zamanlar mətbuatın diqqətində olan nəqliyyat naziri Ziya Məmmədovdan yazır: «Nəqliyyat naziri yarım milyard manat kredit borcuna görə hədəfə gəlib. İddialara görə, bu vəsait Beynəlxalq Bankdan götürülüb. Ziya Məmmədov həmin vəsaiti «Azərinşaatservis»in qurulmasına sərf edib.

«Azərinşaatservis» üçün bu vəsait hesabına 6000 adda texnika alınıb. Həmin texnika Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yol layihələrində quruma icarəyə verilib. «Azərinşaatservis» bundan xeyli mənfəət əldə edib.

Lakin buna baxmayaraq götürülən kredit qaytarılmayıb. Əvəzində «Azərinşaatservis» borcun əvəzində Beynəlxalq Banka verilib. Bildirilir ki, Beynəlxalq Bankla bağlı «kredit qalmaqalı»nda bu məsələ barədə ölkə başçısı Ilham Əliyevə məlumat verib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb. Məlumatda deyilir ki, nəqliyyat naziri borcu qaytarmasa, o zaman sərt şəkildə cəzalandırıla bilər.

İQTİDAR OLİQARX PİRVERDİYEVLƏ ÜZÜLÜŞÜR

«Yeni Müsavat» yazır: «İqtidar oliqarx – məmur Pirverdiyevlə birdəfəlik üzülüşür».

«Fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinin bir hissəsi əlindən alınan «Azərenerji» rəhbəri Etibar Pirverdiyevin işdən çıxarılacağı barədə iddialar təsdiqlənir. Hökumət «Azərenerji» ASC-nin özəlləşdirilməsinə hazırlaşır.

Etibar Pirverdiyev.
Etibar Pirverdiyev.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında E.Pirverdiyevin taleyinin artıq həll olunduğunu anons edib. Aydındır ki, hakimiyyətin yuxarı eşelonunun gözündən düşmüş E.Pirverdiyev özəlləşdirmədən sonra faktikiişsiz qalacaq, oliqarx-məmura yeni vəzifənin verilməsi də gündəmdə deyil», - deyilir məqalədə.

Qəzet daha sonra yazır: «Səhmlərinin 100 faizi dövlətə məxsus olan ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin fevral sərəncamından da belə məlum oldu ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib. Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait - hansı ki, onun əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb - məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı. Həm məlum sərəncam, həm hökumətin özəlləşdirmə hazırlıqları «Azərenerji» rəhbərinə bundan sonra etibar edilməyəcəyinə sübutdur».

«Azərenerji» ASC sədrinin adı Beynəlxalq Bank işi ilə bağlı istintaqda da hallanır. Qəzet yazır ki, o bu məsələylə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib: «E.Piriverdiyevlə Beynəlxalq Bank arasında hələ bir müddət əvvəl borca görə məhkəmə çəkişməsi olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat kredit və faizlərinin qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun «Azərenerji» ASC-dən tutulması barədə qətnamə çıxarıb. Buna baxmayaraq, məhkəmə qərarı icra edilməyib. Nəticədə 104 milyonluq borc bu günə kimi banka qaytarılmayıb».

ATƏT müşahidəçiləri.
ATƏT müşahidəçiləri.

​BAŞ TUTMAYAN MƏKRLİ NİYYƏT

«Azərbaycan» parlament seçkiləri ərəfəsində beynəlxalq qurumların davranışına diqqət çəkir.

Qəzet yazır ki, parlament seçkiləri ərəfəsində Azərbaycanda ittihamlar böyüyüb. «Lakin Avropa Şurasının payız sessiyasında Azərbaycan nümayəndə heyəti bu ittihamlara sərt reaksiya göstərərək antiazərbaycançı şəbəkəyə bir daha mesaj göndərdi. Məkrli qüvvələrin Azərbaycanı beynəlxalq təşkilatlardan, beynəlxalq proseslərdən təcrid etmək və xüsusilə parlament seçkilərindən alət kimi istifadə edərək vəziyyəti gərginləşdirmək cəhdləri tamamilə iflasa uğradı», - məqalədə deyilir.

Qəzet daha sonra yazır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri izləməsə də, AŞ PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə üçün komitələr təşkil edib: «Ancaq hər zaman şahidi olmuşuq ki, ölkəmizə qarşı daim qərəzli mövqedə olan ATƏT DTİHB-nin seçkilərlə bağlı hesabatları əvvəlcədən hazır olub. Yəni bu qəbildən olan qətnamələrin məzmunu dəyişməz olaraq qalıb.

Bəllidir ki, antiazərbaycançı şəbəkənin daim ilk planı ölkədə seçkiöncəsi vəziyyəti gərginləşdirmək, daxildəki «buyruq qulları» vasitəsilə antidemokratik mühit yaratmaq olub. Ancaq hər dəfə olduğu kimi yenə də «istəkləri» baş tutmadı. Azərbaycanda seçkiöncəsi vəziyyət göz önündədir. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir».

Kimə Bakı nömrəsi lazımdır?- [karikatura]
Kimə Bakı nömrəsi lazımdır?- [karikatura]

RAYON MAŞINLARININ BAKIYA BURAXILMAMASI QANUNSUZDUR!

«Bizim yol» sual edir: «Nazirlər Kabineti Azərbaycan qanunvericiliyini niyə nəzərə almayıb?».

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının (YHTK) qərarına əsasən, rayon avtomobillərinin şəhərə daxil olmasında qış rejiminə keçid oktyabrın 1-dən qüvvəyə minib.

Qəzet yazır ki, «Yol Hərəkəti haqqında» Qanuna görə, Nazirlər Kabineti belə qadağa qoya bilməzdi. Qanunda söhbət konkret yollarda hərəkətə məhdudiyyət və ya qadağa qoyulmasından gedir, bütöv yaşayış məntəqəsinə, xüsusilə də ölkənin paytaxtına girişin qadağan edilməsi nəzərdə tutulmur.

«Yol Hərəkəti haqqında» Qanunda belə bir norma yoxdursa, hər hansı nəqliyyat vasitəsini şəhərə buraxmamağa kiminsə səlahiyyəti də olmamalıdır. Odur ki, ekspertlər 23 iyul 2015-ci il tarixli qərarın qanunvericiliklə uyğunlaşmadığı qənaətindədirlər. Beləliklə, avtomobillərin istismarı və müəyyən yerlərə daxil olması ilə bağlı məhdudiyyətlər yalnız «Yol Hərəkəti haqqında» Qanunla tənzimlənə bilər. Bu qaydalar daimidirsə qanuna mütləq dəyişiklik edilməlidir.

Bundan başqa, məlum olur ki, adıçəkilən komissiyanın Bakı şəhərinə qeyri-Bakı qeydiyyatlı avtomobillərin daxil olmasını məhdudlaşdırmaq və ya qadağan etmək kimi bir səlahiyyəti də yoxdur.

Əslində bütün bunları da kənara qoyub, məsələyə başqa aspektdən baxmaq lazımdır. Bu qadağa ilə birinci növbədə vətəndaşların ölkədə sərbəst dolaşmaq hüququ məhdudlaşdırılır.

Qəzet hesab edir ki, məsələyə Konstitusiya Məhkəməsi baxmalı, ya da qərar heçdən yarandığı kimi heçdən də «yox» edilməlidir.

XS
SM
MD
LG