Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:50

Jurnalistlər minaya düşüb (video)


Çəkiliş qrupunu aparan "Kamaz" minaya düşüb
Çəkiliş qrupunu aparan "Kamaz" minaya düşüb

Azərbaycan XİN-in mina açıqlaması

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcər rayonunda jurnalistlər və başqa mülki şəxsin minaya düşməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Nazirliyə görə, bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib.

Qurum hesab edir ki, məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır:

"Bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir".

Kəlbəcər rayonu, üçtərəfli sazişə əsasən, ötən il noyabrın 25-də Azərbaycana təhvil verilib. Əslində bu rayon noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Azərbaycan rəsmilərinin bildirməsinə görə, Ermənistan tərəfinin müraciəti və Rusiya tərəfinin xahişi ilə sonradan 10 gün əlavə möhlət verilib.

Azərbaycan hansı əraziləri dəyişdirə bilər?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Üç nəfər həlak olub

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq da məlumat yayıb.

Məlumata görə, iyunun 4-ü, saat 11 radələrində Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobili Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Üç nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (rayon icra hakimiyyəti başçısının Susuzluq kəndi üzrə nümayəndəsinin müavini) həlak olub, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

+++

Bu gün, iyunun 4 -də Azərbaycanda jurnalistlər minaya düşüb.

Bu barədə Azərbaycan Dövlət Televiziyasının xüsusi buraxılışında bildirilib. Xəbərə görə, işğaldan yeni azad edilən Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən çəkiliş qrupunu aparan "KamAZ" markalı avtomobil minaya düşüb:

"Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar".

Hadisə nəticəsində üç nəfərin də yaralandığı bildirilir. Məlumata görə, Azərbaycan Televiziyasının rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və bir kənd sakini yaralanıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, üçtərəfli 10 noyabr sazişindən sonra minaya düşmə üzündən ölkənin 20-dən çox vətəndaşı həlak olub, 100-dən çoxu isə yaralanıb. Onların bəzilərinin hərbi qulluqçu olduğu vurğulanır.

Azərbaycan rəsmi qurumları deyirlər ki, bu ara dəfələrlə müraciət etsələr də, onlara minalanmış ərazilərin xəritəsi verilməyib.

Gürcü zabit Qarabağda mina xəritələrini məsələsində düyününü izah edir
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona (Kəlbəcər rayonu daxil ) nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG