Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:35

'Nardaran işi': Polislə təqsirləndirilənlər bir-birinə ayaqqabı atdılar...


Nardaran əməliyyatı zamanı
Nardaran əməliyyatı zamanı

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov beş gündür ki, Kürdəxanıdakı 1 saylı Bakı İstintaq təcridxanasında cərimə kamerasındadır.

Bu barədə ilahiyyatçının özü Nardaran işi üzrə oktyabrın 14-də keçirilən məhkəmə iclasında məlumat verib.

"Əlacları olsa... nizəyə vurub gəzdirərlər"

Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil, 18 nəfərin mühakimə olunduğu Nardaran işinə üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Onlardan "karsa" salınmağımın səbəbini soruşanda dedilər ki, "Yezid belə göstəriş verib, bunun Penitensiar Xidmətə dəxli yoxdur". Mən ötən iclasda Ramil Usubovun işçilərinin Mehriban Əliyevanı təhqir etməsi məsələsinin araşdırılması üçün vəsatət verdim. O isə bu məsələni araşdırmaq əvəzinə, göstəriş verib ki, "Talehi cəzalandırın". Bunların əlacı olsa, bizim başımızı kəsib, nizəyə vurub gəzdirərlər", - Taleh Bağırov belə deyib.

Buna da bax:​ 'Nardaran işi'ndə cəmi həbs olunanların siyahısını açıqlandı

İlahiyyatçı üç il əvvəl həbsdə olarkən, Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Azər Seyidovun onu çıxışlarına görə vaxtaşırı "kars"a saldırdığını iddia edir: "Bir dəfə Aşura günü idi, yenə cəzalandırmaq istəyirdi. Dedim ki, "göndər karsa". Hətta Azər Seyidov onda mənə dedi ki, “Aşura günüdü, olmaz, sonra deyərlər ki, yezidlik eləyirlər”. Amma Ramil Usubov bu hərəkəti ilə deyir ki, "əcəb eləyirik””.

"Bizi müdafiə edənləri "bandotdel"ə çağırıb hədələyirlər"

Ardınca məhkəmə iclasında Sabunçu rayon Polis İdarəsinin (RPİ-nin) əməkdaşları dindirilib. Onlar Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovun həbsdən buraxılması tələbiylə ötən il noyabrın 5-də Sabunçu RPİ-nin qarşısında keçirilən aksiya haqqında ifadə veriblər.

Daha sonra Taleh Bağırov Nardaran işi üzrə həbs olunanların pozulmuş hüquqlarını müdafiə edən, onları dəstəkləyən hüquq müdafiəçiləri və siyasətçilərin "bandotdel"ə çağrılıb hədələndiyini məhkəmənin diqqətinə yetirib: "Onları həbslə hədələyiblər, deyiblər ki, "belə cinayətkarları müdafiə etmək olmaz". Biz adamlara qarşı bu cür təzyiqlərdən narahatıq".

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov təzyiqə məruz qalan şəxslərin Daxili İşlər Nazirliyinə şikayət edə biləcəyini deyəndə, Taleh Bağırov belə cavab verib: "Cəlladdan cəllada şikayət edək?!"

Buna da bax:​ Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’

Nardaran işi üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən Taleh Bağırovun müdafiəçisi Yalçın İmanov bunu vəkillərə də təzyiq kimi qiymətləndirib:

"O adamlara açıq şəkildə deyiblər ki, "müdafiəyə davam etsəniz, həbs oluna bilərsiniz". Bu adamları biz də müdafiə edirik. Sabah vəkilləri də çağırıb deyə bilərlər ki, niyə müdafiə edirsiniz?".

"Bu cür əməllərdir Qarabağı işğalda saxlayan"

Təqsirləndirilən Abbas Hüseynov hakimlər kollegiyasının təqsirləndirilən şəxslərə DİH-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr verilməsi barədə şikayətlərinə biganə yanaşmasına etirazını bildirib: "Biz başımıza gələnlərlə bağlı vəsatətlər veririk, amma araşdırmırsınız. Qardaşlarımı girov götürmüşdülər, bu məsələni dedim, baxan olmadı. Qələmi götürüb, "ay banditlər, bunları eləməyin" yazmaq nə ağır şeydir?!".

Taleh Bağırov da hakimlərin işgəncə məsələsinin üstündən sükutla keçməsindən şikayətlənib: "Bizə bu qədər işgəncə verilib. Araşdırmaq, günahkarları cəzalandırmaq üçün nə etdiniz? Bu cür əməllərdir xalqı belə vəziyyətdə, Qarabağı işğalda saxlayan. Gücləri varsa, getsinlər erməniyə göstərsinlər".

Daha sonra hakim Əlövsət Abbasov proses iştirakçılarına məlumat verib ki, Hardaran əməliyyatı zamanı dünyasını dəyişmiş polislər Vüqar Nəsibov və İsmayıl Tağıyevin hüquqi varisləri məhkəməyə üz tutaraq, prosesə qatılmaq istəmədiklərini bildiriblər.

Buna da bax:​ «İlham Əliyevin aqibəti Qaddafi-dən betər olacaq»- Nardaran məhbusu

"Hökumətin çörəyini yeyib, sonra da..."

Təqsirləndirilən şəxslər "bandotdel"də onlara ən çox işgəncə verən üç nəfərdən birinin "Şrek" ləqəbi daşıdığına diqqət çəkdilər. Ötən məhkəmə iclaslarından birində - BMCMİ-nin əməkdaşı İbrahim Kazımov dindirilərkən, onlar “Şrek”in bu adam olduğunu söyləmişdilər. Həmin gün müttəhimlər İbrahim Kazımova kəskin etirazlarını bildirdiyindən, məhkəmə iclasında qalmaqal yaranmış, proses yarımçıq dayandırılmışdı. Bugünkü məhkəmə iclasında onun dindirilməsi davam etdirilib.

BMCMİ əməkdaşı bildirib ki, Nardaran əməliyyatında təqsirləndirilənlər arasında olan Rasim Cəbrayılovu zərərsizləşdirib, ancaq saxlanılıb gətirilərkən və idarədə nə Rasimə, nə də digərlərinə təzyiq göstərilib.

Vəkil Yalçın İmanov ona xatırladıb ki, ekspertiza Rasim Cəbrayılovun üzərində xəsarət izlərinin olması barədə rəy verib. İbrahim Kazımov cavabında bildirib ki, həmin xəsarətlərin nədən yarandığı barədə heç nə deyə bilməz.

Vəkil İbrahim Kazımovdan ləqəbinin olub-olmadığını soruşanda, o, "yox" cavabı verib. Bu zaman təqsirləndirilən şəxslərdən biri onun ləqəbinin "Şrek" olduğunu söyləyib. İsmayıl Kazımov ona təhqirlə cavab verib: "Şrek sənin atandı...".

Buna da bax:​ Nardaran işi: 'Cins şalvarın cibindən qumbara çıxdı'

Hakim: “İstəsə... təşkil edərik”

Bundan sonra təqsirləndirilən şəxslər ayrı-ayrılıqda İbrahim Kazımov tərəfindən işgəncəyə məruz qalmaları haqda danışıblar.

Taleh Bağırov İbrahim Kazımovu ilk dəfə BMCMİ-də gördüyünü söyləyib: "Mənə yuxarıda demişdilər ki, Nardaran hadisələrinin Milli Şura tərəfindən təşkil edildiyi barədə ifadə verim. Mənsə razı olmamışdım. Bu (İbrahim Məmmədovu nəzərdə tutur – red.), mənə dedi ki, "otur". Sonra da "dubinka" ilə belimə, boynuma vurdu və qışqırdı ki, "yuxarıda sənə nə deyirlər, onu elə". Mən də dedim etməyəcəyəm. Ondan sonra da mənə və digər təqsirləndirilən şəxslərə işgəncələr verdi".

İbrahim Kazımov deyilənlərin yalan olduğunu bildirib: "Heç kimə əlim də dəyməyib".

Taleh Bağırov:

- Sən Qurana and içə bilərsən ki, bu adamların heç birinə işgəncə verməmisən?

- Bura məgər məsciddi!

Buna da bax:​ Taleh Bağırov polisin nəşinin qəbirdən çıxarılmasını istədi

Bu zaman hakim Əlövsət Abbasov müdaxilə edib: "Burada şəriət məhkəməsi yaratmaq lazım deyil. Qanunla məhkəmədə müqəddəs kitaba and içmək nəzərdə tutulmayıb. İbrahim Kazımov istəsə, təşkil edərik, təcridxanaya gəlib sizin yanınızda and içər".

Taleh Bağırov bu adamın ictimaiyyət qarşısında and içməsini istədiyini söyləyib.

Bundan sonra təqsirləndirilən Cabbar Cabbarov başına gələnlərdən danışıb: "Bizə ən çox işgəncə verən bu (İbrahim Kazımovu göstərir – red.), Şahlar Cəfərov və Kərim Əlimərdanov idi. Bu (Yenə İbrahim Kazımovdan söhbət gedir –red.), cinsiyyət orqanımı tapdalamaqla mənə işgəncə verirdi. Bunlar bir dəfə məni elə döydü, elə əxlaqsız hərəkətlər elədilər ki, dedim, "Mehriban xanıma şikayət eləyəcəyəm". Çox ədəbsiz formada təhqir elədilər (Cabbar Cabbarov həmin təhqiri də məhkəmənin nəzərinə çatdırıb). Keçən dəfə Sahil Rzalı da Mehriban xanımla bağlı məsələni dedi. Nədənsə, bunları araşdırmır, ört-basdır edirsiniz. Bunlar hökumətin çörəyini yeyib, sonra da çörək verən adamı söyürlər".

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri

Məhkəmədə ayaqqabı atıldı

Təqsirləndirilən Abbas Hüseynov da İbrahim Kazımovun ona işgəncə verdiyini bildirib: "Bu, mənə dedi ki, "19 ildi burada işləyirəm, lalların dilini açdırıram mən".

"Bandotdel"də bunlar insanları şərləyir, döyür, öldürürlər. 2005-ci ildə Hacı Məmmədovun bandası tutulanda məlum oldu ki, Daxili İşlər nazirliyinin işçiləri hansı işlərlə məşğulmuş. Bir dəfə bu, düz iki saat məni döydü. Dedim ki, ürəyim xəstədi, düz ürəyimin üstündən vurdu".

Lakin İbrahim Kazımov özü barədə deyilənləri təkzib edib. O, təqsirləndirilən şəxslərin ünvanına nalayiq ifadə işlədib. Vəkillər məhkəməni polisin bu cür davranışına göz yummamağa çağırıblar.

Bu zaman təqsirləndirilən şəxslər də hiddətlənərək, sərt şəkildə etiraz ediblər. Onlar dəmir barmaqlıqlar arxasından İbrahim Kazımova sarı tüpürüb, ona ayaqqabı və plastik su qabları atıblar. İbrahim Kazımov da onlar tərəfə ayaqqabı tullayıb.

Qalmaqal düşdüyündən, məhkəmə iclası yarımçıq saxlanıb. Proses oktyabrın 17-də davam etdiriləcək.

XS
SM
MD
LG