Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:03

Arif Məmmədov: “Peşman deyiləm”


Arif Məmmədov
Arif Məmmədov

“Bu, hakimiyyətin növbəti axmaqlığıdır. Görünür, onlar həqiqətən, nədənsə çəkinirlər”.

Keçmiş səfir Arif Məmmədov Azərbaycan hüquq-mühafizə orqanlarının onun barəsində cinayət işi açmasını, ardınca da axtarışa verilməsini Turan-a şərh edərkən belə deyib.

Çalışdığı vəzifələrdə hər hansı qanun pozuntusuna yol vermədiyini deyən diplomat bildirib ki, o işdən uzaqlaşdırıldıqdan sonra diplomatik missiyada yoxlama aparılıb.

“Ancaq hər şey “təmiz” idi. Sonra başqa yoxlama komissiyası gəldi və gülməli şeylər yazdı. Guya mən elektrik enerjisinə görə, ödəniş etməmişəm”, - deyən A.Məmmədov bu ittihamın əsassız olduğunu vurğulayıb.

“Mən dipmissiyanın binasında yaşayırdım və əlbəttə ki, işıqpulu ödəyə bilməzdim. Diplomatik missiyanın kommunal xərclərini dövlət ödəyir. Bu, işçidən iş yerinin işıqpulunu ödəməsini tələb etmək kimi bir şeydir. Bundan başqa, villalarda yaşayan səfirlər belə kommunal xidmətlərə görə ödəniş etmir, onun mənzili rəsmi səfir iqamətgahı hesab olunur”.

Buna da bax: "Keçmiş səfir: 'İlqar Məmmədov nə qədər haqlı idi...'

Sabiq səfirin sözlərinə görə, onu dövlət sirrini yaymaqda da günahlandırıblar.

“Lap sonralar maliyyə yoxlaması mənim guya dövlət sirrini yaydığımı aşkar etməsi kimi başqa cəfəngiyyatlar da yazmışdı. Bunlar da sözsüz, uydurma idi. Harda görünüb ki, mühasibatçılar dövlət sirrinin yayılması faktının aşkar edilməsi ilə məşğul olsunlar?”, - sabiq səfir əlavə edib.

A.Məmmədov axtarışa verilməsinə rəğmən, işdən çıxarılmasına səbəb olan fikirləri sosial şəbəkədə paylaşdığına görə peşman olmadığını vurğulayıb: “Sosial şəbəkələrdəki qeydlərim qəlbimin səsi idi. Mən yanan evdə uşaqlarını xilas edə bilmədən qışqıran anaları gördükdə fikir söyləməyə bilməzdim”.

İki gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) A.Məmmədovun axtarışa verilməsi haqda məlumat yayıb.

İdarənin saytında bildirilir ki, 1964-cü il təvəllüdlü Arif Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edilib.

Buna da bax: " Keçmiş səfir axtarışa verilməsini dəyərləndirdi"

XATIRLATMA

A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrına kimi Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinə rəhbərlik edib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrına kimi isə Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

2013-cü ilin iyun ayından Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.

2015-ci ilin mayında Binəqədi rayonunda çoxtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra o, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməyə başlayıb. Yanğına əsas səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilirdi.

Səfir A.Məmmədov bu tənqidlərdən sonra vəzifəsindən azad edilib geri çağırılsa da, Bakıya qayıtmayıb.

XS
SM
MD
LG