Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:51

Alimlər: Pandemiya gələn il qurtaracaq, amma virus bizimlə qalacaq


Moskva metrosu
Moskva metrosu

Ekspertlər getdikcə daha çox inanırlar ki, bir çox ölkələr pandemiyanın ən pis dövrünü artıq gələn il arxada qoymuş olacaqlar

Koronavirusun daha yoluxucu Delta variantının yayılmasının dünyanın bir çox yerlərində səngiməyə başladığı bir vaxtda alimlər COVID-19-un 2022-ci ildə və daha sonra harda və nə vaxt nəhayət endemik xəstəliyə çevriləcəyini hesablayırlar.

Reuters agentliyinin söhbət etdiyi ekspertlər deyiblər ki, böyük bir ehtimalla pandemiyadan əvvəlcə yüksək vaksinasiya faizinə malik və buna görə də əhalisi təbii immunitet qazanmış ölkələr çıxacaqlar.

Onlar belə ölkələrə misal olaraq Birləşmiş Ştatları, Britaniyanı, Portuqaliya və Hindistanı göstərirlər.

Lakin alimlər xəbərdarlıq edirlər ki, SARS-CoV-2 virusu daim mutasiya etdiyinə görə onun barəsində tam dəqiq proqnoz vermək çətindir.

Ekspertlərin firkincə, “axirət günü” ssenarisini istisna etmək düzgün olmazdı. Alimlər “axirət günü” dedikdə virusun bütün immunitetləri yarıb keçəcək varianta çevrilə biləcəyini nəzərdə tuturlar.

Bununla belə, ekspertlər getdikcə daha çox inanırlar ki, bir çox ölkələr pandemiyanın ən pis dövrünü artıq gələn il arxada qoymuş olacaqlar.

Dünya Səhiyyə Təşkilatının (DST) aparıcı epidemioloqu Mariya Van Kerkov deyib:

"Biz düşünürük ki, indi ilə 2022-ci ilin sonu arasında biz virus üzərində tam nəzarətə malik olacağıq. Bu isə o deməkdir ki, biz yoluxma və ölümlərin sayını əhəmiyyətli dərəcədə azalda biləcəyik”.

DST-nin bu mövqeyi növbəti 18 ay ərzində koronavirusun inkişaf diaqramını hazırlayan ekspertlərin rəyinə əsaslanır.

Təşkilat 2022-ci ilədək bütün dünya əhalisinin 70 faizinin peyvəndlənməsini hədəfləyir.

Xanım Van Kerkov deyir ki, həmin nöqtəyə çatdıqdan sonra epidemioloji vəziyyət tamam fərqli olacaq.

Eyni zamanda Kerkov COVID məhdudiyyətlərini vaxtından əvvəl qaldıran ölkələrdən narahatlıq bildirir.

Yoluxma və ölümlər avqust ayından bəri azalır

Reuters yazır ki, COVID-19-a yoluxma və ondan ölümlər avqust ayından bəri dünyanın, demək olar, bütün ölkələrində azalmaqdadır.

Delta variantının yayılması ilə bağlı Avropa bu mənada istisna təşkil edir.

Söhbət xüsusilə də Rusiya və Rumıniya kimi ölkələrdə peyvəndləmə faizinin hələ də çox aşağı olmasından, bir sıra başqa ölkələrdə isə maska taxılması kimi məhdudiyyətlərin ləğv olunmasından gedir.

Delta variantı habelə Sinqapur və Çin kimi ölkələrdə yoluxmaların artmasına səbəb olub, halbuki bu ölkələrdə əhalinin xeyli hissəsi vaksin edilib. Bu ölkələrdə sərt karantin tədbirləri təbii immunitetin yaranmasını ləngidir.

Harvard Universiteti İctimai Səhiyyə Məktəbinin epidemioloqu Mark Lipsiç deyir ki, virusun endemik fazasya keçməsi müxtəlif ölkələrdə müxtəlif vaxtlarda baş verəcək.

Alim deyir ki, bu, müxtəlif ölkələrdə peyvəndləmənin, adamların təbii yoluxmadan qazandıqları immunitetin kəmiyyətindən və başqa faktorlardan asılıdır.

Bəzi ekspertlər Delta variantının ABŞ-da artıq bu ay “yekunlaşacağını” gözləyirlər. Onlar inanırlar ki, bu, həm də COVID-19-un sonuncu böyük sıçrayışı olacaq.

“Biz pandemik fazadan endemik fazaya keçirik”

ABŞ Qida və Dərman Administrasiyasının keçmiş əməkdaşı Skot Qotlib bu barədə deyib:

“Biz virusun pandemik fazasından daha endemik fazasına keçirik. Bu həm də o deməkdir ki, virus Birləşmiş Ştatlarda daimi dövriyyədə qalacaq”.

Vaşinqton Universitetinin aparıcı xəstəlik proqnozçusu Kris Merey də düşünür ki, Delta variantı ABŞ-da bu ay başa çatacaq:

"Qış ərzində COVID-19 hallarının azacıq artımını müşahidə edəcəyik. Əgər, əlbəttə,

başqa böyük variant ortaya çıxmasa, COVID aprel ayında öləziməyə başlayacaq”.

Bu da qeyd olunur ki, hətta yoluxma hallarının artdığı və pandemiya məhdudiyyətlərinin ləğv olunduğu Britaniya kimi ölkələrdə də vaksinlər insanların xəstəxanaya düşməsinin qarşısını alır.

Londondakı İmmperiya Kollecinin epidemioloqu Neyl Fergyuson deyir ki, Birləşmiş Krallıq üçün pandemiyanın həyəcan dövrü arxada qalıb.

“Endemiya” yaxşı bir söz olmasa da

Reuters ekspertləri bildirirlər ki, COVID-19 qarşıdan gələn illərdə xəstəlik və ölüm hallarının əsas səbəblərindən biri olaraq qalacaq, amma o malyariya kimi arxa plana keçəcək.

Van Kerkov deyib ki, “endemiya” özlüyündə xeyirli bir hal deyil.

Bəzi ekspertlər düşünürlər ki, koronavirus tədricən özünü qızılca kimi aparacaq və vaksinasiya faizinin aşağı olduğu ölkələrdə ara-sıra baş qaldıracaq.

Bir sıra alimlər isə düşünürlər ki, koronavirus qrip və soyuqdəymə kimi mövsümi yoluxmaya çevriləcək. Onların fikrincə bu virus daha çox uşaqlara yoluxacaq və əvvəlki qədər öldürücü olmayacaq. Amma bunun bu nöqtəyə gəlib çatması üçün illər lazım gələ bilər.

Doktor Fergyuzonun fikrincə COVID-19-a görə qarşıdan gələn 2-5 il müddətində tənəffüs yolları xəstəliklərindən ölüm orta rəqəmdən bir qədər yüksək olacaq.

Amma alimin fikrincə bir daha fiziki məsafə və maska kimi tədbirlərə ehtiyac qalmayacaq.

Rusiyada kovidə görə iş dayandırıldı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Alimin yuxusunu qaçıran narahatlıq

Fred Hutchinson Xərçəng Mərkəzindən viroloq Trevor Bedford SARS-CoV-2 virusunun təkamülünü izləyib və deyir ki, bu qış Birləşmiş Ştatlarda yüngül dalğadan sonra koronavirus 2022-2023-cü illərdə endemik fazasına keçəcək.

Onun hesablamasına görə bundan sonra ABŞ-da hər il COVID-19-dan 50-100 min arası ölüm qeydə alınacaq.

O müqayisə üçün bildirir ki, adi qrip üçün bu rəqəm ildə 30 mindir.

Bedford əlavə edir ki, virusun mutasiyası davam edəcək və hər il vaksinin buster dozasını vurdurmaq lazım gələcək.

Bununla belə Qotlib və Merey hesab edirlər ki, COVID mövsümi xəstəliyə çevrilərsə, qriplə birlikdə səhiyyə sistemləri üzərinə əlavə yük olacaq.

Ekspertlərin fikrincə bütün hallarda bu qışın kiçik artımından sonra insanların həyatına böyük ictimai müdaxilə erası arxada qalmış olacaq.

Lakin Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyasından Riçard Haçet deyir ki, bəzi ölkələrdə vaksinasiya faizinin yüksək, bəzilərində isə aşağı olduğu bir şəraitdə dünya bu virusa qarşı kövrək olmaqda qalacaq:

"Mənim gecələr yuxumu qaçıran belə bir narahatlıqdır ki, vaksinlərdən və immunitetlərdən yan keçən yeni variant peyda olsa, biz bir COVID pandemiyasından çıxmamış, yenisi ilə üzləşə bilərik”.

XS
SM
MD
LG