Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:35

İ.Əliyev: 'Cümhuriyyətin fəaliyyətini düzgün təhlil etməliyik'


İlham Əliyev
İlham Əliyev

«Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır».

Dövlət başçısı İlham Əliyev bunu yanvarın 10-da Nazirlər Kabinetinin «2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr»ə həsr olunan iclasında bildirib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını və iki il ərzindəki fəaliyyətini «tarixi hadisə» adlandırıb:

«Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq».

«Tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib»

Amma İ.Əliyev indiki Azərbaycanın AXC ilə müqayisə edilməz olduğunu vurğulayıb. AXC-nin torpaq itkilərinə yol verdiyini deyib:

«...Torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın (Yerevanın-AR) Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini dövlət və xalqı yüksək qiymətləndirir».

Dövlət başçısı 2018-ci ili Azərbaycanda «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan etdiyini, il ərzində həm ölkədə, həm xaricdə bununla bağlı bir çox tədbirlər keçiriləcəyini bildirib.

Xatırlatma

Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə mövcud olub. Rusiyanın XI Qızıl Ordusunun Azərbaycanı işğal etməsi ilə süqut edib.

XS
SM
MD
LG