Dünya xəbərləri
İran KFC-ni bağlayır

-
İran Tehranda KFC fastfud restoranını bağlayıb. Belə ki, rəsmilər bunun ABŞ-ın KFC şəbəkəsinin filialı olduğunu bildirib.
İran mediası yazır ki, Halal KFC adlanan restoran noyabrın 1-də Tehranda açılıb, bir gün sonra bağlanıb.
Polis Halal KFC-nin “saxta lisenziya ilə işlədiyini” deyib. Restoran meneceri isə ABŞ şirkəti ilə bağlılığı olmadığını söyləyib.
“Biz Türkiyədəki Halal KFC-nin bir hissəsiyik. Bu, müsəlmanlarındır və hədəf bazarı da müsəlman dövlətləridir,” Abbas Pazuki deyib.
İranın ticarət palatasının başçısı Ali Fazeli də təsdiqləyib ki, restoranın Birləşmiş Ştatlardakı KFC ilə əlaqəsi yoxdur. “Amerikanın heç bur fastfud şirkətinin İranda mağazası yoxdur,” o, deyib.
İranın sərt-xətt tərəfdarları ölkədə Qərbin nüfuzunun artmasından narahatdır. Bir sıra Qərb ölkələri Tehranla daha sıx biznes əlaqələri qurmağa çalışır. İyulda İran dünyanın altı dövləti ilə nüvə sazişi imzalayıb
Bütün xəbərləri izləyin
Tanışını öldürən, meyitini iki hissəyə bölən... müharibəyə gedir

Udmurtiyada qətldə ittiham olunan 37 yaşlı sakinə qarşı cinayət işi dayandırılıb. Çünki o, Rusiya Müdafiə Nazirliyi ilə Ukraynada aparılan təcavüzkar müharibədə iştirakla bağlı kontrakt bağlayıb. Bu haqda AzadlıqRadiosunun "İdel.Realii" portalı məlumat yayıb.
Həmin kişi 2024-cü ilin dekabrında birlikdə içdiyi tanışı ilə mübahisədən sonra onu boğazından bıçaqlamaqda ittiham olunurdu. Bildirilirdi ki, o, tanışını divana yıxaraq bədəninə çoxsaylı zərbələr vurub. "Daha sonra cinayətin izlərini itirmək üçün meyiti boyun nahiyəsindən iki yerə parçalayıb, başı və bədəni evinin müxtəlif yerlərində gizlədib", – rəsmi məlumatda deyilirdi.
Udmurtiya prokurorluğu təqsirləndirilənin adını çəkməsə də, məhkəmənin saytında söhbətin Anton Belkov barədə getdiyi aydın olur.
Məhkəmə hərbi xidmətə çağırış məntəqəsinin rəisindən gələn vəsatəti təmin edib, həbs-qətimkan tədbiri ləğv olunub və müttəhim "Rusiya Federasiyası Müdafiə Nazirliyinin səlahiyyətli şəxsinə təhvil verildiyi andan" azadlığa buraxılıb.
2024-cü ildən Rusiyada təqsirləndirilən şəxslərə Müdafiə Nazirliyi ilə kontrakt imzalamaq imkanı verilib. Xidmət müddəti ərzində məhkəmə araşdırması dayandırılır. Məhkəmə icraatı mərhələsində kontrakt bağlamaqla cinayət məsuliyyətindən tamamilə yayınmaq da olar.
Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 11-12-də Türkiyədə Antaliya Diplomatiya Forumunda iştirak edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin "Facebook" hesabında məlumat verilib. Bildirilib ki, forum çərçivəsində Mirzoyanın bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Ermənistan XİN bu görüşlərin təfərrüatları barədə əlavə məlumat verməyib.
2024-cü ilin martında Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev və Ermənistan parlamentinin sədr müavini, Yerevanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın iştirakı ilə panel müzakirəsi baş tutmuşdu.
ABŞ və Rusiya diplomatları İstanbulda görüşəcək

ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətini normallaşdırmaq məqsədilə aprelin 10-da İstanbulda danışıqları davam etdirəcəklər.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs aprelin 8-də jurnalistlərə bildirib ki, Moskva və Vaşinqton nümayəndə heyətləri səfirliklərin fəaliyyəti ilə bağlı məsləhətləşmələrin ikinci raundunu keçirəcək.
Danışıqlarda siyasi və ya təhlükəsizlik məsələlərinin müzakirə olunmayacağını deyən T.Brüs Ukraynadakı müharibənin "qətiyyən" gündəlikdə olmayacağını vurğulayıb: "Bu danışıqlar yalnız səfirliklərimizin fəaliyyəti ilə bağlıdır, ümumilikdə ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı deyil. Bu, bizim də dəfələrlə qeyd etdiyimiz kimi, yalnız Rusiya və Ukrayna arasında sülh bərqərar olduqdan sonra mümkün ola bilər".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, Rusiya nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Vaşinqton və Moskvanın nümayəndə heyətləri sonuncu dəfə fevralın 27-də İstanbulda görüşüblər. Hər iki tərəf bağlı qapılar arxasında keçirilən danışıqların birinci raundunu "faydalı" adlandırıb.
Ərdoğan CHP lideri Özgür Özəli məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı iddia qaldırıb. Bundan əlavə, Ankaranın Baş Prokurorluğuna prezidentin təhqir olunması maddəsi üzrə Ö.Özəl barəsində cinayət işinin açılması üçün müraciət təqdim olunub.
Türkiyə prezidentinin vəkili Hüseyn Aydın X hesabında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Ərdoğan CHP lideri Özəlin "xunta" ilə bağlı açıqlamalarına görə siyasi rəqibindən 500 min türk lirəsi (13 min dollardan çox) təzminat tələb edir.
Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən CHP üzvü, İstanbulun meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə siyasi böhranla üzləşib. Hakimiyyət onun terror təşkilatları ilə əlaqədə olmaqda ittiham etsə də, sonradan İmamoğlu yalnız korrupsiyada ittiham olunub. Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan cinayət işinin siyasi xarakterli olduğunu bəyan edib.
İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub. Türkiyədə martın 19-dan martın 23-dək keçirilən etiraz aksiyalarında iştirak edən mindən çox şəxs saxlanılıb.
Tramp administrasiyasının ərzaq yardımını dayandırması 'milyonların həyatını risk altında qoyur'

ABŞ prezidenti Donald Tramp administrasiyası Əfqanıstan və Yəmən üçün qalan humanitar yardımları da dayandırır. Yardım mənbələrinin verdiyi məlumata görə, bu, həmin ölkələrə yönəldilən maliyyə dəstəyinin böyük hissəsini əhatə edir. BMT-nin Ümumdünya Ərzaq Proqramı (UNWFP) bu addımı "milyonlarla insan üçün ölüm hökmü" adlandırıb.
"Reuters"in xəbərinə görə, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar məsələlər bürosunun keçmiş rəhbəri Sara Çarlz və digər doqquz mənbə (onlardan altısı hazırkı administrasiyada çalışır) bildirib ki, Dövlət Departamenti və USAID ötən həftəsonu daha bir neçə ölkəyə, o cümlədən Somali və Suriya kimi ölkələrə ərzaq yardımı proqramlarını dayandırıb.
"Stand Up For Aid" yerli vətəndaş cəmiyyəti təşkilatının hesablamasına görə, kəsilən ümumi yardımın məbləği 1.3 milyard dollardan çoxdur.
UNWFP xəbərdarlıq edib ki, bu qərar "aclıq və ekstremal aclıqla üzləşən milyonlarla insan üçün ölüm hökmünə bərabər ola bilər".
"UNWFP ABŞ administrasiyasının 14 ölkəyə təcili ərzaq yardımının maliyyələşdirilməsinin dayandırılması barədə son bildirişlərindən dərin narahatlıq keçirir", - qurumun X hesabında qeyd olunub.
Avropa Komissiyasının bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissarı Haca Labib X hesabında məsələyə münasibət bildirib. "Aclıq, çökmüş səhiyyə və təhsil sistemləri, artan qeyri-sabitlik, geniş yayılmış qaçqınlıq. Bunlar ABŞ-nin yardım ixtisarlarının ən həssas əhali üzərindəki dağıdıcı nəticələridir", - o paylaşımında yazıb.
Ağ ev "Reuters"in müvafiq mövzu ilə bağlı sorğusuna cavab verməyib. BMT-nin sözçüsü Stefan Düjarrik isə BMT-nin ləğv olunan müqavilələr barədə ətraflı məlumat əldə etməyə çalışdığını bildirib.
Bu maliyyə ixtisarları Tramp administrasiyasının ABŞ-nin əsas humanitar yardım agentliyi olan USAID-in ləğvi istiqamətində atdığı son addımlardır.
ABŞ və İran nümayəndələri Omanda görüşəcəklər

Aprelin 12-də Omanda Vaşinqton və Tehranın yüksəkvəzifəli nümayəndələrinin görüşü planlaşdırılıb.
Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İran və Birləşmiş Ştatlar yüksək səviyyədə dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək. Bu, həm fürsət, həm də sınaqdır. Top Amerikanın tərəfindədir", - o, özünün "X" səhifəsində yazıb.
Görüşdə ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran heyətinə isə A.Əraqçi rəhbərlik edəcək.
ABŞ və İran birbaşa danışıqlara başlayıb - Tramp
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparır, - bunu ABŞ prezidenti Donald Tramp Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə bildirib.
"Biz İranla birbaşa danışıqlar aparırıq, onlar artıq başlayıb. Şənbə günü.. çox böyük görüşümüz olacaq, baxaq görək bundan nə çıxacaq. Məncə, hamı razılaşar ki, saziş bağlamaq daha yaxşı olardı", - Tramp jurnalistlərə deyib.
O, danışıqların təfərrüatlarını açıqlamayıb.
Netanyahu bildirib ki, o və Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyində yekdildir: "Liviyada olduğu kimi, buna diplomatik yolla, tam şəkildə nail olmaq mümkün olsaydı, düşünürəm ki, yaxşı olardı".
Tramp ikinci prezidentlik müddətinə başlayarkən yeni nüvə sazişi bağlamaq istəyindən danışıb. Martın sonunda o, Tehranı iki ay ərzində razılaşmaya getməsə, hərbi zərbə və rüsumlarla hədələmişdi.
Bundan əvvəl İran rəsmiləri ABŞ ilə birbaşa danışıqlara getməyəcəklərini, lakin vasitəçilər vasitəsilə danışıqlara hazır olduqlarını bəyan etmişdilər.
İran prezidenti Məsud Pezeşkian aprelin 5-də parlamentdə çıxışı zamanı İranın ABŞ ilə "bərabərhüquqlu" dialoqa hazır olduğunu bildirib. "Danışıqlar istəyirsinizsə, hədələməyin mənası nədir?", – o, sual edib.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. Saziş İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
2018-ci ildə, Donald Trampın birinci prezidentliyi dövründə ABŞ sazişdən çıxıb və İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bir il sonra Tehran müqavilə üzrə öhdəliklərini dayandırıb.
İran birbaşa nüvə danışıqları ilə bağlı Trampın çağırışını rədd edir

İranın xarici işlər naziri ABŞ-nin Tehranın nüvə ambisiyaları ilə bağlı birbaşa danışıqların keçirilməsi ilə bağlı təkliflərini rədd edib. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp üzbəüz danışıqlara çağırış etmişdi.
İran Xarici İşlər Nazirliyinin aprelin 6-da yaydığı bəyanatda Abbas Əraqçi Tehranın Vaşinqtonla dolayı danışıqlara hazır olduğunu bildirib.
"İran bütün mümkün və ehtimal olunan hadisələrə qarşı hazırlıqlıdır. Necə ki diplomatiya və danışıqlarda ciddi və prinsipial mövqe tutur, eyni qətiyyət və ciddiyyətlə də milli maraqlarını və suverenliyini müdafiə edəcək", – onun sözlərindən sitat gətirilib.
Əraqçinin bu açıqlamaları Trampın Tehrana "birbaşa danışıqlar" təklif etməsindən üç gün sonra səslənib. Tramp bildirmişdi ki, belə danışıqlar "daha sürətlidir" və qarşı tərəfi daha yaxşı anlamağa imkan verir.
Ötən ay prezident Tramp İranın ali dini rəhbəri Əli Xameneiyə məktub göndərərək danışıqlara çağırıb və diplomatiya uğursuz olacağı təqdirdə hərbi tədbirlər barədə xəbərdarlıq edib.
İran prezidenti Məsud Pezeşkian isə aprelin 5-də bildirib ki, Tehran "bərabər əsaslar üzərində" dialoqa hazırdır.
2015-ci ildə İran nüvə fəaliyyətini məhdudlaşdırmaq üçün ABŞ, Fransa, Çin, Rusiya, Britaniya və Almaniya ilə mühüm razılaşma əldə edib.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il sazişi İran iqtisadiyyatına tətbiq olunmuş sanksiyaları yüngülləşdirib.
Trampın ilk prezidentliyi dövründə ABŞ sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.
Rəsmi Tehran İranın nüvə silahı yaratmağa çalışması ilə bağlı Qərbin iddialarını rədd edir və bunun elektrik enerjisi istehsalı kimi mülki məqsədlərə yönəldiyini bildirir.
Rusiya Moldova səfirliyinin üç əməkdaşını ölkədən çıxarır

Aprelin 4-də Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona səfirliyin üç əməkdaşının "persona non grata" (arzuolunmaz şəxs) elan olunması barədə nota təqdim olunub.
Rusiya XİN-in saytında bildirilib ki, bu qərar qarşılıqlılıq prinsipi əsasında verilib.
Bu həftənin əvvəlində Moldova Rusiya səfirliyinin üç əməkdaşını "persona non grata" elan edərək ölkədən çıxarıb. Moldova XİN bəyanatında bildirib ki, rusiyalı diplomatların diplomatik statusla bir araya sığmayan fəaliyyətinə dair "aydın dəlillər" var.
Bu qərardan qısa müddət əvvəl isə Moldova rəsmiləri Rusiya səfirliyini Kremlpərəst moldovalı deputatın həbs cəzasından yayınmasına kömək etməkdə ittiham edib.
Rusiya XİN səfirliyin Moldova Respublikasının daxili işlərinə qarışmaqda ittiham olunmasının heç bir əsası olmadığını bəyan edib.
Rusiya dronları Xarkova hücum edib, ölənlər var

Aprelin 3-də Rusiya dronları Ukraynanın Xarkov şəhərində yaşayış binalarını vurub, nəticədə azı dörd nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə regional qubernator Oleq Sinequbov "Telegram"dakı paylaşımında məlumat verib. O, dron hücumunun yanğınlara səbəb olduğunu və yaralananlar arasında iki uşağın olduğunu bildirib. Onun sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış bloku dağılıb və bir binanın damında yanğın baş verib.
Şəhər meri İqor Terexov isə bildirib ki, Rusiya ordusu 40 dəqiqə ərzində Xarkova azı 14 zərbə endirib. O, hücum nəticəsində yaralı sayının 35 olduğunu bildirib.
Dnepr şəhərinə və Zaporojye vilayətinə də dron hücumları olub, dörd nəfər yaralanıb.
Moskva meri Sergey Sobyanin aprelin 4-ü səhər saatlarında bildirib ki, Rusiya hava hücumundan müdafiə bölmələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatını vurublar.
Çexiya belaruslu jurnalist və QRU zabitini sanksiya siyahısına salıb

Çexiya Belarus vətəndaşı Natalya Sudlenkova və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti Aleksey Şavrovu sanksiya siyahısına salıb. Bu haqda Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) bildirib.
N.Sudlenkova 1999-cu ildə Çexiyada sığınacaq alıb, belaruslu jurnalistdir. O, vaxtilə Belarusda Aleksandr Lukaşenko rejiminə qarşı müxalifətin tanınmış simalarından olub.
Çexiya xüsusi xidmətinin məlumatına görə, Sudlenkova bu ölkədə qaldığı müddətdə Rusiya strukturları — "Rosatom" korporasiyası, Həmvətənlərin hüquqlarına dəstək və Müdafiə Fondu ilə əməkdaşlıq edib, "Ölməz alay" ictimai təşkilatı ilə əlaqələri olub. Sudlenkova xidmətlərinə görə mükafatlandırılıb, A.Şavrov da ona mükafat verib.
Xüsusi xidmətin direktoru Mixal Kudelka BIS əməliyyatını "uzunmüddətli, uğurlu və mürəkkəb" adlandırıb.
Çexiyanın xarici işlər naziri Yan Lipavski Sudlenkovanın QRU-nun əsas əməkdaşı olduğunu bildirib. Moskvanın tapşırıqları əsasında o, Çexiya mediasında məqalələr dərc etdirib, sanksiyalar altında olan rusiyalı işadamı Əlişir Usmanovun xeyrinə fəaliyyət göstərib.
Sudlenkova Çexiyanı 30 gün ərzində tərk etməlidir. Çex mediasının məlumatına görə, Şavrov Rusiyadadır.
Çexiya Respublikasında Sudlenkova rusdilli həftəlik "Praqa teleqrafı"nın baş redaktoru vəzifəsində çalışıb. O, vaxtilə Azad Avropa Radiosu/Azadlıq Radioları, "Tyden" və "Lidove noviny" nəşrləri ilə də əməkdaşlıq edib.
Sudlenkova Belarus Xalq Cəbhəsinin fəaliyyətində iştirakına görə üzləşdiyi təqiblərdən dolayı siyasi sığınacaq alıb. Belarus hakimiyyəti onu maliyyə cinayətlərində günahlandırıb və 2002-ci ildə Sudlenkova İnterpolun orderi əsasında Almaniya ilə sərhəddə saxlanıb. Lakin Çexiya Məhkəməsi Minskin ekstradisiya tələbini rədd edib, Sudlenkovaya ittihamları əsassız sayıb.
2011-ci ildə Çexiya televiziyasına müsahibəsində Sudlenkova deyirdi: "Cənab Lukaşenko və komandasındakı insanlarla müəyyən problemlərim olub. Biz eyni ölkədə qala bilməzdik".
Ermənistan ordusunun keçmiş başçısına əlavə ittihamlar verilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyana yeni ittihamlar irəli sürülüb. O, baş nazir Nikol Paşinyanı 2020-ci il Qarabağ müharibəsini düzgün idarə etməməkdə suçlamışdı.
M.Akopyana ittihamlar 2016-cı ildə Rusiyadan, prokurorların dediyinə görə, "qüsurlu" hərbi avadanlıq almaqdan qaynaqlanır. İşi aparan prokuror Karen Karapetyan Ermənistan İctimai Televiziyasına deyib ki, 2017-ci ildə Ermənistan ordusuna mobil atəşə nəzarət sistemləri verilib. Onlar "qarşıya qoyulan tapşırıqları icra edə bilməyib, praktik şəraitdə taktiki və texniki xüsusiyyətlərinə uyğun gəlməyib". Karapetyanın sözlərinə görə, Akopyan və digər aparıcı generalın "səhlənkarlığı" dövlətə 4.3 milyard dram (11 milyon dollar) ziyan vurub.
Akopyan 2016-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. O, vəkili Muşeğ Aleksanyan vasitəsilə ittihamları rədd edib. Vəkil silah sazişinin onunla heç bir əlaqəsi olmadığını, ali qurum tərəfindən təsdiqləndiyini bildirib. Vəkil detallı danışmayıb.
Aleksanyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, müvəkkili iddianın müddətinin keçməsi məsələsini qaldıra bilərdi. Akopyan isə təqsirsizliyini məhkəmədə sübuta yetirmək qərarı verib.
Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gələndən az sonra Akopyanı vəzifədən uzaqlaşdırıb, sonradan onu baş hərbi müfəttiş təyin edib. General isə Ermənistan 2020-ci ildə Azərbaycanla müharibədə uduzandan sonra istefa verib. O, məğlubiyyətə Paşinyanın fəlakətli qərarlarının səbəb olduğunu iddia edib.
Akopyan 2020-ci ilin noyabrında ölkə rəhbərliyini silah alışına görə tənqid edib. Xüsusilə Rusiyadan "Su-30SM" qırıcılarını, ikinci əl havadan müdafiə sistemlərini göstərib, bunların müharibədə faydalı olmadığını deyib. Paşinyan ittihamları rədd edib.
60 yaşlı Akopyan 2021-ci ilin mayında dövlət sirlərini yaymaqda ittiham olunub. Bu məhkəmə hazırda qapalı keçirilir.
Bir neçə general da müxtəlif maddələrdə suçlanır, özləri ittihamları rədd ediblər. Onlar Ermənistanın məğlubiyyətinə görə Paşinyanı, o isə keçmiş liderləri ittiham edir.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir

ABŞ ordusu regional təhdidlərə cavab vermək məqsədilə ikinci təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndəriləcəyini açıqlayıb. ABŞ qüvvələri Qırmızı dənizdəki gəmilərindən Yəməndəki husi qruplaşmalarını vurmağa davam edir.
Pentaqonun sözçüsü Şon Parnell aprelin 1-də açıqlamasında bildirib ki, "Karl Vinson" təyyarədaşıyan gəmisi "regional sabitliyi təşviq etmək, təcavüzün qarşısını almaq və regionda sərbəst ticarət axınını qorumaq üçün" hazırda Yaxın Şərqdə olan digər təyyarədaşıyan "Harri Trumen"ə qoşulacaq.
Bu açıqlama ABŞ qüvvələrinin Yəməndə husi döyüşçülərinə hər gün hava zərbələri endirdiyi bir vaxta təsadüf edir. Bu zərbələrin bölgədəki mülki və hərbi gəmilər üçün husilərin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədi daşıdığı bildirilir.
Ş.Parnellin sözlərinə görə, müdafiə naziri Pit Heqset açıq şəkildə bəyan edib ki, "İran və ya onun proksiləri Amerika personalını və regiondakı maraqlarını təhdid edərsə, ABŞ xalqımızı müdafiə etmək üçün qətiyyətli addımlar atacaq".
Husilər (ABŞ tərəfindən terrorçu qrup kimi tanınıb) 2023-cü ildə Qəzza müharibəsinin başlamasından sonra Qırmızı dəniz və Ədən körfəzindəki gəmiçilik fəaliyyətlərini hədəf alırlar. Onlar fələstinlilərlə həmrəylik göstərdiklərini iddia edirlər.
Husilərin hücumları gəmilərin Süveyş Kanalı vasitəsilə keçməsinə mane olub, bir çox şirkətləri mallarını cənubi Afrika ətrafından, daha uzun və baha başa gələn bir yol ilə göndərməyə məcbur edib.
Prezident Donald Tramp martın 31-də bildirib ki, husilərə qarşı zərbələr gəmiçilik üçün təhlükə qalmayana qədər davam edəcək.
"Husilər üçün seçim aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq. Əks halda, biz yeni başlamışıq və həm husilər, həm də onların İrandakı sponsorları üçün əsl ağrı hələ gəlməkdədir", - Tramp özünün "Truth Social" postunda yazıb.
Dövlət katibi Marko Rubio hücumların "İrana mesaj" olduğunu və husilərə dəstək verməyi dayandırmalarını tələb etdiyini söyləyib.
'Gürcü arzusu' parlamentdə mübahisəli qanun layihələrini təsdiqləyib

İqtidarda olan "Gürcü arzusu" partiyasının nəzarətindəki Gürcüstan parlamenti kütləvi informasiya vasitələri (KİV ) və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini məhdudlaşdıran bir sıra qanunlar və qanunlara əlavələri üçüncü oxunuşda qəbul edib.
Parlamentin üçüncü və sonuncu oxunuşda təsdiqlədiyi bir neçə mübahisəli qanun layihələri arasında ABŞ-nin "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA) əsasında hazırlanan yeni "xarici agentlər" haqqında qanun da var. Lakin Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, bu qanun Amerika analoqundan fərqli olaraq, xarici təsirlərə qarşı deyil, daha çox müstəqil vətəndaş cəmiyyəti təşkilatları və KİV-lərə qarşı yönəlib.
Parlamentin təsdiqlədiyi "Yayım haqqında" qanuna dəyişiklik çərçivəsində yayımçıların xaricdən maliyyələşdirilməsi tamamilə qadağan edilir, jurnalist fəaliyyətinə, o cümlədən informasiya mənbələrinin qorunmasına yeni məhdudiyyətlər tətbiq olunur, pozuntulara görə nəzarət və sanksiyalar gücləndirilir. Qanun onlayn yayım platformalarına da təsir edir.
Üçüncü oxunuşda təsdiqlənən digər bir düzəliş gender bərabərliyi ilə bağlıdır. Belə ki, qüvvədə olan 15-ci qanundan "gender" termini çıxarılır. "Gender bərabərliyi" ifadəsi "qadın və kişilərin bərabərliyi" ilə əvəz edilir, "gender identikliyi" anlayışı isə tamamilə ləğv olunur. Ekspertlər bu dəyişiklikləri ifrat sağçı seçicilərə güzəşt kimi qiymətləndirir.
Parlament həmçinin Gürcüstanda QHT-lərin qanunvericilik prosesində məcburi iştirakının ləğvini də təsdiqləyib. Hakim "Gürcü arzusu" partiyası bunu "antidemokratik" və "təxribatçı" fəaliyyətlə mübarizə kimi izah edir. Lakin QHT-lərin siyasətdə iştirakı Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün əsas tələblərdən biri idi.
Üçüncü - yekun oxunuşdan sonra parlament qanunları imzalanmaq üçün prezident Mixeil Kavelaşviliyə göndərir. Yayım, gender bərabərliyi və QHT-lərin qanunvericilik prosesində iştirakı ilə bağlı dəyişikliklər prezidentin imzasından dərhal sonra, "Xarici agentlərin qeydiyyatı haqqında" qanun isə imzalandığı gündən 60 gün sonra qüvvəyə minəcək.
Artıq dörd aydan çoxdur ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan geri çəkilməsini elan etdikdən sonra etirazlar daha da alovlanıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, hakimiyyəti avtoritarizmdə və demokratik prinsiplərdən uzaqlaşmaqda günahlandırırlar.
Marin Le Pen mənimsəmədə təqsirli bilindi, seçkilərdə iştirakdan məhrum edildi

Fransa məhkəməsi ifrat sağçı lider Marin Le Peni Avropa İttifaqının (Aİ) vəsaitinin israfında təqsirli bilib və onu 5 il müddətinə vəzifəyə namizədliyini irəli sürməkdən məhrum edib. Bu qərar 2027-ci il prezident seçkilərinin əsas favoriti olan Le Peni yarışdan kənarda qoya bilər.
Məhkəmə martın 31-də "Milli Cəbhə" partiyasının üzvü olan Le Peni 4 il həbs cəzasına məhkum edib. Onun 2 ilini ev dustaqlığında keçirməsi, qalan 2 ilinin isə şərti cəza kimi təxirə salınması qərara alınıb.
Le Pen kimi, Avropa Parlamenti üzvü olmuş, partiyanın hazırkı və keçmiş səkkiz üzvü, eləcə də Le Penin və partiyasının 12 köməkçisi "Milli Cəbhə"nin xeyrinə Aİ vəsaitlərini israf etməkdə təqsirli biliniblər. Le Pen 2011–2021-ci illərdə partiyaya rəhbərlik edib.
Təqsirləndirilən bu şəxslər vəsaitləri şəxsi məqsədləri üçün mənimsəməkdə deyil, 2004–2016-cı illərdə partiya üçün çalışan işçilərin maaşlarını ödəmək məqsədilə Avropa Parlamentinin vəsaitlərini qanunsuz istifadə etməkdə ittiham olunublar. Halbuki bu vəsaitlər Avropa Parlamentinin köməkçiləri üçün nəzərdə tutulub.
"Araşdırmalar göstərdi ki, bunlar sadəcə inzibati səhvlər deyil... Əksinə, partiyanın xərclərini azaltmaq məqsədilə qurulmuş bir sistem çərçivəsində mənimsəmə hallarıdır", – hakim öz hökmündə bildirib.
56 yaşlı Marin Le Pen və digər müttəhimlər ittihamları rədd edir və qərardan apellyasiya şikayəti verə bilərlər. Lakin Le Penin seçkilərdə iştirakına qoyulan qadağa dərhal qüvvəyə minir və yalnız apellyasiyanın nəticəsi uğurlu olarsa, ləğv edilə bilər.
2017 və 2022-ci il prezident seçkilərində Emmanuel Makrona məğlub olan Le Pen 2027-ci ilin onun üçün sonuncu prezidentlik yarışı olacağını bildirib.
Məhkəmə prosesində ifrat sağçı lider prokurorların onun siyasi ölümünü hədəflədiyini deyib. O, hökm elan olunmazdan əvvəl məhkəmə zalını tərk edib.
Litvada içində 4 ABŞ hərbçisinin də olduğu batmış zirehli maşın tapılıb

Litvada xilasetmə qrupları dörd ABŞ hərbçisini daşıyan batmış hərbi nəqliyyat vasitəsini tapıb çıxarıblar. Ancaq hərbçilər hələ də itkindir.
Litva müdafiə naziri Dovile Şakalene dörd hərbçinin taleyinin hələ qeyri -müəyyən olduğunu bildirib.
"Bu barədə hazırda danışa bilmərik, çünki, birincisi, hələ heç bir məlumat yoxdur və məlumat aldıqdan sonra belə, ciddi bir razılaşma var ki, ilk açıqlamanı amerikalılar verəcək", – Şakalene martın 31-də Litva dövlət radiosuna açıqlamasında deyib.
"M88 Hercules" zirehli təmir-təxliyə maşını martın 25-də Belarusla sərhədindəki Pabrade poliqonunda bataqlığa batmış vəziyyətdə aşkar olunub.
Avropa İttifaqı və NATO üzvü olan Litva rotasiya əsasında Baltikyanı ölkələrdə yerləşən mindən çox ABŞ əsgərinə ev sahibliyi edir.
ABŞ tərəfi açıqlamasında bildirib ki, martın 25-də itkin düşmüş dörd amerikalı hərbçi planlaşdırılmış taktiki təlimdə iştirak edirmişlər.
Xilasetmə əməliyyatının ilk saatlarında ziddiyyətli məlumatlar ortaya çıxmışdı. NATO baş katibi Mark Rütte dörd ABŞ hərbçisinin öldüyü bildirmiş, daha sonra NATO-nun sözçüsü bu şərhi geri götürmüş və yanlış anlaşılma olduğunu bildirmişdi.