Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:29

F.Qəhrəmanlı istintaqda orduya dəstək yürüşü barədə necə ifadə verib


F.Qəhrəmanlı
F.Qəhrəmanlı

İyulun 15-də Bakıda keçirilən orduya dəstək yürüşündən sonra həbs olunanların işi artıq məhkəməyə göndərilib. Yaxın günlərdə Səbail rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var, onlardan 36-sı həbsdədir. Təqsirləndirilənlər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) 16 nəfər, Müsəlman Birliyi Hərəkatından 2 nəfər, Azərbaycan Demokratiya və Rifah Hərəkatından (ADR) da 1 nəfər fəal var. Vaxtilə Naxçıvan daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də bu işdə ittiham olunanlardan biridir.

Əli Kərimlinin təklifinə YAP-dan cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Yürüş keçirilən gün evdə olub

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, həbs olunanlardan AXCP Rəyasət Heyətinin 4 üzvü – Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov Məmməd İbrahimə hadisələrin təşkilatçısı, digər təqsirləndirilənlərə isə iştirakçısı kimi ittiham maddələri verilib.

İttiham aktında iddia olunur ki, yürüşdə baş verənlərin (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s.) təşkilatçısı Almaniyada yaşayan Qabil Məmmədov, onun həyat yoldaşı Aytən Ramazanova olub. AXCP fəalı, Qarabağ əlili Asif Yusifli də onların təlimatıyla yürüşə qoşulub. Orada baş verənlər əvvəlcədən sosial şəbəkələrdəki söhbətlər vasitəsilə planlaşdırılıb. F.Qəhrəmanlı, B.İmanov, M.İbrahim yürüşə qoşulmadan bu prosesi idarə ediblər.

F.Qəhrəmanlı istintaqa ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, orduya dəstək yürüşü keçirilən gün evdə olub, yürüşdən də sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin, müxtəlif saytların canlı yayımlarını görəndə xəbər tutub. Sonra sosial şəbəkələrdəki qrupda cəbhəçilərlə bu barədə söhbətləri olub. Gecə saat 2-yə qədər yürüşdə baş verənləri internetdə izləsə də, sonradan yatıb, hadisələri sona qədər izləməyib. Almaniyada yaşayan Q.Məmmədov və həyat yoldaşının təşkilatçılığı haqda suala cavabında isə bildirib ki, onları şəxsən tanımır. Bir dəfə Youtube-da Q.Məmmədovun çıxışını görüb və bəyənməyib.

A.Yusifli
A.Yusifli

"Partiyadan başqa heç kimi görməmişəm"

A.Yusifli də özünü təqsirli bilməyib. Deyib ki, bu işə görə həbs olunan başqa bir cəbhəçi Seymur Əhmədzadə ilə kirayə qaldıqları evdə söhbətləşəndə sosial şəbəkələr vasitəsilə bir qrup şəxsin vətənpərvərlik şüarlarıyla yürüş etdiyini öyrəniblər. Onlar da Heydər Əliyev Mərkəzinin yaxınlığında yürüşə qoşulublar. Orada hökumət əleyhinə heç bir şüar səsləndirilməyib: "Gəlib Şəhidlər Xiyabanına çatdıq. Bir müddət sonra ora Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, keçmiş Daxili işlər naziri Ramil Usubov, adlarını bilmədiyim hərbi geyimli bir neçə general da gəldi. Hərbi geyimlilərdən biri mikrofonda nitq söyləməyə başlayanda, kütlə narazılıq edərək "Nəcməddin, istefa" şüarı səsləndirməyə başladı. Həmin ərəfədə mən müsahibə verirdim. Deyirdim ki, burada siyasi tələbimiz yoxdur, yalnız ordumuza dəstək vermək üçün gəlmişik".

A.Yusifli bildirib ki, o, bir qədər sonra çıxıb gedib. Bir qrup adamın Milli Məclisə daxil olmasından, polis maşınının aşmasından ertəsi xəbər tutub. Çünki parlamentin qarşısında onun olduğu yerdən Milli Məclisin binası da, orada baş verənlər də görünmürdü.

O vurğulayıb ki, yürüşdə iştirak üçün nə kimdənsə təlimat alıb, nə də AXCP rəhbərliyindən kiminləsə əlaqə saxlayıb: "Yürüşdə olanda Facebook-da canlıya çıxdım, bundan sonra bir neçə dəfə tanışlar zəng eləyib, orada baş verənləri soruşdu. Milli Məclisin qarşısında olanda partiya üzvlərindən Mətanət xanımı, Fəridi, Elvin Məmmədovu orada təsadüfən görmüşəm. Partiyadan başqa heç kimi görməmişəm...".

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

XS
SM
MD
LG