Azərbaycan xəbərləri
Hesabat: 'QHT-lərin 2/3 hissəsi fəaliyyətini dayandırıb və ya...'

“2016-cı ildə Azərbaycanda siyasi azadlıqlar həddən artıq, məhdud durumda olub. Hökumət fəalları həbsə almaqda, sosial şəbəkələrdən etiraz aksiyalarının təşkilatçılarını təqib etməkdə davam edib”
Bu haqda USAİD-in (Amerika Beynəlxalq İnkişaf Agentliyi) ekspert sorğusu əsasında hazırlanmış “Vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı inkişaf indeksi 2015-Azərbaycan” hesabatında bildirilir.
Sənəddə qeyd edilir ki, 2016-cı ildə Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bununla yanaşı vitse-prezidentlik institutu təsis edilib.
Sənəddə vurğulanır ki, fəallar bu məsələni mübahisə mövzusuna çeviriblər. Bununla bağlı Avropa Şurasına müraciət edilib.
Buna da bax; 'Hökumət olub-qalan QHT-ləri də aradan götürmək istəyir' [video]
Hesabatda həmçinin bildirilir ki, QHT-lərə qarşı cinayət işləri davam edir və bu qurumlar lap məhdud şəkildə fəaliyyət göstərirlər.
Sənəddə xatırladılır ki, Azərbaycanın beynəlxalq Açıq Hökumət Təşəbbüsündə statusu qeyri-aktiv hala endirilib.
Sənəd müəlliflərinin fikrincə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin pisləşməsi neftin qiymətinin düşməsi ilə bağlı ölkədə iqtisadi durumun ağırlaşması fonunda müşahidə edilib.
Hesabatda vurğulanır ki, “Hüquqi mühit” reytinqi baxımından QHT-lər 7 ballıq göstərici üzrə 6.4 bal səviyyəsində qalıblar. QHT-lərin qeydiyyat problemi qalmaqda davam edir. Heç bir beynəlxalq donor və QHT yeni prosedurlarla qeydiyyatını yeniləşdirə bilməyib.
“Təşkilati imkanlar” meyarları üzrə reytinq enib
Sənəddə bildirilir ki, maliyyələşmə olmaması üzündən QHT-lərin 2/3 hissəsi fəaliyyətini dayandırıb və ya kəskin şəkildə məhdudlaşdırmağa məcbur olub.
Buna da bax: Əliməmməd Nuriyev: ‘OGP-nin qərarı Azərbaycan hökumətinin uğurudur’
Sənəd müəlliflərinə görə, maliyyə imkanları reytinqi də 6.3 baldan 6.5-ə enib. Bu məsələ ilə bağlı vurğulanır ki, QHT-lərn maliyyələşdirilməsindən ötrü mənbə olaraq ancaq dövlət fondları qalır.
Hesabata görə, yalnız “İctimai vəkillik” üzrə reytinq bir qədər yaxşılaşaraq 5-9 baldan 5.8 bala qalxıb.
Bununla yanaşı qeyd olunur ki, hökumətyönümlü QHT-lərə yaxşı şərait yaradılıb.
Sənədə görə, 2015-ci ildə vətəndaş cəmiyyətinin “İctimai imic” üzrə göstəriciləri də 5.7 baldan 5.8-ə enməklə pisləşib. Bu da QHT-ləri “beşinci kolon” kimi təqdim etməklə onların ətrafında qeyri-sağlam atmosfer yaradılması ilə izah edilir.
Hesabatda bildirilir ki, 2016-cı ildə ölkədə vətəndaş cəmiyyəti qurumlarının dayanıqlı inkişafı üzrə ümumi indeks pisləşib. Bu 2014-cü ildəki 5.8 baldan 2016-ci ildə 5.9 bala enib.
Hakimiyyət rəsmiləri, hələlik, bu sənədə münasibət bildirməyiblər. Ancaq onlar ümumilikdə vətəndaş cəmiyyəti təmsilçilərinə basqılarla bağlı deyilənləri qəbul etmirlər. Hakimiyyət təmsilçiləri bəyan edirlər ki, Qərb ölkələrində bəzi dairələr Azərbaycanın müstəqil siyasət yeritməsində maraqlı deyillər və bu üzdən rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar. Onların fikrincə bu siyasətin gerçəkləşməsində bəzi yerli qeyri-hökumət təşkilatları da iştirak edir.
Bütün xəbərləri izləyin
'Neft Daşları'nda kran dənizə düşüb, ölən var

Martın 18-də "Neft Daşları"nda kran tarazlığını itirərək dənizə düşüb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyindən (İB) bu barədə məlumatları ölkənin yerli saytlarına təsdiqləyiblər.
Məlumata görə, saat 16:25 radələrində "Azneft" İB-nin "Neft Daşları" Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində təmir işləri zamanı "Libher Gravleer" tırtıllı kranı tarazlığını itirərək dənizə düşüb.
Hadisə nəticəsində kranın maşinistinin həlak olduğu bildirilir.
Rəsmi məlumata həlak olan maşinistin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son 10 ildə Xəzərdə neftçilər bir sıra ağır faciələrlə üzləşiblər. 2016-cı il dekabrın 15-də qasırğanın Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçinin dənizə düşdüyü açıqlanmışdı. Onlardan birinin həmin gün, bəzilərinin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib.
Həmin vaxt bir çox sosial şəbəkə istifadəçiləri SOCAR rəhbərliyini önləyici təhlükəsizlik tədbirləri görməməkdə qınamışdı.
2015-ci il dekabrın 4-də isə "Günəşli" yatağında yanğın baş vermişdi. Həmin vaxt 64 neftçidən yalnız 34-ü xilas edilib. Onda da hava şəraitinin əlverişsiz olduğu bildirilirdi.
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb

Bu gün, martın 18-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə həbsdə olan media eksperti, "Toplum" İnternet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb. Vəsatətə təmin edilməyib.
Yaxınlarının verdiyi məlumata görə, Ə.Məmmədli məhkəmə iclasında geniş çıxış edib. Media ekspertinin deməsinə görə, bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi iddia edib ki, əgər o, azadlıqda olsa, istintaqın gedişinə əngəl törədə, yaxud sübutları yox edə bilər. Ə.Məmmədli vurğulayıb ki, artıq istintaq başa çatıb və işlə tanışlıq mərhələsi də yekunlaşıb.
Media ekspertinin sözlərinə görə, istintaqın materialları ilə tanış olanda aydın olub ki, onun həbsinə əsas olacaq heç bir fakt və sübut yoxdur.
Yaxınlarının əlavə etməsinə görə, o habelə səhhətindən danışıb və əməliyyat olmasının vacibliyindən bəhs edib.
Lakin hakim S.Hacıyeva Ə.Məmmədlinin həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb.
19 fevral
Ələsgər Məmmədli istintaq materialları ilə tanış olub, həbsini 'qanunsuz' sayır
Həbsdə olan media eksperti Ələsgər Məmmədli təsisçisi olduğu "Toplum" İnternet Televiziyası ilə bağlı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və "məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır".
Bunu fevralın 18-də Ə.Məmmədli ilə telefonda danışan qardaşı Nəsimi Məmmədli bildirib: "Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib".
Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün beş gün sərf edib.
"Deməsinə görə, 50 nəfərdən çox şəxs istintaqa çağrılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur", - N.Məmmədli bildirib.
Bu fikirlərə istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Ə.Məmmədli ötən il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Rüfət Səfərovun həbs müddəti uzadılıb

Bu gün, martın 18-də hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanından verilən təqdimata baxılıb.
Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, R.Səfərovun həbs müddəti mayın 3-dək uzadılıb.
7 yanvar
Rüfət Səfərovun anası onun ölkədən çıxışına qadağanın götürüldüyünü deyir
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı ölkədən çıxışına məhdudiyyətin götürüldüyünü bildirir. Onun sözlərinə görə, bu gün, yanvarın 7-də o, ağır xəstə olan həyat yoldaşı Eldar Sabiroğlu ilə birlikdə Türkiyəyə yola düşüb.
Onların artıq Türkiyədə olduğu bildirilir.
Məsələ ilə bağlı istintaqı aparan Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb.
6 dekabr
Rüfət Səfərovun anası ifadəyə çağrılıb
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı oğluna qarşı qaldırılan cinayət işi üzrə istintaqa çağırıldığını bildirib. Yanvarın 6-da o, şahid qismində ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.
T.Tahirqızının sözlərinə görə, o, qanunvericiliyə uyğun olaraq ifadə verməkdən imtina edib və oğlunun şərləndiyini deyib: "Müstəntiqə ölkədən çıxmağıma qadağa qoyulması ilə bağlı sual verdim, amma heç bir cavab ala bilmədim".
Hüquq müdafiəçisinin anası vurğulayıb ki, həyat yoldaşı Parkinson xəstəliyindən əziyyət çəkir və hər yarım ildən bir Türkiyədə müayinədən keçir: "Yanvarın 7-də də müayinəyə getməli idik, amma ölkədən çıxışına qadağa qoyuldu. Amma ümid edirəm ki, oğlumun həbsinin sifarişçiləri humanizm göstərəcəklər və onun atasının xaricə getməsinə imkan verəcəklər".
T.Tahirqızının açıqlamasına istintaqdan münasibət almaq mümkün olmayıb.
Rüfət Səfərovun anasının ölkədən çıxışına 'stop' qoyulduğu deyilir
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir. Bu barədə Səfərovun ailəsindən məlumat veriblər.
"Tahirə xanımın ölkədən çıxışına Daxili İşlər Nazirliyi qadağa qoyub. Tahirə xanım həyat yoldaşı Eldar Səfərovun Türkiyədə həkim müayinəsindən keçirilməsi üçün İstanbula getməli idi. Amma yanvarın 4-də onun çıxışına məhdudiyyət qoyulduğunu öyrənib. Rüfətin atası Eldar Səfərovun vəziyyəti kəskin şəkildə pisləşməsinə baxmayaraq, onu Türkiyəyə aparmaq, hələlik, mümkün olmayıb", - Səfərovlar ailəsindən deyiblər.
R.Səfərovun özü də saxlandığı təcridxanasından Daxili İşlər Nazirliyinə müraciət edib. O, anasının xəstə atası E.Səfərovla birlikdə ölkədən xaricə çıxmasına icazə verilmədiyini vurğulayaraq "nə etməyə çalışırsınız" deyə sual edib.
Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyinin özündən münasibət almaq mümkün olmayıb.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il, dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüldüyü açıqlanıb. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, ittihamları qurama sayır.
Xatırlatma
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.
Azərbaycan sərhədlərində məhdudiyyət iyulun 1-nə kimi uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi 2025-ci il iyulun 1-nə kimi uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı bu gün, martın 18-də qərar imzalayıb.
Azərbaycanda karantin müddəti aprelin 1-də başa çatırdı.
Baş nazirin qərarında bu belə izah edilib: "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə…".
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayından bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb. Son vaxtlar isə, ümumiyyətlə, bu virusa yoluxma ilə bağlı hər hansı statistika açıqlanmır.
Koronavirusla bağlı 2020-ci ilin yazından Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Bu hal hələ də davam edir. Ölkənin bir sıra müxalifət partiyaları pandemiyanın başa çatdığını vurğulayaraq məhdudiyyətlərin götürülməsini tələb edir.
Dövlət başçısı və bəzi deputatlar isə son dönəmlər açıqlamalarında sərhəddə məhdudiyyətlərin saxlanmasını Nazirlər Kabinetindən fərqli olaraq təhlükəsizlik amili ilə izah edirlər. Amma hakimiyyətin opponentləri vurğulayırlar ki, təhlükəsizliklə bağlı sərhəddə məhdudiyyətin saxlanması hökumətin acizliyi sayıla bilər. Onların fikrincə, əslində məqsəd hakimiyyətdəkilərin iqtisadi və siyasi maraqlarına söykənir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə, son statistikalara görə, 834 mindən çox insanın bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilir.
Endokrinoloji Mərkəzin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb

Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün, martın 18-də birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin "qanunsuz hərəkətləri ilə bağlı" daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə edilir ki, Mərkəzin vəzifəli şəxslərinin şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların qeydiyyata alınması, müxtəlif dərman vasitələri ilə təmin olunması məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr yaranıb: "Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir".
Hələlik, rəsmi açıqlamaya Mərkəzin rəhbərliyindən, cinayət işinə cəlb edilən vəzifəli şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Qeyd edilən maddələrlə şəxslərə ümumilikdə 7 ilə qədər həbs cəzası verilə bilər.
Baş Prokurorluq mühacirətdəki bloqerləri və keçmiş 'Akkord' rəhbərini istintaqa çağırıb

Azərbaycan Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırıb. Aralarında bəzi bloqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.
Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş "Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Baş Prokurorluğun məlumatında onun iyulun 14-də İstintaq İdarəsinə gəlməli olduğu qeyd edilir.
İ.Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunduğu bildirilir. Onun barəsində axtarış elan edildiyi, həbs-qətimkan tədbirinin seçildiyi vurğulanır.
Ondan başqa, bloqerlər Məhəmməd Mirzəli və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.
M.Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub, Fransada yaşayır. Özünün yazdığına görə, o, Göyçayda "Əsgər ölümlərinə son!" aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.
Bu iddialara hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib.
Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri, ümumiyyətlə, inkar edirlər.
Mirzəlinin Fransada olarkən bıçaqlandığı bildirilir, hətta qeyd edilir ki, həmin olayla bağlı həbs olunan şəxslər var. Onun Cinayət Məcəlləsinin 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) maddələri ilə 2018-ci il iyunun 2-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
Hakimiyyətə qarşı sərt çıxışları ilə tanınan və Baş Prokurorluğun İstintaq idarəsinə çağırılan başqa bir bloqer Q.Məmmədov isə Cinayət Məcəlləsinin terrorçuluq daxil 24 maddəsi il ittiham edilir.
Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur. Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. O, mühacirətdən əvvəl Azərbaycanda olarkən bir neçə dəfə müxtəlif ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən (Azad Söz) biri isə Tural Sadıqlıdır. O isə kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur. T.Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamalara sözügedən şəxslərdən ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma onlar bundan əvvəl haqlarında səslənən ittihamları, bir qayda olaraq, rədd ediblər və bunu tənqidi fəaliyyətləri ilə izah ediblər.
Trampın müşaviri Hikmət Hacıyevlə danışıb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub.
X hesabında paylaşım edən Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulması gərəkdiyini bildirib.
"Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz, firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq", - Uolts paylaşımında yazıb.
Azərbaycan rəsmi dairələri, hələlik, Hacıyev-Uolts danışığına dair açıqlama yaymayıb.
Azərbaycanla Ermənistan bu həftənin əvvəlində sülh sazişinin mətnini razılaşdırdıqlarını açıqlayıblar. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov hazırkı dönəmdə sülh müqaviləsinin imzalanmasına əsas maneənin Ermənistanın konstitusiyasının olduğunu bildirib. Ermənistan rəsmiləri isə, öz növbəsində, razılaşmanı imzalamaq üçün yeri və zamanı müzakirə etməyə hazır olduqlarını bildiriblər.
Daha iki cəbhəçi dövlət əleyhinə çağırış ittihamı ilə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyev dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunublar. Cəbhəçilər haqqında həbs qərarından verilən şikayətə martın 13-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Z.Əsgərovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, müvəkkili haqqında həbs qərarının əsassız olduğunu düşünür.
"Zaur Əsgərov haqqında həbs-qətimkan tədbiri seçilməsi üçün qanunda göstərilən maddi və prosessual əsaslar yoxdur. Şəxsi həbs etmək üçün ciddi əsas olmalıdır. Belə bir əsas yoxdur. Onu həbsdə saxlamadan da istintaq aparmaq olardı. O, ailə başçısıdır, övladları var", - vəkil məhkəmədə belə deyib. O, Z.Əsgərovun özünü təqsirli bilmədiyinə də diqqət çəkib.
Apellyasiya şikayəti təmin edilməyib və Binəqədi rayon Məhkəməsinin AXCP üzvləri haqqında qərarı qüvvədə saxlanılıb.
Cəbhəçilər martın 7-də saxlanılıbıar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham verilib. Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
AXCP üzvlərinin işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Partiyadan bildirilib ki, indi AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.
Neft Emalı Zavodunda yanğına görə saxlanan var

Bu il martın 5-də Bakıda Neft Emalı Zavodunda baş verən yanğın ilə bağlı saxlanan var.
Bu barədə bu gün, martın 13-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Məlumatda bildirilir ki, zavodun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində təhlükəsizlik qaydalarına əməl edilməyib: "Növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verib".
Rəsmi açıqlamaya görə, nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsi borudan təzyiq altında sızıb alovlanaraq geniş ərazini əhatə edən yanğın yaradıb.
Növbə heyəti rəhbəri, baş operator Sadiq Qarayev saxlanılaraq Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hələlik, bu açıqlamaya saxlanan şəxsin özü və yaxınlarının münasibəti bəlli deyil. Həmin ittihamla ona 6 ilə qədər həbs cəzası verilə bilər.
5 mart
Neft Emalı Zavodunun ərazisində yanğın
"Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb". Bu barədə saat 11:48-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının səbəbi və tələfat barədə, hələlik, məlumat verilməyib.
+++
Bu gün, martın 5-i səhər saatlarında Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir", - məlumatda bildirilir.
Neft Emalı Zavodu (NEZ) 15 növ məhsul istehsal edir. Bu məhsullar, əsasən, benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur.
1953-cü ildə inşa edilən zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.
Bugünlərdə Milli Məclisdə müzakirələr zamanı Nazirlər Kabinetinin nümayəndəsi bildirmişdi ki, Neft Emalı Zavodunun Bakıdan köçürülməsi məsələsinə baxılır. Halbuki, son 10 ildə zavodda modernizasiya işləri aparılmasından bəhs edilib.
İndi bəzi enerji ekspertləri sual edirdilər ki, əgər zavodda ciddi yenidənqurma işləri aparılıbsa, onun Bakıdan köçürülməsi nədən gündəmə gəlir?
Hələlik, rəsmilərdən bu suala cavab almaq mümkün olmayıb. Üstəlik, onlar son 10 ildə modernizasiya işlərinə nə qədər vəsait xərcləndiyini də açıqlamayıblar.
Kütüm balığı kəskin bahalaşıb
Azərbaycanın rayonlarında, xüsusilə də İran İslam Respublikasına yaxın cənub bölgəsində balığın kəskin bahalaşdığı bildirilir.
Cənub rayonlarının sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, ən çox da ziyad (kütüm) balığı bahalaşıb, hazırda 1 kilo 100 qram ziyad balığı 30.35 manata satılır.
"Qiymətin daha da artacağı gözlənir. Fevralın əvvəlində 1 kiloqramlıq ziyad balığı 1415 manata idi. İki dəfə bahalaşıb", - adının çəkilməsini istəməyən sakinlərdən biri söyləyib.
"Pensiyaya beş balıq almaq olar"
O bunun səbəbini qarşıdan Novruzun sonuncu-İlaxır çərşənbəsinin gəlməsi ilə izah edib: "Martın 18-də İlaxır çərşənbədir. İlaxır çərşənbənin adətlərinə görə, süfrədə ziyad balığı olmalıdır. Bu üzdən hər Novruz bayramı ərəfəsində ziyad balığı bahalaşır. Amma heç vaxt belə kəskin bahalaşma olmurdu. Əvvəl bahalaşma faizlə olurdu, indi dəfə ilə olub. Bir balıq çəkisindən asılı olaraq 40-50 manata satılır. Obrazlı desək, Azərbaycanda ortalama bir pensiyaçının pensiya məbləğinə beş kütüm balığı düşər".
Başqa bir yerli sakin isə kütüm balığının bahalaşmasını həmçinin onun qıtlığı ilə izah edib: "Həm Xəzərdə balıq azalıb, həm də balıqçılara məhdudiyyət artıb".
Bütün bu deyilənlərlə bağlı rəsmi qurumların fikirlərini öyrənmək mümkün olmayıb.
Azərbaycan hökuməti iki şikayətə görə 14 min avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 11-də Azərbaycanla bağlı bəzi qərarlarını açıqlayıb. Məlum olub ki, Azərbaycan toplam 14 min 500 avro təzminat və xərclər ödəməlidir.
Şikayətlərdən biri 2016-cı ildə həbs olunan müxalifət fəalı və "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovla bağlıdır. Orada bildirilir ki, polis ərizəçi Faiq Əmirovu 2016-cı ilin avqustunda Gülənçi hərəkatına mənsub olduğu iddiasıyla saxlayıb, ardınca da o, vergidən yayınma, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib.
Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyası 5-ci maddəsinin 1 və 3-cü (azadlıq və toxunulmazlıq hüququ) bəndlərinə əsaslanaraq cinayət törətməsi ilə bağlı "əsaslı şübhə" olmadan həbs edilib saxlanıldığını, eləcə də daxili məhkəmələrin onun istintaqdan əvvəl həbsini əsaslandıra bilmədiyini iddia edir. O, 6-cı maddənin 2-ci (günahsızlıq prezumpsiyası) bəndi çərçivəsində hüquq-mühafizə orqanlarının mediaya açıqlamasında özünün cinayətkar kimi tanıdılmasından da şikayətlənir. Üstəlik, ərizəçi 5-ci maddə ilə bağlı 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin hədləri) maddə əsasında da şikayət irəli sürür.
Məhkəmə bu işdə iddia olunan pozuntunu tanıyıb və Avropa Konvensiyasının 5-ci (azadlıq) maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyənləşdirib. AİHM-in qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 9 min avro ödəməlidir.
AİHM-də qərar verilən digər iş jurnalist Aytac Əhmədovanın şikayəti ilə bağlıdır.
Ərizəçi iddia edir ki, 2015-ci ilin sentyabrında onlayn xəbər portalı olan MeydanTV ilə əməkdaşlıq etdiyi üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyə məcbur edilib və orada xəbər portalı, onun fəaliyyəti ilə bağlı sorğu-suala tutulub. DİN əməkdaşları heç bir order və ya məhkəmə qərarı olmadan onun mənzilində axtarış apararaq kompüterini də götürüblər. Onun ailəsiylə evdə və çimərlikdə çəkdirdiyi bəzi şəxsi fotoşəkil və videogörüntülər, çox güman, saxta şəxslərə məxsus müxtəlif "Facebook" hesablarında yayımlanıb. Paylaşımlar ərizəçinin "dilindən asılmalı", "hamının gözü önündə çılpaq asılmalı" və s. yazılarla müşayiət edilib.
Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinə əsaslanaraq şəxsi həyatına hörmət hüququnun qorunmadığını və bu baxımdan, hökumət orqanlarının onun şikayətlərini araşdırmadığını iddia edir.
Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 5 min 500 avro ödəməlidir.
Bakı-Moskva reyslərində gecikmələr olub

Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə J2-807 (Vnukovo), J2-181 (Domodedovo) nömrəli reysləri, müvafiq olaraq, saat 12:25 və 12:35-də yola düşüb.
Bu barədə AZAL-dan bildirilib.
+++
"Rosaviasiya" Rusiyanın bir sıra hava limanlarında təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
+++
Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Moskva marşrutu üzrə J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
Ötən gücə, martın 11-də Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya kütləvi hücum həyata keçirib. İki nəfərin öldüyü, 10-dan çoxunun yaralandığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi ölkəboyu ümumilikdə 337 dronun vurulduğunu bildirib.
Üç il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi.
Azərbaycan keçmiş hakim Xaxalevanı Rusiyaya verməkdən imtina edib

Azərbaycanda məhkəmə Krasnodar Vilayət Məhkəməsinin keçmiş hakimi Yelena Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina edib. Bu barədə APA onun vəkilinə istinadən xəbər verir.
Xaxaleva Rusiyanın tələbi ilə yanvarın sonunda Bakıda saxlanılıb. "Kommersant" qəzeti bunun Dubaya uçuşdan əvvəl hava limanında baş verdiyini yazıb. Əvvəlcə Xaxaleva istintaq təcridxanasına göndərilib, lakin fevralın 4-də polis nəzarətinə verilməklə sərbəst buraxılıb.
Rusiyada Xaxalevaya qarşı dələduzluq və vəzifə saxtakarlığına görə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, o, 2016-2019-cu illər arasında 127 gün iş yerində olmayıb: o, iş vaxtının cədvəllərini dolduran məhkəmə işçilərini aldadıb və nəticədə təxminən 1.2 milyon rubl (14 min 515 ABŞ dolları) maaş alıb.
2021-ci ilin dekabrında Hakimlərin ali ixtisas kollegiyası Xaxalevaya qarşı işin başlanmasına icazə verib, lakin o, bu vaxta qədər ölkəni tərk edib. Bundan əvvəl o, hakim statusundan məhrum edilib.
Y.Xaxaleva 2017-ci ildə, media onun qızı və İstintaq Komitəsinin müstəntiqi Vadim Badalovun dəbdəbəli toyu haqqında yazandan sonra məşhurlaşıb. Şənlikdə Nikolay Baskov, Valeri Meladze, İosif Kobzon və digər ulduzlar görüntüləniblər. Tədbirin dəyərinin 2 milyon dollar olduğu bildirilirdi. Daha sonra Krasnodar Vilayət Məhkəməsinin Hakimlər şurası toya 4.5 milyon rubl (51 min 430 dollar) xərcləndiyini müəyyən edib.
Jurnalistlər 'Elektron məhkəmə' sisteminə məhdudiyyətdən narazıdırlar

Bir sıra media nümayəndələri "Elektron məhkəmə" sistemində məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
Məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqinin sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq bunu şəffaflığın pozulması kimi qeyd ediblər.
Bildirilib ki, məlumatların qapalı olmasına görə məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.
Müraciətdə o da vurğulanıb ki, "e-məhkəmə" sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə olunmasına əngəldir.
9 il... Bunun nəyi şəffaflıq oldu?
Azərbaycanda "Elektron məhkəmə" informasiya sistemi 2014-cü ildə prezidentin sərəncamı ilə yaradılıb. Bu sistem məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib olunmasını, iclasların audio, video qeydə alınmasını, habelə onları onlayn rejimdə izləmək imkanını özündə ehtiva etməlidir.
Amma artıq bir müddətdir sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur. Ayrı-ayrı jurnalistlər isə şikayətlənirlər ki, Dünya Bankının maliyyəsi ilə yaradılmış elektron sistemin ictimaiyyət üçün yalnız adı qalıb. "Hakimlərin fotolarından, tərcümeyi-hallarından tutmuş, məhkəmələrdə baxılan işlərə qədər hamısını sistemdən yığışdırıblar. Bunun nəyi şəffaflıq oldu?", - jurnalistlər sual edir.
Hələlik, müraciətə Məhkəmə Hüquq Şurası və Ali Məhkəmədən münasibət almaq mümkün olmayıb.
Putin Sahibə Qafarovaya orden verdi

Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı "Dostluq" ordeni ilə təltif edib.
Son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə nisbi gərginlik müşahidə olunur.
10 fevral
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu
Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin adı Azərbaycana girişi qadağan olunmuş şəxslərin siyahısına daxil edilib.
Bunu yerli mediaya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
A.Hacızadənin sözlərinə görə, N.Valuyevin Azərbaycana qarşı "təhdid xarakterli" fikirləri tamamilə qəbuledilməzdir.
"Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim "Vahid Rusiya" partiyasının üzvləridir", - A.Hacızadə vurğulayıb.
Azərbaycan tərəfi "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyinin (Rus Evi) fəaliyyətini dayandırması barədə Rusiyaya nota göndərdikdən sonra Valuyev Bakının qərarını tənqid edib.
"Rusiyada "Azersotrudniçestvo" kimi bir qurum mövcud deyil. Amma bunun əvəzində çox sayda "diasporlar" var. Bu diasporlar mədəni mübadilə ilə əlaqəli deyil, daha çox pulla əlaqəlidir. Və böyük miqyasda. Bu, təkcə Rusiyada deyil, həm də tarixi vətəndə son dərəcə zəruridir. Bu pullar, bunu necə daha ehtiyatla ifadə etsəm, heç də həmişə qanuni deyil... Onlara daha yaxından nəzər salmağın vaxtı çatmadımı?", –rusiyalı deputat öz Telegram kanalında sual edib.
7 fevral
Kreml Putinlə Əliyevin Rus Evi ilə bağlı müzakirə aparacağını istisna etmir
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (Rus Evi) ətrafında yaranmış vəziyyət Rusiya və Azərbaycan prezidentləri arasında təmaslar baş tutduqda müzakirə oluna bilər.
TASS xəbər verir ki, bu ehtimalı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə səsləndirib.
"Biz buna təəssüf edirik. Hesab edirik ki, bu anlaşılmazlıqdır və ikitərəfli təmaslarla həll oluna bilər", - Peskov Rusiya Evinin bağlanmasını şərh edərkən bildirib.
"Əlbəttə, biz bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, istisna etmirik ki, bu məsələ iki dövlət başçısı arasında dialoqda müzakirə oluna bilər", - Kremlin sözçüsü Putinlə Əliyev arasında bu mövzuda təmasların olub-olmayacağı ilə bağlı suala cavabında bunları bildirib.
6 fevral
Azərbaycan Rus Evi ilə bağlı Rusiyaya nota göndərib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə Rusiya XİN-ə nota göndərib.
Vesti.ru xəbər verir ki, bu barədə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov "Rossiya 24" telekanalının efirində bildirib: "Notada deyilir ki, bizim nümayəndəliyimiz, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
Primakovun sözlərinə görə, Rusiya dəfələrlə Bakıdan qeydiyyatla bağlı kömək istəyib, lakin cavab almayıb.
XİN təsdiqləyir
"Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun tənzimlənir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "Rossotrudniçestvo" agentliyi ilə bağlı yerli medianın sualına cavabda deyib. Onun sözlərinə görə, "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə məlumat verilib. Bu il fevralın 3-də isə onun fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərilib.
Sözçü Rusiyadan bu qərara uyğun tədbirlər gözlənildiyini vurğulayıb.
28 yanvar
Rusiya səfiri də Azərbaycan XİN-ə çağrılıb
Yanvarın 28-də Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
Azərbaycan XİN bildirir ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də bəzi rəsmi dairələri tərəfindən "dezinformasiya xarakterli", onları "hədəf alan" yazıların dərc olunmasının anlaşılmazlıq yaratdığı, iki ölkə arasında 3 il əvvəl imzalanan "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb: "AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiyadan gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb".
Açıqlamaya görə, yerli mətbu orqanında "Rus evi" ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
27 yanvar
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, yanvarın 27-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi bu quruma dəvət ediblər və nazir müavini Mixail Qaluzin onunla görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı nazir müavini "Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əlaqələrin qurulmasının mütləq əhəmiyyətini vurğulayıb".
Açıqlamaya görə, görüşdə habelə "Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda Rus Evinə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə olunub".
Bugünlərdə hakimiyyətyönlü "Baku TV" peyk telekanalında Bakıda yerləşən "Rus Evi" mədəniyyət mərkəzi ilə bağlı reportaj efirə gedib. "Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi" adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb. Rusiya XİN bildirib ki, Mixail Qaluzin bu iddiaları "tamamilə əsassız" adlandırıb.
Görüşdə həmçinin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması da müzakirə olunub. "Faciənin bütün detallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", -Rusiya XİN bildirib.
Xatırlatma
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib və hadisənin Rusiya səmasında baş verdiyinə görə üzr istəyib. Ancaq Rusiya hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.
Azərbaycan həm məsuliyyətin müəyyən olunması və həm də kompensasiya ödənilməsini tələb edir.
Dövlət Turizm Agentliyində həbs edilən var

Azərbaycan Dövlət Turizm Agentliyində (DTA) bir sıra vəzifəli şəxslərin istintaqa cəlb olunduğu bildirilir.
Yerli saytların məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxlayıb. Onun barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Bu məlumata, hələlik, agentlik və adıçəkilən şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Elə martın 4-də prezidentin sərəncamı ilə DTA-nın sədri Fuad Nağıyevə "işində yol verdiyi nöqsanlara görə" şiddətli töhmət elan edilmişdi.
Agentliyin bir sıra vəzifəli şəxslərinin vəzifələrindən uzaqlaşdırıldığı deyilir.
2018-ci il aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Nazirlər Komitəsi Azərbaycanı jurnalistləri qorumağa çağırır

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi Azərbaycanı jurnalistləri fəaliyyətləri ilə bağlı hücumlar, təhdidlər və təqiblərdən qorumağa çağırıb.
Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət etmək məqsədilə keçirdiyi üç aylıq iclasda Xədicə İsmayıl qrupu üzrə Aralıq Qətnamə də qəbul edib. Bu işlər Azərbaycanın araşdırmaçı jurnalist X.İsmayılın, habelə digər iki ərizəçinin şəxsi həyatının toxunulmazlığı və ifadə azadlığını müdafiə edə bilməməsi ilə bağlıdır.
Bu həftə keçirilən iclasda Nazirlər Komitəsi razılığa gəlib ki, X.İsmayıl ilə bağlı AHİM-in tanıdığı hüquq pozuntularının aradan qaldırılması istiqamətində təcili irəliləyiş lazımdır.
Komitə həmçinin onun fəaliyyətinin təqib və maneəsiz həyata keçirilə bilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xüsusən də hökuməti hücumlarla bağlı insan hüquqlarına uyğun araşdırmaları təmin etməyə səsləyib.
Bundan əlavə, Komitə bildirib ki, Azərbaycan ölkədə qəbul olunmuş media qanununu Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün konkret addımlar atmalıdır.
Nazirlər Komitəsi bu məsələlərdə irəliləyiş üçün Azərbaycan hökumətini qətiyyətlə Avropa Şurası ilə təmasa dəvət edib.
Komitə, eyni zamanda, Azərbaycandan 2025-ci il iyunun sonuna qədər yenilənmiş fəaliyyət planını təqdim etməsini istəyib.
Azərbaycan hökuməti, hələlik, bu deyilənlərə münasibət açıqlamayıb.
X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.
AİHM X.İsmayılın şəxsi həyatın toxunulmazlığı, fikri ifadə etmək azadlığının pozulmasını tanıyıb. Jurnalist məhz araşdırma yazılarına görə təzyiqlərə məruz qaldığını deyirdi.
Xatırlatma
Son bir ildə aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Helsinki Komitəsi Azərbaycanda qadın jurnalistlərin həbsini yanlış... sayır

"Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçı və qorxaqlıqdır".
Bu, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Norveç Helsinki Komitəsinin açıqlamasında yer alır.
Açıqlamada qeyd edilir ki, "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" 2023-cü ildən hökumət repressiyaları ilə üzləşib.
Həmin media qurumlarının həbs edilən jurnalistlərinin arasında xanım əməkdaşlar da var: "Həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var, onlara təcili tibbi yardım lazımdır. Həbsxanada təhlükəli şərait və adekvat tibbi xidmət almaqda çətinlik səbəbindən məhkəməyəqədər həbs müddətində onların həyatları risk altındadır".
Sənədin sonunda da vurğulanır ki, "qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir".
Hələlik, bəyanata rəsmi qurumların münasibəti bəlli deyil.
Xatırlatma
Son bir ildə aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti AXCP üzvünə təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 6-da Azərbaycandan gələn bir sıra şikayətlərlə bağlı qərarlarını açıqlayıb. Həmin qərarlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlıdır. AİHM AXCP üzvünə qarşı qanun pozuntusunu tanıyıb
Məhkəmə qərarında qeyd edib ki, M.İbrahimin 2015-ci il sentyabrın 30-da saat 23:30-dan oktyabrın 3-ü saat 15:00-dək 48 saatdan çox müddətə məhkəmə qərarı olmadan saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsinin birinci bəndini pozub.
Ancaq Məhkəmə ərizədə qaldırılan "əsas" hüquqi məsələyə baxdığını əsas gətirərək həbs-qətimkan tədbirinin qanunsuzluğuna dair şikayətə baxmağa ehtiyac görməyib.
Qərara əsasən, hökumət İbrahimə maddi zərərə görə 2 min, hüquqi xərclərə görə 250 avro ödəməli olacaq.
Həmin il oktyabrın 3-də məhkəmə qarşısına çıxarılan müxalifətçi bərəsində xuliqanlıq ittihamı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
"Saxlanılmağım qanunsuz idi. İrəli sürdükləri ittihama dair heç bir sübut yox idi", - M.İbrahim deyib.
AXCP üzvü Strasburq məhkəməsinin barəsində həbs-qətimkan tədbirinə hüquqi qiymət verməməsindən narazılığını ifadə edib.
2015-ci ildə açılan cinayət işi nəticəsində M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülərək həbs müddəti uzadılıb və, nəhayət, o, 2019-cu ildə azadlığa buraxılıb. (Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb)
AİHM-nin qərarlarına Azərbaycanın hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Fatimə Mövlamlı həbsdə qaldı

Bu gün, martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Fatimə Mövlamlı barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Məhkəmə apellyasiya şikayətini təmin etməyib.
28 fevral
Jurnalist Fatimə Mövlamlı həbs edilib
Martın 1-də Xətai rayon Məhkəməsində jurnalist Fatimə Mövlamlı həbs edilib. Məhkəmə istintaq orqanının təqdimatı üzrə onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlının "MeydanTV işi" ilə əlaqəli cinayət işinə görə saxlandığı bildirilmişdi. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, ittihamı qurama sayır, sırf peşə fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib.
28 fevral
Fatimə Mövlamlı saxlanıb
Jurnalist Fatimə Mövlamlının bu gün, fevralın 28-də saxlanıb.
Bəzi yerli saytlara bu barədə məlumatı Azərbaycan Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər. Onun "MeydanTV işi" ilə əlaqəli saxlandığı vurğulanır.
Yaxınlarının vurğulamasına görə, polis F.Mövlanlının yaşadığı evlərində də axtarış aparıb: "Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil".
Hələlik, bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
21 fevral
Jurnalist Nurlan Libre həbs olunub
Fevralın 21-də Xətai rayon Məhkəməsində jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə bağlı istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onun "MeydanTV işi" ilə bağlı açılan cinayət işi üzrə həbs olunduğu bildirilir.
"MeydanTV işi"ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.
N.Qəhrəmanlının da ittihamı qəbul etmədiyi deyilir.
+++
Jurnalist Nurlan Qəhrəmanlı (Libre) fevralın 20-də Bakıda saxlanıb. Yaxınlarının vurğulamasına görə, onun Sumqayıtda yaşadığı evdə axtarış aparılıb.
+++
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən beşdən çox jurnalist ötən ilin dekabrında tutulub. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti hökuməti siyasi motivlərlə, haqsız saxlananları azad etməyə çağırır.
Neft Fondunun gəlirləri 200 milyardı ötüb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan ötən ilin sonuna kimi ümumi gəlirləri 207.3 milyard ABŞ dolları təşkil edib.
Bu barədə bu gün, martın 6-da 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirilib.
Hərçənd ötən ilin göstəricilərinə görə, Fondda yığılan 207 milyard dollardan cəmi 60 milyard qalıb.
ARDNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb.
Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən çəkilən xərclərin böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb.
Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.
Vəkil Adəm Məmmədov məhkəmə zalında həbs edildi

Bu ilin əvvəlində vəkillik fəaliyyəti 3 aylığa dayandırılan Adəm Məmmədov martın 5-də həbs olunub. Nərimanov rayon Məhkəməsi vəkil həmkarı Ceyhun Yusifovun şikayəti əsasında onun haqqında 6 aylıq həbs hökmü çıxarıb. A.Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələriylə təqsirli bilinib.
Eyni iş üzrə A.Məmmədovla yanaşı, qardaşı Xəyyam Məmmədova da hökm oxunsa da, o həbs edilməyib. Hakim Gültəkin Əsədova X.Məmmədova 6 ay islah işləri cəzası kəsib.
Artıq 8 aydır Nərimanov rayon Məhkəməsində C.Yusifovun Məmmədov qardaşlarına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılırdı. C.Yusifov iddia edir ki, qardaşların təsisçisi olduğu və rəhbərlik etdiyi saytda onun şəxsi həyatına aid böhtan xarakterli bilgi yayılıb. Həmin bilgini başqa platformalar da tirajlayaraq yayıb. Nəticədə onun işgüzar nüfuzuna zərbə vurulub, şərəf və ləyaqəti alçaldılıb.
A.Məmmədov bu ittihamla razı deyil. O, bütövlükdə iddianın icraata götürülüb baxılmasına etirazını bildirdiyindən, öz növbəsində, C.Yusifovu məhkəməyə vermişdi.
A.Məmmədov 2024-cü ildən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi kimi də fəaliyyət göstərib. Təxminən ayyarım öncə onun BDU-dakı fəaliyyətinə də xitam verilib.
BQXK-nın Bakıdakı nümayəndəliyi bağlanır?

"Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib". Yerli saytların məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildiriblər. Vurğulanıb ki, hazırda onlar hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.
Azərbaycanın rəsmi qurumları bu məlumatı, hələlik, nə təsdiq, nə də təkzib ediblər.
BQXK İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 1863-cü il fevralın 9-da yaradılıb. Təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi istiqamətində fəaliyyət göstərir.
BQXK-nın Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir.
Rəsmi Bakı bugünlərdə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığı milli prioritetlərə uyğun şəkildə yenidən quracağını açıqlamışdı. Bildirilirdi ki, bəzi BMT qurumları ilə də gələcək əməkdaşlıq birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək. Bundan sonra bir sıra yerli saytların məlumatına görə, BMT-nin bəzi qurumlarının Azərbaycandakı nümayəndəliklərinin bağlanacağı gözlənir. Hərçənd bununla bağlı tərəflərin konkret rəsmi açıqlamaları yoxdur.
Çağırışda rüşvətə görə yenə günahlandırılanlar var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov və onunla birgə daha bir neçə vəzifəli şəxs ittihamlarla üzləşib.
Bu barədə bu gün, martın 5-də Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bildirilir.
Onlara "iş üzrə toplanmış ilkin sübutlar əsasında" Azərbaycan Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. "İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində... ev dustaqlığı qətimkan tədbirləri seçilib".
Hələlik, bu məlumata adıçəkilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.
Son illər Xidmətin bir sıra rayon şöbələrinin vəzifəli şəxsləri də eyni ittihamlarla üzləşiblər. Elə iki il əvvəl bu xidmətdən saxlananlar arasında Xəzər rayonun da vəzifəli zabitləri olmuşdu.
Niyaməddin Əhmədovun yenidən 'karser'ə salındığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədovun yenidən cərimə kamerasına (karser) salındığı bildirilir.
Fəalın atası Arif Əhmədovun sözlərinə görə, bu barədə ona martın 4-də cəzaçəkmə müəssisəsindən bildirilib.
A.Əhmədov deyib ki, oğlu əmrə tabe olmadığına görə artıq bir həftədir karserə salınıb, amma hansı əmrə tabe olmadığı izah edilməyib.
Yaxınlarının vurğulamasına görə, N.Əhmədovun karserə salınması ilə bağlı narahatlıq onun zəng etmə hüququndan istifadə etməməsindən sonra yaranıb. Onların dediyinə görə, o, ailəsi ilə sonuncu dəfə fevralın 23-ü əlaqə saxlaya bilib.
N.Əhmədovun AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilib. Kərimli martın 3-də Facebook səhifəsində yazdığı statusda Əhmədovun əvvəllər də karserə salınmasını və aclıq aksiyaları keçirdiyini vurğulayıb.
Bütün bu açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
AXCP-dən bundan əvvəl bildirilmişdi ki, N.Əhmədov sonuncu dəfə ötən il martın 15-də aclıq aksiyasına başlamış və onu iki həftə davam etdirmişdi. "Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa salınmışdı", - həmin vaxt partiyadan vurğulanmışdı.
Amma onda Penitensiar Xidmətdən bildirilmişdi ki, məhkum N.Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda bir dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur: "Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ da təmin edilir".
Xatırlatma
AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.
N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.