Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

İcra başçısının müavini vəzifədən çıxarılmasına görə məhkəmədə iddia qaldırdı


Rövşən Ağayev
Rövşən Ağayev

Uzun müddət İsmayıllı rayonunda icra başçısının birinci müavini olmuş Rövşən Ağayev bu vəzifədən çıxarılmasına görə məhkəməyə üz tutub. O, haqqındakı sərəncamın ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını, işsiz qaldığı müddətə görə də əməkhaqqının hesablanıb ödənilməsini tələb edir.

51-yaşlı Ağayev 1 il 3 aydır ki, vəzifədən uzaqlaşdırılıb, onun dövlət qulluğunda fəaliyyətinə xitam verilib. İcra başçısı Nahid Bağırovun bu barədə imzaladığı 19 aprel 2021-ci il tarixli sərəncamda göstərilib ki, birinci müavininin fəaliyyətindəki nöqsanlarla əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinə çoxlu sayda şikayətlər gəlib. İsmayıllı şəhərində - Xurşudbanu Natəvan küçəsində tikilən 48-mənzilli yaşayış binasındakı mənzillərin bölgüsü zamanı da Ağayevin nöqsanlara yol verdiyi iddia olunur. İcra hakimiyyətində birinci müavin haqqında sənədlər toplanıb Prezident Administrasiyasının rəhbərinə təqdim olunub. Oradan razılıq alınandan sonra onun vəzifədən azad olunması haqda sərəncam imzalanıb.

İddiaları "yalan" adlandırır

Ağayev isə deyir ki, onun haqqında yazılanlar yalandır, qərəz nəticəsində vəzifədən uzaqlaşdırılıb. Onun sözlərinə görə, fəaliyyətinin araşdırılması haqda sərəncam imzalansa da, həmin sənədi ona göstərməyiblər. Heç fəaliyyətinin hansı səbəbdən araşdırılması haqda da məlumatı olmayıb.

"Deyirlər ki, guya, vətəndaşların müraciətlərini ətraflı araşdırmamışam, bu da başqa dövlət orqanlarına təkrar şikayətlərə yol açıb. Halbuki, rayon icra hakimiyyətinə müraciətlərlə əlaqədar cavab məktublarına, bir qayda olaraq, hüquq şöbəsində baxılır, müvafiq viza verilir. Bundan sonra həmin cavab məktubuna icra başçısı dərkənar qoyur, cavab məktubu vətəndaşa göndərilir", - keçmiş məmur belə deyir.

O, mənzillərin bölgüsündə nöqsanlara yol verməsi haqda iddiaların da yalan olduğunu vurğulayıb.

Sübut olmadığını deyir

Ağayevin sözlərinə görə, onun vəzifədən uzaqlaşdırılması üçün hazırlanan arayışda məmur kimi özbaşınalıq etməsi, vətəndaşlarla kobud rəftarı, icra başçısını aldatması və s. göstərilib. Amma bunları təsdiqləyən heç bir sübut yoxdur.

Təxminən bir il ərzində Ağayevin şikayətlərinə müxtəlif məhkəmə instansiyalarında baxılıb. Amma heç biri onun şikayətini təmin etməyib. İyulun 7-də Ali Məhkəmə də bu məsələdə son qərarı verərək keçmiş məmura "yox" deyilib.

1971-ci il təvəllüdlü Rövşən Ağayev əvvəllər İsmayıllıda Maliyyə İdarəsinin rəisi işləyib. 2006-2013-cü illərdə rayon icra hakimiyyətində icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini-şöbə müdiri olub. 2013-cü ildən 2021-ci ilin aprelinə qədər icra başçısının birinci müavini vəzifəsində çalışıb.

XS
SM
MD
LG