Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:09

10-yaşlı Nərmin itkin düşən gün onun bacısını aparmaq istəyənlər kim olub?


10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir (Video arxiv. 2020)

İki il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyeva yoxa çıxdığı gün kənddə naməlum bir maşın onun bacısını da aparmaq istəyibmiş. Bunu noyabrın 3-də məhkəmədə Nərminin böyük bacısı Şəbnəm Quliyeva deyib. 14-yaşlı Şəbnəm dindirilərkən məlum olub ki, sözügedən maşın və içindəki iki nəfərlə bağlı məsələ istintaq zamanı da araşdırılıb. Şəbnəmə polis şöbəsində beş nəfər və onların avtomobilləri tanınma üçün təqdim edilib. Lakin heç biri onun kənddə gördüyü olmayıb: "Atam gödəkcədən ötrü Nərmini əmimgilə göndərmişdi, üstündən xeyli keçsə də, gəlib çıxmamışdı. Məni onun arxasınca göndərdi. Dedilər ki, bir saat olar çıxıb. Mən geri qayıdanda bir taksi saxladı, içində iki nəfər vardı. Dedilər ki, gəl səni evinizə aparaq. Mən kəndimizdə o adamları görməmişdim. Tanımadığıma görə minmədim. Bir az sonra qonşumuz ailəsi ilə gedirdi, onlar saxlayıb, məni də mindirib apardılar".

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Əks istiqamətə gedib

Bacısının sözlərinə görə, hadisə günü Nərminin əmisigildən çıxıb hansı istiqamətdə getdiyini məktəbdə onunla paralel sinifdə oxuyan iki şagird də görüb. Cinayət işindəki ifadələrdən məlum olur ki, Şəmsiyyə və Sevinc adlı həmin şagirdlər Nərminin əmisigildən çıxanda təqsirləndirilən İlkin Süleymanovgilin evinə tərəf yox, əks istiqamətdə getdiyini görüb.

Şəbnəm Quliyeva ifadəsində bacısının ölümündə suçlanan İlkin Süleymanov haqqında da danışıb: "Atamın sinif yoldaşı olub. Bir-iki dəfə bizə kitablar vermişdi ki, "atanız öyrətsin sizə". Onlar tərəvəz satırdılar, olurdu ki, gedib nələrsə alırdıq. Anası ilə münasibətimiz yaxşı idi, özü ilə "salam-sağ ol" olurdu. Qaraqabaq adam idi...".

"Fikirləşdik ki, bəlkə əmimgildən çıxıb nənəmgilə gedib"

Şəbnəm onu da deyib ki, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyit tapılan gün onlara gələn əmisi Arif Quliyev onun Nərminin meyiti olmadığını deyib: "Fikirləşirəm ki, yəqin onda bizi qorxutmamaq üçün elə demişdi...".

Bacısının sözlərinə görə, itkin düşdüyü gün axşam Nərmin də atasıyla qonşu kənddəki toy axşamına getməliydi. Amma günorta saatlarında əmisigilə gedən Nərmindən xəbər çıxmadığına görə atası onsuz gedib.

"Nərmin tapılmamışdı, bəs nə əcəb atanız belə bir vəziyyətdə ora getdi?" – vəkillərin bu sualına isə Şəbnəm belə cavab verib: "Fikirləşdik ki, bəlkə əmimgildən çıxıb nənəmgilə gedib...".

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

İfadələrdə ziddiyyət

Şəbnəmin istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyət olub. Bu üzdən onun prokurorluqda verdiyi ifadə elan edilib. Orada deyib ki, bacısı sonuncu dəfə əmisigilə gedəndə məktəbdən yeni gəlmişdi deyə, əynində də həmin geyimlər vardı. Məhkəmədə isə bildirib ki, yadında deyil, yalnız yaşıl idman ayaqqabısı və çəhrayı gödəkcədə getdiyini xatırlayır.

Əmisi isə məhkəmədə demişdi ki, hadisə günü qardaşı qızı təxminən bir dəqiqə onlarda dayansa da, onun bütün geyimləri yadındadır. Onun sözlərinə görə, uşağın ayağında ağ idman ayaqqabısı vardı.

Şəbnəm bacısının məktəbli formasında – qara ətək, ağ köynəkdə getdiyini desə də, əmisi Nərminin cins şalvarda olduğunu bildirib.

Bu cinayət işi ilə bağlı məhkəmə araşdırmaları noyabrın 17-də davam edəcək.

Nərmin Quliyevanın atası Şərif Quliyev məhkəmə prosesinin gedişi, ortaya çıxan ziddiyyətlərlə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina edib: "Mən sözümü demişəm...".

"Nərmin bizim evdə olsaydı, o it bizim evə də girərdi"

Təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov isə bildirib ki, cinayət işinin materiallarında qardaşının günahsızlığına dəlalət edən ciddi faktlar var. Müdafiə tərəfi onları növbəti məhkəmə iclaslarındakı dindirmələrdə ortaya qoyacaq: "Cinayət işində Nərminin əmisigildən çıxıb bizə tərəf yox, kəndin mərkəzi istiqamətində getdiyini təsdiqləyən dörd fakt var. Hüquq-mühafizə orqanları kəndə əhliləşdirilmiş xüsusi it gətirmişdilər. İt Nərminin iziylə əmisigilə, onlarla qonşu olan nənəsigilə girib, sonra Nərmingilin yaşadığı ev istiqamətində gedib. Əgər Nərmin bizim evdə olsaydı, o it bizim evə də girərdi. Amma girməyib, keçib gedib".

Əlibaba Rzayev
Əlibaba Rzayev

Vəkil Əlibaba Rzayev isə hesab edir ki, hüquq-mühafizə orqanları kənddəki naməlum maşın və içindəki adamlarla bağlı daha ciddi araşdırma aparmalıydı: "Uşağın dediyi rəngdə və formada istər Tovuzda, istər ətraf rayonlarda onlarla avtomobil var. Cəmi beşini tanınmaya təqdim ediblər. Halbuki, bu məsələyə daha ciddi yanaşılmalıydı. Deyə bilmərəm ki, bunu bilərəkdən eləyiblər, yoxsa səhlənkarlıqdan. Görünən odur ki, bu məsələyə səthi yanaşıblar".

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG