Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:10

Sələfilikdə şübhəli bilinən imam saxlanıb


İmam xətib Abdulhaq Obidov
İmam xətib Abdulhaq Obidov

Tacikistanda paytaxt Düşənbə məscidlərindən birinin imamı mərhum ruhanilərdən birini “ölkənin ən böyük lideri” adlandırdıqdan sonra saxlanıb.

Dövlət mediası aprelin 22-də xəbər verir ki, Düşənbənin Şohmansur məhəlləsindəki məscidin imam-xətibi, 44 yaşlı Abdulhaq Obidovu (və ya Maxsumi Abdulhaq) İslamın sələfilik təriqətinin davamçısı olmaq şübhəsi ilə saxlayıblar.

Sələfilik Tacikistanda ekstremist təriqət kimi qadağan olunub.

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi aprelin 22-də bildirib ki, Obidov başqa dörd nəfərlə birlikdə saxlanıb. Komitə onlara qarşı hansı ittihamların irəli sürüldüyünü açıqlamayıb.

Bomdod xəbər portalı bildirir ki, bundan bir gün əvvəl Obidov tanınmış İslam ruhanisi Hikmatullo Tojikobodinin dəfn mərasimində oxuduğu moizədə mərhumu Tacikistanın ən böyük lideri adlandırmışdı.

Bomdod Tacikistan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, hakimiyyətin fikrincə Obidov öz çıxışı ilə ölkənin avtoritar prezidenti Emomali Rahmonun rəsmi titulunu şübhə altına alıb.

Rahmon 2016-cı ildə qəbul edilmiş qanuna görə ölkənin rəsmi lideri sayılır.

Ölkədə bir lider olar?

Tacikistana 1992-ci ildən prezidentlik edən Rahmona habelə 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə xüsusi hakimiyyət imtiyazları verilib.

Bu imtiyazlardan biri də Rahmonun istədiyi qədər prezident seçilmək hüququnu nəzərdə tutur.

Emomali Rahmon illərdir dini azadlıqlara, vətəndaş haqlarına və siyasi plüralizmə hörmətsizsliyinə görə beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunur.

Tacikistanın Dini İşlər, Ənənələr və Ayinlər Dövlət Komitəsinin bəyanatında israr edilir ki, Obidovun saxlanması onun dəfndə etdiyi çıxışla bağlı deyil və bu barədə “şayiələrin yayılmasına yol verilməməlidir”.

Tacikistanda sələfilik 2009-cu ildən qadağan edilib.

Sələfilər sünni İslamın sərt qaydalarına sadiq olduqlarını bildirir və şiəlik və sufilik kimi başqa məzhəb və təriqətləri qəbul etmirlər.

Mərkəzi Asiyada müsəlmanların çoxu özünü sünni İslamın mötədil qolu olan hənəfiliyə aid edir.

XS
SM
MD
LG