Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Məhkəmədə iddia: 'Oğurlanan pulun bir hissəsini polis götürüb...'


Pul
Pul

«Murad Farm» şirkətinə daxil olan apteklərdən birindən 55 min manata yaxın pul oğurlanıb. Buna görə üç nəfər həbs olunub ki, onlardan ikisi Azərbaycan Tibb Universitetində təhsil almış gənclərdir. Onlardan Çingiz Xankişiyevin 35, Əli İsmayılovun 28, Amil Məmmədlinin isə 26 yaşı var. Amil və Əli əvvəl həmin aptekdə işləyib.

Məhkəmədə özlərini qismən təqsirli biliblər. Onlar oğurlanan vəsaitin məbləğiylə razılaşmırlar. Deyirlər ki, ittihamda göstərilən məbləğ şişirdilmiş rəqəmdir.

40 min manata yaxın pul aptek sahibinə qaytarılıb

Adları çəkilən şəxslər tutulanda onlardan 39 min 902 manat pul da götürülüb, zərərçəkmiş tərəfə - aptek sahibinə qaytarılıb. Amma gənclər deyir ki, polislərə 39 min 902 manatdan daha çox pul təhvil veriblər. Onlar iddia edir ki, pulun bir hissəsini polis bölməsində götürüblər.

Bir hissəsini isə xərclədiklərini, o pula bahalı ətir, qol saatı aldıqlarını deyiblər. Həmin əşyalar da müsadirə edilib.

CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsiylə ittiham olunan təqsirləndirilən şəxslər noyabrın 18-də son sözlərini deyiblər. Onlar peşman olduqlarını vurğulayıblar.

«Çox peşmanam. Xahiş edirəm, bizə mümkün qədər yüngül cəza təyin edəsiz», – Ç.Xankişiyevin sözləridir.

Məhkəmə A.Məmmədliyə 6 il 6 ay, Ç.Xankişiyev və Ə.İsmayılovun hər birinə isə 6 il həbs cəzası kəsib. Hakim deyib ki, polis bölməsində oğurluq puldan götürülməsi barədə iddialarla əlaqədar xüsusi qərar çıxarılacaq, məsələnin araşdırılması üçün Baş Prokurorluğa göndəriləcək.

Bu olayla əlaqədar Nərimanov və Cəlilabad rayon prokurorluqlarında, Nərimanov rayonu, 16-cı polis bölməsində araşdırmalar gedib.

XS
SM
MD
LG