Bu gün Yerevanda müxalifət partiyaları hökumət binasının qarşısında etiraz aksiyası təşkil ediblər. 16 partiyanın formalaşdırdığı “Vətənin xilası hərəkatı”nın tərəfdarları “Nikol satqındır”, “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.
Ancaq nümayişçilər hökumətin iclasını poza bilməyiblər, iclas Nikol Paşinyanın sədrliyi ilə keçirilib.
“Daşnaksutyun” partiyasından Geqam Manukyan deyib ki, indiki hökumət “Ermənistan Respublikası və Artsaxın (Dağlıq Qarabağın) təhlükəsizliyinə böyük zərbə vuracaq”. Hüquq-mühafizə orqanlarına müraciət edən Manukyan deyib: “Paşinyan nə qədər hakimiyyətdə qalarsa, ölkə bir o qədər təhlükəli durumda olacaq”.
Müxalifət Paşinyanın Dağlıq Qarabağ müharibəsinin nəticələrinə görə məsuliyyət daşıdığını bildirir. Hökuməti həmçinin müharibənin fəsadlarını yoluna qoya bilməməkdə suçlayırlar.
***
Bu gün səhərdən hökumət binasına aparan Melik Adamyan küçəsini polis bağlayıb. Binanı qorumağa əlavə polis qüvvələri gətirilib. Polis əməkdaşlarının bina ətrafında 5-6 cərgədə dayandığı xəbər verilir.
***
Etirazçılar ikinci gecədir meydanda qalır
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər artıq ikinci gecədir Yerevanın mərkəzindəki Respublika Meydanından çəkilmir.
AzadlıqRadiosu-nun Ermənistan xidməti gecənin sakit keçdiyini, hər hansı insidentin qeydə alınmadığını xəbər verir.
Bu gün – dekabrın 24-də Ermənistan hökumətinin növbəti iclası planlaşdırılır. Müxalifət səhər saat 10-da hökumətin binasını hər tərəfdən mühasirəyə alacağını, hökumət üzvlərinin binaya girməsinə, iclas keçirməsinə imkan verməyəcəyini bildirib.
Hökumət iclas keçirə biləcəkmi
“Onların iclasları qara qəpiyə də dəyməz, sabah hökumətin iclası olmamalıdır. Nikol Paşinyan sabah baş nazir kimi iclas keçirməkdən məhrum olmalıdır”, – Respublika meydanında mitinq zamanı “Daşnaksutyun” partiyasının təmsilçisi Geqam Manukyan deyib.
Müxalifətin dünənki mitinqində keçmiş müdafiə naziri Seyran Ohanyan da iştirak edib. O, müxalifətin baş nazirliyə yeganə namizədi Vazgen Manukyanı dəstəkldiyini bəyan edib. Müharibə vaxtı Şuşada olmuş Ohanyan deyib ki, müharibəni ordu deyil, savadsız addımları ilə hökumət uduzub.
Keçmiş nazirin sözlərinə görə, indiki hökumət bütün sahələrdə iflasa uğrayıb. “Xarici siyasəti heç elədik, bu müddət ərzində vəzifəyə təyin olunan qohumların, tanışların, dostların sayı artdı. Əziz həmvətənlər, bu 2 il yarım ərzində məqsədsiz, təcrübəsiz şəxslər vəzifəyə təyin olundu, xırda adamlar dövləti idarə edə bilməzlər, xırdalar isə yalnız təcrübəsizlərdir. Təcrübəli adamlar alicənab olur, hamıya inkişaf etmək şansı verirlər”, – o vurğulayıb.
Xatırlatma
Azərbaycan ordusu Şuşanı noyabrın 8-də alıb.
Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib. O, Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə ittiham olunur, 1992-ci il fevralın 26-da Xocalıdakı qırğının təşkilində suçlanır.
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin də Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Noyabrın 10-da atəşkəs bəyanatı açıqlanandan sonra Ermənistanda etirazlar başlayıb, Paşinyanın istefası tələb olunur.