Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:34

Prezident işğaldan azad edilən yerlərdə bunları deyib...


Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. 14 fevral 2021
Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. 14 fevral 2021

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarında olublar.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəlib.

Horadiz-Ağbənd dəmir yolunun təməli qoyulub

Məlumat verilib ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti böyükdür. "Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq… Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək", - məlumatda yazılıb.

Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

Üçüncü Ağalı kəndində

Sonra prezident İ.Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olub. Dövlət başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq "ağıllı kənd" layihəsi barədə məlumat verilib.

Bildirilib ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfat", alternativ enerji sahələridir.

Laçında

Daha sonra onlar Laçın rayonuna yola düşüblər. Prezident İ.Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

"Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik", - deyə o qeyd edib.

"Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın"

Prezidentin vurğulamasına görə, Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər su elektrik stansiyaları darmadağın edilib. Onun deməsinə görə, təkcə Laçın rayonu ərazisində beş su elektrik stansiyası dağıdılıb.

Prezident qeyd edib ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq.

"Bizim böyük planlarımız var", - deyən dövlət başçısı əlavə edib ki, bərpa işlərinə start verilib: "Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi".

"Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan…"

Prezident İ.Əliyev Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulmasına da münasibət bildirib: "…Bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək".

Prezident daha sonra da deyib: "Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək".

"Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər"

Prezident deyib ki, Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir: "Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin, Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər".

"Biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik"

Prezident qeyd edib ki, "biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var": "Bu, eyni zamanda, ona görə önəmlidir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik…".

Sonra prezident İ.Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Daha sonra isə onlar Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gediblər. Oradan da Cəbrayıl rayonunun Soltanlı kəndinə yola düşüblər…

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG