Hökumətin tətbiq etdiyi məhdudiyyətlər sentyabrda parlament seçkiləri öncəsi azı 9 milyon rusiyalını seçilmək hüququndan məhrum edib. Bu, seçilmək hüququ olan əhalinin 8 faizə yaxını deməkdir. Məlumatı “Qolos” müstəqil monitorinq qrupu açıqlayıb.
‘Antiekstremist’ əlavələr
Qurum qanunvericiliyə son hüquqi dəyişikliklərin 1961-1991-ci illərdə Sovet İttifaqındakından daha sərt olduğunu bildirir. Təşkilat passiv seçki hüququndan məhrum edilmiş vətəndaşların dəqiq sayını hesablamağın mümkün olmadığını qeyd edib.
İyunun 22-də açıqlanmış hesabat dövlət agentliklərinin məlumatları əsasında hazırlanıb. Dövlətin seçkiyə buraxmadığı vətəndaşların azı 9 milyon, “çox güman bundan daha çox” olduğu bildirilir.
“Yeni ‘antiekstremist’ əlavələrin qüvvəyə minməsi, Aleksey Navalnı tərəfdarlarının qurumlarının ekstremist təşkilatlar kimi tanınması yaxın gələcəkdə yüzminlərlə siyasi aktiv vətəndaşın hücuma məruz qalması deməkdir”, – hesabatda deyilir.
Prezident Vladimir Putinin iyunun 4-də imzaladığı qanun hakimiyyətin “ekstremist” hesab etdiyi qurumların tərəfdarları və üzvlərinin dövlət vəzifəsinə seçilməsini yasaqlayır.
Beş gün sonra isə Putinin qatı tənqidçisi olan Navalnının siyasi şəbəkəsi Moskva məhkəməsi tərəfindən “ekstremist” adlandırılıb.
“Erkən sovet modellərinə qayıdış”
Rusiyada çoxları xəbərdarlıq edirdi ki, qanunun məqsədi Navalnıya bağlı istənilən şəxsin dövlət qulluğuna keçməsini mümkünsüz etməkdir.
“Qolos” bildirir ki, 2021-ci ildə qüvvədə olan seçki qanunvericiliyi “erkən sovet modellərinə qayıdış” deməkdir, o zaman bolşeviklərin hakimiyyətini möhkəmləndirmək üçün siyasi opponentlər əzilirdi.
Rəy sorğuları sentyabr seçkisi öncəsi Putinin Vahid Rusiya partiyasına dəstəyin ən aşağı həddə olduğunu göstərir.
Navalnının regional qərargahları Smart Səsvermə strategiyasının həyata keçirilməsində böyük rol oynayıb. Bu strategiya seçkilərdə Vahid Rusiyanı məğlub edə biləcək namizədlərin təbliğatına fokuslanır.
Hazırda Navalnı mənimsəmə ittihamı üzrə həbs cəzası çəkir və ittihamların onun siyasi fəaliyyətinə görə quraşdırıldığını deyir.
Tanınmış siyasətçilər
“Qolos”un məlumatına görə, sözügedən şəxslərin təxminən 6 milyon nəfəri ikili vətəndaşlığı və xaricdə oturum izni olanlardır. 1.1 milyon nəfər oğurluğa görə, 300 mindən çox insan isə narkotiklərlə bağlı məhkum edilənlərdir. Bu şəxslər seçilmək hüququndan məhrum edilir.
Mayın sonundan isə bir neçə yüksək vəzifəli rəsmi şübhəli ittihamlarla məhkum edildiyindən seçilmək hüququnu itirib. Onların sırasında Moskvada deputat Yuliya Qalyamina, Arxangelskdə müxalifət fəalı Andrey Borovikov və digərləri var.
Bir neçə aya 100-dək tanınmış siyasətçi seçkiyə qatılmaq hüququnu itirə bilər.
“Son dəyişikliklərin əsl məqsədi hakimiyyət mənbəyi olan xalqın suverenliyini qorumaq deyil, onu mümkün qədər məhdudlaşdırmaq, indiki hökumət üçün qəbuledilməz olan namizədləri çıxdaş etməkdir”, – “Qolos” bildirir.