Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:02

Çin iqtisadi bərpa prosesinin ən sürətlə getdiyi ölkədir


Çin böyük iqtisadiyyatlar içərisində ən sürətli bərpa prosesi qeydə alınan ölkə olub.
Çin böyük iqtisadiyyatlar içərisində ən sürətli bərpa prosesi qeydə alınan ölkə olub.

Ötən ildən bəri koronavirus pandemiyası irili-xırdalı bütün ölkə iqtisadiyyatlarına mənfi təsirini hiss etdirib. İnkişaf etmiş ölkələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi göstəricilərin dayanıqlılığı daha aşağıdır. Bu üzdən, iqtisadi böhranlar belə ölkələrdə daha ağır iz buraxır.

Son dövrlər artıq qlobal iqtisadiyyatda müəyyən müsbət meyllər qeydə alınır. Bu baxımdan inkişaf etmiş ölkələrdə indiki iqtisadi duruma göz atmağa dəyər.

Beynəlxalq Valyuta Fondu (BVF) iyulda yayımladığı hesabatında bu il inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın 6.3 faiz olacağını proqnozlaşdırıb. Qurumun biröncəki hesabatında – apreldə həmin göstəricinin 6.7 faiz olacağı açıqlanmışdı. Üç ay ərində proqnozun 0.4 faiz azalmasının əsas səbəbi kimi inkişaf etməkdə olan Asiya ölkələrində, özəlliklə dünyanın yeddinci ən böyük iqtisadiyyatı Hindistanda iqtisadi bərpa prosesinin gözləniləndən zəif getməsi göstərilir. Bu ilin mart-may ayları ərzində Hindistanda koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ölkənin artım proqnozlarında azalmalara səbəb olmuşdu. BVF ilin sonunadək inkişaf etməkdə olan Asiya ölkələrində 7.5 faiz (apreldə bu göstərici 8.6 faiz idi), inkişaf etməkdə olan Avropa ölkələrində 4.9 faiz, Latın Amerikası və Karib Körfəzi ölkələrində 5.8 faiz, Mərkəzi və Orta Asiya ölkələrində 4 faiz, Sub-Saxara Afrika regionunda isə 3.4 faiz iqtisadi artım proqnozlaşdırır.

Pandemiyanın başladığı ölkə hamıdan çox böyüyüb

Çin 2020-ci ildə dünyada iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən biri idi. Ötən il ölkə iqtisadiyyatında 2.3 faiz həcmində artım qeydə alınmışdı. Bu artım göstəricisi Çin iqtisadiyyatı üçün yetərli sayılmasa da, 2020-ci ildə bütün böyük iqtisadiyyata sahib ölkələrdə iqtisadi azalmaların yaşanması fonunda bunu uğur hesab etmək olar. Çin iqtisadiyyatının elə builki göstəriciləri də uğurlu sayıla bilər Axı Çin iqtisadiyyatı bu ilin birinci rübünü 18.3 faiz, yarımili isə 7.9 faiz böyümə ilə başa vurub. Belə sonuclarla Çin böyük iqtisadiyyatlar içərisində ən sürətli bərpa prosesi qeydə alınan ölkə olub. BVF il sonunadək Çində 8.1 faizlik iqtisadi artım olacağını proqnozlaşdırır.

Çində işsizlik səviyyəsində də son iki ilin ən aşağı göstəricisi qeydə alınıb. Bu ilin iyununda Çindəki işsizlik səviyyəsi 5 faiz olub. Ölkədə sənaye istehsalı da ötən ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz yüksəlib. Bazarda gözləntilər 1.3 faiz olsa da, inflyasiya bu ilin altı ayı ərzində 1.1 faizi aşmayıb.

Qonşu ölkələrdə vəziyyət nə yerdədir

BVF Azərbaycanın özəlliklə neftdənkənar sektorunda əsas ticarət tərəfdaşlarından biri olan Rusiya iqtisadiyyatının il sonunadək 4.4 faiz böyüyəcəyini ehtimal edir. Rusiya iqtisadiyyatı ilə bağlı əsas diqqət çəkən məqamlardan biri inflyasiya göstəricisinin gözlənilənlərdən yüksək olmasıdır. 2021-ci ilin iyununda ölkədə illik inflyasiya 6.5 faiz olub. Bu, Mərkəzi Bankın hədəflədiyi səviyyədən (4 faiz) və bazar gözləntilərindən (6.3 faiz) daha yüksək nəticədir. Ölkədə sənaye məhsulu ötən illə müqayisədə 10 faizdən çox artıb. İşsizlik səviyyəsi isə rəsmi rəqəmlərə görə 5 faiz olub.

Ölkədə sənaye istehsalı artsa da, inam indeksləri hələ əvvəlki səviyyələrə çatmayıb. Rusiyada "İstehlakçı inamı indeksi" öncəki aylara nəzərən bərpa meyli göstərsə də, hələ də mənfi zonada qalmaqdadır. "Biznes inam indeksi" isə iyunda müsbət zonaya keçməyi bacarıb. Bu indekslərin yüksək olması yeni investisiyaların və xərclərin artırılmasına, yeni iş yerlərinin açılması və bütövlükdə iqtisadi aktivliyin yüksək olmasına ümidləri artırır. 2021-ci ilin ilk altı ayı ərzində Rusiya rublu ABŞ dollarına qarşı 2 faiz dəyər qazana bilib. Həmin dövr ərzində Rusiya Mərkəzi Bankı inflyasiya gözləntilərini nəzərə alaraq, sərt pul siyasəti aparıb və ölkədə uçot dərəcələri 4.25 faizdən 5.5 faizə yüksəldilib.

Azərbaycanın digər vacib iqtisadi ortaqlarından Türkiyə iqtisadiyyatında ciddi inflyasiya göstəriciləri qeydə alınıb. 2021-ci ilin iyununda ölkədə ötən ilin eyni dövrünə nəzərən 17.5 faiz qiymət artımı qeydə alınıb. BVF-nin açıqlamasında il sonunadək Türkiyə iqtisadiyyatının 6 faiz həcmində böyüyəcəyinin gözlənildiyi bildirilib. Türkiyədə sənaye məhsulu istehsalı da ötən illə müqayisədə 24 faizə yaxın artıb. Ən çox artım qeydə alınan istehsal sektorlardan biri uzunmüddətli istehlak malları istehsalıdır. Türkiyə bu tip malların istehsalını təxminən 31 faiz, maşın və avadanlıq istehsalını 25 faiz, enerji məhsullarının istehsalını 16 faiz artırmağı bacarıb. Bu ilin altı ayı ərzində işsizlik göstəricisi də nisbətən azalaraq 10.6 faizə enib. Dövr ərzində türk lirəsi dollara qarşı 18.5 faiz ucuzlaşıb.

Qlobal ticarət bərpa olunur?

Beynəlxalq Valyuta Fondunun son açıqlamasına görə, 2021-ci ildə qlobal ticarət həcminin 9.7 faiz artacağı proqnozlaşdırılıb. Daha əvvəl bu göstəricinin 8.4 faiz olacağı ehtimal edilirdi. Fondun növbəti il üçün artım proqnozu isə 7 faizdir.

Bu ilin ilk yarısında dünya iqtisadiyyatı ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri də əmtəə qiymətlərindəki bahalaşmadır. Dünya Bankının əmtəə bazarları haqqında son məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun aylarında enerji qiymətlərində 48 faiz, qeyri-enerji qiymətlərində 17.1 faiz, ərzaq qiymətlərində isə 15.4 faiz artım qeydə alınıb. Azərbaycanın əsas ixrac məhsulu olan "Brent" markalı neftin bir barelinin bu ilin ilk altı ayında orta qiyməti 65.2 ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə (43.1 ABŞ dolları) müqayisədə 51.3 faiz çoxdur.

XS
SM
MD
LG