Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:49

Hesablama Palatası hökumətin fəaliyyətini yetərli saymayıb


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Neftə tələb 10 faiz azalıb

Hesablama Palatası "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyini yayımlayıb. Bu rəydə ötən il Azərbaycan iqtisadiyyatındakı geriləməyə qlobal səhiyyə böhranı və neft qiymətlərinin kəskin ucuzlaşmasının səbəb olduğu bildirilib. Qeyd edilib ki, bütövlükdə 2020-ci ildə neftə orta tələb göstəricisi gündə 90.5 milyon barel olmaqla, əvvəlki illə müqayisədə 10 faizə yaxın azalıb. İl ərzində neft bazarında təklif artıqlığının müşahidə edilməsi və əvvəlki illə müqayisədə neft təklifinin 6.3 faiz azalması bazarda tarazlığı qorumağa yetərsiz qalıb. Digər tərəfdən, dünyanın bir çox ölkəsində gözlənilməyən COVID-19 pandemiyası ilə mübarizə və gətirdiyi fəsadların aradan qaldırılması öncədən proqnozlaşdırılan büdcələrin icrasına önəmli təsir göstərib. Pandemiyadan əvvəlki dövrdə öncəlik verilən istiqamətlər hesabat ilində öz aktuallığını itirməklə sosial xərclərin yüksəldilməsini qaçılmaz etdiyindən bu məqsədlə xüsusi fondlar yaradılıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, pandemiya və onun fəsadları ilə mübarizəyə xərclənən qlobal fiskal paket 14 trilyon ABŞ dollarına bərabər olub. Bu fiskal paketlər vasitəsilə ev təsərrüfatlarına və özəl sektora zəruri kömək və iqtisadi aktivliyin bərpasına cəhd göstərilib. Bütövlükdə ötən il dünya üzrə fiskal kəsir 3.6 faizdən 10.8 faizədək, dövlət borcu isə 83.7 faizdən 97.3 faizədək yüksəlib. Gəlişmiş ölkələrdə azalan gəlir və artan xərclər, gəlişməkdə olan ölkələrdə isə gəlir səviyyəsinin önəmli dərəcədə aşağı düşməsi büdcə kəsirini formalaşdırıb.

Pandemiyaya xərclənən 12 trilyon dollar

Pandemiya dövründə gəlişmiş ölkələrdə fiskal dəstək təbirlərinə təxminən 12 trilyon dollar vəsait xərclənib. Buna baxmayaraq, büdcə kəsiri il ərzində ÜDM-in 11.7 faizinə yüksəlib. İqtisadi fəallığın azalması nəticəsində gəlirləri əhəmiyyətli dərəcədə azalmış ev təsərrüfatlarına və özəl sektora dəymiş ziyanın ödənilməsi məqsədilə müxtəlif mərhələlərdə fiskal paketlər reallaşdırılıb. Beləliklə, xərclərin önəmli bölümü sosial xərclərdən ibarət olub. Məsələn, ABŞ-da mart-aprel aylarında ev təsərrüfatları və müəssisələrə ÜDM-in 14.8 faizi həcmində yardım göstərilib, dekabrda isə ÜDM-in 4.3 faizi qədər fiskal stimul paketi qəbul edilib. Yaponiya və Cənubi Koreya kimi Asiya ölkələri infeksiyanın növbəti dalğalarını önləməkdən ötrü dəstək proqramlarının müddətini uzadıb, Birləşmiş Krallıq iş yerlərinin saxlanması proqramı çərçivəsində tədbirlərin gücləndirilməsini qərara alıb. Avropa Birliyində də iqtisadi bərpa tədbirlərinin gerçəkləşdirilməsi qərara alınıb, özəl sektor üçün fiskal qaydaların yumşaldılması, eləcə də müvəqqəti dövlət dəstəyinin göstərilməsi barədə razılığa gəlinib. Kəskin iqtisadi azalma və önəmli səviyyədə artan dövlət xərcləri dövlət borcunun ÜDM-ə nisbətinin ortalama 123 faizə yüksəlməsi ilə nəticələnib.

Gəlişməkdə olan ölkələrin təxminən 90 faizində səhiyyə böhranının önünü kəsmək və iqtisadiyyatı dəstəkləmək üçün fiskal güzəştlər tətbiq edilib. Əksər ölkələrdə fiskal dəstək paketləri çoxillik investisiya stimulları, kənd təsərrüfatına subsidiyalar, iş yerlərinin saxlanması, sosial müdafiə sisteminin genişləndirilməsi tədbirlərindən ibarət olub. Gəlişməkdə olan ölkələr qrupunda ÜDM-in 6 faizi həcmində gəlir və xərclər üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib. Fiskal paketlərin reallaşdırılması büdcə kəsirinin ÜDM-ə nisbətinin 10.3 faizə yüksəlməsi ilə nəticələnib.

İqtisadi artımı təmin etmək üçün yetərli olmayan tədbirlər

Hesablama Palatasının rəyində bildirilir ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində ötən ilin ikinci rübündən başlayaraq, iqtisadi artım azalma ilə əvəzlənməyə başlayıb. Birinci rüb istisna olmaqla, digər rüblərdə başlıca azaldıcı effekt ötürən sahələr arasında mehmanxana və restoranlar, eləcə də mədənçıxarma sənayesi fərqlənib. Pandemiyadan ən çox təsirlənən alt sahələrdən olan mehmanxana və restoranların dövriyyəsi ikinci rübdə əvvəlki ilin müvafiq rübü ilə müqayisədə 70 faizdən çox azalıb. Ancaq ötən il hasilatın azaldılması ucbatından ən böyük neqativ təsir mədənçıxarma sənayesindən formalaşıb.

Hesablama Palatasının rəyində bildirilir ki, ötən il dövlət büdcəsindən pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə 1 milyard 390 milyon manat ayrılıb. Bu məbləğin 1 milyard 353 milyon manatı tam istifadə edilib. Əlavə olaraq, iqtisadi dəstək tədbirləri üzrə digər büdcədənkənar mənbələr hesabına 2.5 milyard manat vəsaitin səfərbər edilməsi mümkün olub. Ancaq bütün bu addımlara baxmayaraq, Hesablama Palatasının fikrincə, hökumətin həyata keçirdiyi tədbirlər məhdudlaşdırma tədbirlərinin neqativ təsirlərini qismən yumşaltsa da, iqtisadi artımı təmin etməyə yetərsiz qalıb.

28 milyon manatlıq müəmma

Qurumun rəyində daha bir diqqətçəkən məqam pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə göstərilən dəstəklə bağlıdır. Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda elan edilən dəstək mexanizmlərindən biri də işçilərə əməkhaqqının bəlli hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi idi. Dəstək alası işçilərin sayı 243 min, mikrosahibkarların sayı isə 107 min nəfər olub. Rəydə qeyd edilir ki, bu şəxslərə yardıma ayrılmış 386 milyon manat məbləğində büdcə vəsaitinin 27.7 milyon manatlıq hissəsi İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti) xətti ilə qeyd olunan təyinatlar üzrə icrasız qaldığı halda, icra olunmuş kimi göstərilib.

Qurumun üzə çıxardığı daha bir çatışmazlıq tibb işçilərinin əmək haqlarına müddətli əlavənin düzgün hesablanmaması halları ilə bağlı olub. Rəydə bildirilir ki, pandemiya ilə mübarizəyə qatılan tibb işçilərinin maaşlarına müddətli əlavə müəyyənləşdirilsə də, Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq qaydadan kənara çıxılıb. Həmin qaydada nəzərdə tutulmayan kontingentə əməkhaqqının 3-5 misli həcmində müddətli əlavə ödənilib. Pandemiya ilə mübarizə tədbirlərinə qatılan tibb işçilərinin maaşlarına da bu maaşın 3-5 mislində müddətli əlavə düzgün hesablanmayıb. Palata bunu son nəticədə həmin istiqamətdə ayrılmış vəsaitlərin artıq xərclənməsinə şərait yaradılmaması kimi dəyərləndirib.

XS
SM
MD
LG