-
"Bir adam əlində silah tutubsa, stress vəziyyətindədir. Həmin vaxt o, düşünməməlidir ki, hansı düyməyə basım, atəş açım."
Silah dizayneri , Rusiya silahlarının dizaynında inqilabçı kimi tanınan, ‘Vintorez’, “Vektor", VSS snayperi və başqa silahların yaradıcısı Pyotr Serdyukov 70 yaşının tamam olması münasibətilə ingilisdilli Qafqaz xəbərləri səhifəsinə müsahibə verib.
Müsahibədə o, Bakıda doğulduğunu deyir. Bu gün də Bakıda yaşayır. Müsahibədən bir hissə:
- Siz qafqazlısınız?
- Mən Bakıda doğulmuşam. Atam o zamanlar Transqafqaz qəzasında xidmət edirdi. Bakıdan sonra biz Kirovabada (indiki Gəncə), sonra Kirovakan (Vandzor – Ermənistanda şəhər) şəhərinə köçmüşük.
Atam hərbçi idi, hara göndərsələr, orada yaşayır, qulluq edirdi. Şimali Qafqazı başdan-başa gəzib dolaşmışdı. Onun hərbi möhləti Ermənistanda başa çatdı. Sonra biz Stavropola köçdürk.
- Silah dizayn etmək ideyası ağlınıza necə gəldi?
- İngilis dilini zəif bilməyimdən oldu. 1963-cü ildə ali məktəbə qəbul olunmalıydım, amma qəbulda xarici dil imtahanı tələb olunurdu.
Bir yoldaşım elə bir ali məktəb təklif etdi ki, orada xarici dil tələbi olmasın. Bu ali məktəbdə yalnız riyaziyyat və fizika tələb olunurdu, Dolqoprudnı şəhərindəki Fizika Universitetini deyirəm.
Kifayət qədər bal toplamadım, onda Tuladan olan bir tanışımız məni Tula Politexnik İnstitutuna apardı. Orada silah dəmirçiliyi oxudum.
- Sizin silah dünyasına əsas töhfəniz “Gürzə” silahları hesab olunur...
- Sənədlərdə adı belə əks olunmur… Bizə Yəmən üçün silah istehsal etmək müraciəti gəlmişdi, Khinikadze bu adı təklif etdi.
Təhlükəsizlik işçiləri bu adı “Vektor” kodu ilə sənədləşdirdilər. İndi təhlükəsizlik qüvvələri onu SR-1M, ordu isə Serdyukov avtomatı kimi tanıyır.
- Bir silahı nə qədər vaxta dizayn edirsiz?
- Təxminən bir ilə, amma sonra da nə isə əlavə edirəm, daim təkmilləşdirirəm.
- Silah dizaynını hansı prinsipə görə təkmilləşdirirlər?
- İstifadəsini asanlaşdırmaq prinsipinə görə. Bir adam əlində silah tutubsa, stress vəziyyətindədir. Həmin vaxt o, düşünməməlidir ki, hansı düyməyə basım, atəş açım. O, silahı əlinə alıb sadəcə atəş açmaq istəyir.
- Bu fikirlə razısınızmı ki, kiçik silahlar sahəsində ixtira edilə biləcək hər şey artıq ixtira edilib?
- Hər halda proses dayanmır. Kimsə nəyisə müasirləşdirir, bu və ya başqa problemi həll edir. Hər silahın üstünlükləri və çatışmazlıqları var. Odur ki, belə çatışmazlıqların üzərində həmişə işləyənlər var.