Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:59

Neft 30 dollara satılarsa, iqtisadiyyat necə olacaq?


Rəşad Həsənov
Rəşad Həsənov

-

Neftin ucuzlaşması Azərbaycanın bütün iqtisadi göstəricilərini kiçildib. Sual doğur: Ölkənin yeni duruma adekvat siyasəti varmı?

Mərkəzi Bank «2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda həmin suala «var!» cavabını verir: «Neftin müxtəlif qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur».

Daha bir sual doğur: Eləsə, nədən Azərbaycan manatı devalvasiya baxımından dünya liderinə çevrildi?

Mərkəzi Bank onu da bildirir ki, «neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcək».

Növbəti sual doğur: 30 dollara uyğunlaşdırılan Azərbaycan iqtisadiyyatı necə olacaq?

«MƏRKƏZİ BANK BU GÜNƏDƏK HƏR HANSI UĞURA İMZA ATMAYIB»

İqtisadçı ekspert Rəşad Həsənov Mərkəzi Bankın ölkə iqtisadiyyatında baş verənlərə reaksiya imkanlarına sahib olduğunu təsdiqləyir, ancaq: «Ancaq adekvat reaksiya o deyil ki, neft pullarının bolluğunda manat möhkəmlənir. Axı neft dollarının azaldığı bu bir il boyunca manatın məzənnəsi de-fakto 2.2 dəfə azalıb. Məhz bu prizmadan yanaşsaq, Mərkəzi Bank bu günədək hər hansı uğura imza atmayıb. Bankın strategiyası indiki uğursuzluğa gətirib çıxarıb».

«XALQI PROBLEMİN OLMADIĞINA İNANDIRARAQ...»

Ekspertin fikrincə, manat vaxtında möhkəmləndirilməliydi: «Bu baş versəydi, Mərkəzi Bankın bugünkü ehtiyatları da kifayət qədər çox olacaqdı. Devalvasiyaların miqyası baş verənlər həcmində olmayacaqdı. Ən azından, 2014-cü ilin oktyabrından baş bank dünya bazarlarında neftin qiymətinə uyğun yumşaq məzənnə siyasəti izləsəydi, bunu adekvat yanaşma saymaq olardı. Amma Mərkəzi Bank başgicəllənmədən ayılanda gördü ki, Neft Fondu dövlət büdcəsi qarşısında öhdəliyini yerinə yetirə bilmir və valyuta ehtiyatları sürətlə azalır. Xalqı problemin olmadığına inandıraraq, 34 faizlik 1-ci və 48 faizlik 2-ci devalvasiyaya getdi. Manatı, faktik olaraq, dünya miqyasında ən sürətlə dəyər itirən valyutalar sırasına daxil etdi».

«YÜK VƏTƏNDAŞIN VƏ BİZNESİN ÜZƏRİNƏ YÖNLƏNDİRİLİR»

Neftin 30 dollardan satışına uyğunlaşmaya gəlincə, ekspert bunu həqiqətə yaxın sayır: «Axı üzən valyuta rejiminə keçid adıyla icra edilən son devalvasiya ehtiyac duyulanın üzərindədir. Burada iki əsas məqsəd güdülür. Birincisi, əhalinin əlindəki manat yığımları daha az valyuta hesabına toplansın. İkincisi, 2016-cı ildə neftin qiyməti 30 dollara düşərsə, Neft Fondunun büdcə öhdəliyini az valyuta sərfiylə yerinə yetirsin».

Rəşad Həsənov fikrincə, beləcə, yükün böyük qismi hökumətdən vətəndaşların və biznesin üzərinə yönləndirilir: «Atılacaq addımların ən asanı da məhz bu idi. Son baş verənlər onu göstərdi ki, Mərkəzi Bank heç bir strategiyaya sahib deyil».

İNDİKİ QAYDALAR DƏYİŞƏ BİLƏR?

Ekspert neftin qiymətinin 30 dollara düşəcəyi halda vəziyyəti belə səciyyələndirir: «Büdcə xərcləri azaldılacaq, Neft Fondu iri layihələrin icrasını dayandıracaq. Nəticədə, iqtisadi durğunluq daha da dərinləşəcək. Axı daxili istehsal daha çox daxili tələbata indekslənib. Daxili tələbatın istər fərdi, istərsə ictimai şəkildə azalması istehsal prosesinin pozulmasına və bəzi hallarda dayanmasına səbəb olacaq. Amma bununla yanaşı, 30 dollarlıq neft ölkəyə liberal iqtisadi mühit də vəd edir. Bu da indiki qaydaların dəyişməsi ola bilər. Yəni normal rəqabət mühitinə əsaslanan bərabər imkanlar yaranar...».

XS
SM
MD
LG