Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:42

Lavrov deyir ki, sərhəd məsələsi ‘mürəkkəb olacaq’


Rusiya XİN-in rəhbəri bildirib ki, Yerevan Bakıya yeni təkliflər verib. Təklifləri Azərbaycana Rusiya təqdim edəcək

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası Qarabağ məsələsi ilə bağlı deyil.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik barədə şərh verərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransında Lavrov bildirib ki, Moskva iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası prosesinə ən tez bir zamanda başlanmasını zəruri hesab edir:

“Biz Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına mümkün qədər tez başlanmasına tərəfdarıq. Bunun Qarabağ regionuna və tənzimləmə məsələsinə heç bir aidiyyəti yoxdur və bu sırf ikitərəfli məsələdir. Biz artıq az qala bir ildir ki, delimitasiya və demarkasiya üzrə komissiyanın yaradılması ilə işə başlanmasını təklif etmişik”.

Lavrov işarə vurub ki, sərhədin müəyyənləşdirilməsi üçün müxtəlif illərin xəritələrindən istifadə oluna bilər:

“Nəzərə alsaq ki, Rusiya Baş Qərargahında və başqa strukturlarında SSRİ-nin formalaşmasının müxtəlif etaplarını, müttəfiq respublikalar arasında inzibati vahidlərin və sərhədlərin dəyişdirilməsini əks etdirən xəritələr var, biz özümüzü məsləhətçi qismində təklif etmişik”.

“Fikir ayrılığı var”

O bunu da bildirib ki, Ermənistan delimitasiya üzrə komissiyanın formalaşdırılmasına dair yeni təkliflər verib və bu təkliflər Rusiya tərəfindən Azərbaycana təqdim olunacaq.

Sərhədin delimitasiyası üçün Ermənistandan heç bir hərəkət görünmədiyinə dair suala cavab olaraq Sergey Lavrov deyib:

“Soçidə həqiqətən də prinsipial razılaşma əldə olunmuşdu və mətbuatla təmaslarda ümid ifadə olunmuşdu ki, komissiya 2021-ci ilin sonunadək yaradılacaq. Amma həyat mürəkkəbdir. Komissiyanın yaradılması istiqamətində irəliləyiş kafi deyil”.

Lavrovun sözlərinə görə komissiyanın yaradılması üçün ilk növbədə şərtlər barədə razılığa gəlmək lazımdır və bu “şərtlər müzakirə olunur” və bu məsələdə “fikir ayrılığı” var:

“Elə dünən mən erməni həmkarımla söhbət etmişəm. Onda yeni təkliflər yaranıb və biz bu təklifləri Bakıya verəcəyik. Baxıb görək, necə edək ki, komissiya mümkün qədər tez işə başlasın. Bizim mövqeyimiz sadədir: Rəsmən yaradılmış komissiyanın çərçivəsində oturub hazırda razılaşdırılmamış bütün məsələləri həll etmək lazımdır”.

Lavrov fikir ayrılığının nədən ibarət olduğuna da səthi toxunub:

“Bir daha vurğulamaq istəyirəm, fikir ayrılığı onun barəsindədir ki, necə edək, komissiya işə başlasın. Bu mürəkkəb olacaq. Bu müddət ərzində əmin olduq ki, bu məsələ müzakirə olunur və bu komissiyanı gündəliyə ilk növbədə həll olunmalı məsələləri daxil etməklə yaratmaq real şəkildə optimaldır”.

Qazaxıstan hadisələrinə Bakı və Ankaranın reaksiyası barədə

Jurnalistlərdən biri Lavrova sual verib:

Bu yaxınlarda Ermənistanın Azərbaycanla sərhədində döyüşlər olub. Azərbaycan artilleriya və dronlardan istifadə edib... Bakı və Ankarada KTMT-nin Qazaxıstan hökumətinə kömək etməsinə əsəbi reaksiyanı nəzərə alsaq, sizcə bu Ermənistanın və Rusiyanın Qazaxıstandakı köməyi ilə bağlıdırmı?

Sergey Lavrov:

“Nə Bakıda, nə də Ankarada rəsmi şəxslərin “əsəbi” reaksiyasını görməmişəm. Ankaradan, yumşaq desək, prezident Erdoğanın müşavirlərindən İ. Şenerin anlaşılmaz bəyanatı olmuşdu. O KTMT-ni dəvət etdiyinə görə Qazaxıstanı ittiham edirdi. Biz türkiyəli həmkarlarımızdan xahiş etdik ki, ona söhbətin nədən getdiyini başa salsınlar. Amma rəsmi şəxslərdən, eləcə də Azərbaycanın rəsmi şəxslərindən heç bir neqativ şərh olmayıb”.

Sergey Lavrov Cənubi Qafqazda 3+3 formatının işinə və Gürcüstanın bu formatda mümkün iştirakına dair suala da cavab verib:

“Ötən ilin hərbi hərəkətlərindən sonra Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri düşmən hərəkətlərin başa çatdırılmasına, ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, bu regionda bütün marşrutların açılmasına dair razılaşma imzalayıblar. Bu, Türkiyənin, Rusiyanın, İranın və Gürcüstanın maraqlı olduqları bütün imkanları açır. Məncə onların marağındadır ki, bu formata irəlicədən heç bir şərt qoymadan qoşulsunlar”.

XS
SM
MD
LG