Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:19

İşgəncə şikayətləri obyektiv araşdırılırmı?


Martın 2-də Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabat verib. S.Əliyeva bildirib ki, insan hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir:

“Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş kompleks tədbirlər dövlətlə vətəndaş arasındakı etimadın möhkəmlənməsində mühüm rol oynayıb”

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin və ictimai nəzarətin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə idarəçilik sistemində tətbiq olunan yeniliklər Azərbaycanda aşkarlığın, şəffaflığın təmin edilməsində özünü göstərməkdədir.

AzadliqRadiosu Azərbaycanda insan hüquqlarının nə dərəcədə qorunması, işgəncə şikayətlərinin obyektiv araşdırılıb-aşdırılmaması ilə bağlı hüquq müdafiəçisi və deputata müraciət edib.

Anar Məmmədli, 2019
Anar Məmmədli, 2019

Hüquq müdafiəçisi Anar Məmmədli Azərbaycanda insan hüquqlarının qorunması probleminin illərdir davam etdiyini və bunun sistematik xarakter daşıdığını bildirib:

“İnsan hüquqları dedikdə, həyatımızın bir çox sahələrində ciddi pozuntular baş verir ki, bu istiqamətdə ciddi irəliləyişlər baş vermir. Konkret olaraq, siyasi azadlıqlar, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququnun qorunmasıyla bağlı çox ciddi problemlər var.”

“Elə həftə, ay olmur ki, sadaladığım kateqoriyalar üzrə problemlərlə üzləşməyək”

A.Məmmədlinin deməsinə görə, eyni zamanda, sosial-iqtisadi məsələlər, mülkiyyət hüququ, əmək hüquqlarının müdafiəsi və vətəndaşların ədalətli müdafiə hüquqlarının təmin olunması ilə əlaqadar da çoxsaylı şikayətlər var:

“Elə həftə, ay olmur ki, sadaladığım kateqoriyalar üzrə problemlərlə üzləşməyək. Əfsuslar ki, dövlət orqanları bu hüquqların pozulmasında, əngəllənməsində iştirakçısı olan əsas strukturlardan biridir. Xüsusilə də ədalətli mühakimə hüququnun müdafiəsi ilə bağlı hüquq-mühafizə və məhkəmə orqanlarında ortaya çıxan problemlər var”.

Anar Məmmədli söylədiklərinin yalnız müşahidələrə deyil, faktlara əsaslandığını deyib:

“Azərbaycan onlardan heç də geri qalmır”

Avropa İnsan Haqları Məhkəməsi, 7 fevral 2019
Avropa İnsan Haqları Məhkəməsi, 7 fevral 2019

“Əsasən Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı verdiyi çoxsaylı qərarlarda ədalətli mühakimə hüququnun pozulması barədə halların önə çıxarılması məhz söylədiklərimə sübutdur. Bu sahədə ağır tendensiya mövcuddur. Ona görə Azərbaycanı Avropa Şurasının üzv ölkələri arasında ən ciddi problemlərin olduğu ölkələrin sırasına daxil edərdim. Yəni Türkiyə və Rusiya siyasi məhbusların sayına görə öndə gedirsə, Azərbaycan onlardan heç də geri qalmır. Azərbaycanda da siyasi məhbuslar problemi illərdir həll olunmur və sistematik xarakter daşıyır”.

Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatında tənqid olunur
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

O, təəssüflənib ki, Azərbaycanda işgəncə halları bir qayda olaraq gizlədilir və ciddi araşdırlmır:

“Bu sahədə siyasi iradəsi çatışmır”

“Bu məsələnin təməlində əsasən insanların şikayət etdikləri hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazılıq dayanır. Cəzaçəkmə yerlərində, istintaq prosesində, polis orqanlarında bu hallar geniş yayılmış təcrübələr sırasındadır. Təəssüf ki, hakimiyyət işgəncə hallarının aradan qaldırılması ilə bağlı sistematik iş görmür. Görünən odur ki, bu sahədə siyasi iradəsi çatışmır”.

Zahid Oruc, 24 oktyabr 2019
Zahid Oruc, 24 oktyabr 2019

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə suallara cavab verərkən Ombudsman Səbinə Əliyevanın aprelin 2-də Milli Məclisdəki hesabatına toxunub.Zahid Oruc xatırladıb ki, son 10 ildə cəmi 2 dəfə istisna olmaqla Azərbaycanda Ombudsmana şikayətlər ancaq artan dinamikayla müşahidə olunub:
“Sanki faiz nisbəti ilə Azərbaycanda şikayətlərin həddən çox olması təsəvvürü yaranır”

“Bu haqda geniş təhlillər aparmalı və səbəbləri haqda düzgün nəticələrə gəlməliyik. Ötən il isə Ombudsmanın ünvanına 27.500 müraciət daxil olub, əhali sayımız 10 milyon 259 238-dir. Rusiyada Ombudsmana 2019-cu ildə: 38 328 min müraciət daxil olub, əhali sayı 146 milyona yaxındır. Sanki faiz nisbəti ilə Azərbaycanda şikayətlərin həddən çox olması təsəvvürü yaranır”

Bayraq rəngində Ukrayna xəritəsi, illustrasiya
Bayraq rəngində Ukrayna xəritəsi, illustrasiya

Onun deməsinə görə, Ukrayna Ali Rada Müvəkklinə 2019-cu ildə 47 min şikayət olub. Ordaisə əhali sayı 44 milyondur:

“Özbəkistanda 15.000 şikayət, əhali sayı 34 milyona yaxındır. Ermənistanda son illər Ombudsmana 6417-5000 civarında şikayətlər daxil olub, əhali sayı 2 milyon 963 nəfərir. Rəqəmlər göstərir ki, əhalisi milyonlarla çox olan ölkələrdə ombudsmanlara şikayətlər bizdən az daxil olur. Məruzədə buna aydınlıq gətirmək olardı ki, bu yaxşıdır, yoxsa pis?”
Deputat daha sonra hesabatdaki başqa məqamlarada toxunub:

“Ombudsman institutunun bu sahədə həyata keçirdiyi vacib işləri…”

“ Hesabatda 44 günlük Vətən müharibəsi ( İkinci Qarabağ müharibəsi) vaxtı və ondan sonra Ermənistanın hərbi və insanlıq əleyhinə cinayətlərinin, mülki və hərbçi vətəndaşlarımızın hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatların hesabatları vasitəsilə ifşası düzgün əksini tapıb. Ermənistan Ombudsmanı “Azərbaycanın müharibə cinayətləri”nə dair 7 hesabatı 3 dildə təqdim etmişdi. Ombudsman institutunun bu sahədə həyata keçirdiyi vacib işləri digər dövlət institutları ilə birgə davam etdirməsinə böyük ehtiyac duyulur”.

ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

İnsan hüquqlarına gəlincə, deputat deyib ki, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin hesabatını oxuyarkən, müxalif saytlarda dərc olunan məqalə müddəalarının dünyada nüfuzlu Dövlət Departamentinin ali sənədində əksini tapmasına təəssüflənib:

“Vətən Müharibəsini qazanan bir xalqın təmin olunan onlarla hüquqları haqda bir cümlə belə yazılmamasını qeyri-obyektiv hal kimi qiymətləndirirəm. Ancaq mən Ombudsmanın məruzəsində insan hüquqlarının vəziyyəti ilə bağlı dinamika və təhlillərə yer verməklə, Prezidentin idarəetmə, sosial və digər sahələrdə islahatların dərinləşməsindən sonrakı tendensiyaların da təhlil edilməsini vacib sayıram”.

Deputat bildirib ki, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin baş verməməsi üçün ötən on illər ərzində hüquq-mühafizə orqanları, penitensiar sistem və son illər mütərəqqi praktika olaraq tətbiq olunan-azadlıqdan məhrum etməyə alternativ sayılan probasiya sahəsində böyük inkişaf yolu keçilib:

“Qat-qat azalıb”

Azərbaycanda həbsxana, arxiv foto
Azərbaycanda həbsxana, arxiv foto

“İstintaq təcridxanalarında təqsirləndirilən şəxslərə, o cümlədən müttəhimlərə fiziki, mənəvi və sosial təzyiqlər edilməsi tendensiyası qat-qat azalıb. Eləcə də məhbuslarla bağlı Avropa Şurasının müvafiq Komitəsi, eləcə də Ədliyyə Nazirliyi yanında xüsusi İctimai Komitə tərəfindən islah əmək müəssisələrinin daimi nəzarət və monitorinq altında saxlanması, həyata keçirilən ardıcıl islahatların nəticəsində bir sıra arxaik ənənələrin aradan qaldırılmasına müsbət təsirini göstərib”.

Zahid Oruc Sonra da deyib: “Bununla belə inkar etmək olmaz ki, müxtəlif ranqlı şəxslərin öz vəzifələrindən sui-istifadə edərək istər Silahlı Qüvvələrdə lokal səviyyədə özfəaliyyət olaraq qeyri-insani davranışlara və samosuda yol verdiyi, o cümlədən vətəndaşları təzyiq altında saxlama faktları mövcud olub.”

Deputatın fikrincə, dövlət toxunulmazlıq şəraitində yaşamaq, ləyaqəti alçaldan hərəkətlərdən qorunmaq üçün qanunvericilik bazası, ictimai nəzarət mexanizmləri və digər mütərəqqi tədbirləri görməsinə rəğmən bir neçə epizodda baş verən zorakılıq, qəddar hərəkətlər ölkəni kəskin tənqid edənlərə xeyli faktlar verib:

“Təkcə onu deyək ki,...”

“Halbuki, dövlət rəhbərliyi onların hər birini ayrılıqda araşdrımağa dair qəti məramını hər zaman göstərib. Təkcə onu deyək ki, 20 gün öncə gerçəkləşdirilən əfv sərəncamının hazırlanması üçün ölkə rəhbərinin tapşırığı, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən 10 iclas 35 saatdan artıq çəkmişdi və indi gətirdiyimiz misal sadəcə statistik ölçü vahidi deyil, hər bir vətəndaşın-o cümlədən, məhbusun qanuni mənafelərinin qorunmasında göstərilən həssaslığın, verilən əhəmiyyətin nümunəsidir”.

İlham Əliyev, 25 fevral 2021
İlham Əliyev, 25 fevral 2021

Zahid Oruc daha sonra da deyib:

“ Prezident İlham Əliyevin müxtəlif illərdə baş verən pozuntulara və qanunsuz hərəkətlərə sərt reaksiyası,məsələn keçmiş MTN-də ( Milli Təhlükəsizlik Nazirliyi) baş verən cinayətlərə, qəddar hərəkətlərə görə onlarla yüksək çinli generalın ədalət mühakiməsinə cəlb edilməsi yalnız ali iradənin sayəsində mümkün ola bilərdi. Hamını qorxu altında saxlayan bir strukturun cəza aparatını başqa cür sındırmaq mümkün deyildi.”

Deputatın fikrincə, indi Ermənistana casusluqda ittiham olunan şəxslərin 4 ildir ətrafında yaradılan informasiya şoku, həmin hadisələrə ən yüksək səviyyəli araşdırcı Komissiya səviyyəsində yenidən qiymət verməyi tələb edəcəkdir:

“İşgəncə faktlarının dövlət siyasəti olduğunu iddia etmək ədalətsizlikdir”

“ Bununla belə, bir daha mötəbərliklə bəyan edirik ki, işgəncə faktlarının ümumölkə tendensiyası, dövlət siyasəti olduğunu iddia etmək ədalətsizlikdir. Sovet dövrünün təbirincə desək, hakimiyyətin xarakterini antidemokratik, antiinsani və “polis dövləti” ibarələri ilə qymətləndirmək istəyənlərin siyasi iddia və ambisiyalarının məhsuludur. Özünü alternativ sayan qüvvələrə cəza siyasətini həyata keçirmək səlahiyyəti verilsəydi, onlar rəqiblərini və fərqli düşünənləri, yaxud maraqlarına mane olanları daha sərt işgəncə və rəftara məruz qoyardılar”.

XS
SM
MD
LG