Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:15

Lavrov: Moskvanın hədəfləri Donbası aşır


Kramatorsk
Kramatorsk

Körbi deyib ki, ABŞ bir neçə günə Ukraynaya yeni silah paketi açıqlayacaq. Yardıma əlavə HIMARS sistemlərinin salınacağı gözlənir

Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyat”ının coğrafi hədəfləri daha şərqi Donetsk və Luqansk vilayətləri ilə məhdudlaşmır. Bunu Xarici işlər naziri Sergey Lavrov deyir.

“İndi coğrafiya fərqlidir. Yalnız Donbas deyil (Rusiyanın dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazilər), həm Xerson, həm Zaporojye, bir sıra digər ərazilər də var, proses davam edir, davamlı şəkildə gedir”, – Lavrov iyulun 20-da RIA Novosti və RT xəbər agentliklərinə deyib.

Lavrov əlavə edib ki, “Qərb Kiyevə uzaq mənzilli silahlar verirsə, Ukraynadakı xüsusi əməliyyatın coğrafi hədəfləri daha da genişlənəcək”.

Rusiyanın ilhaq planları. Sentyabrda ‘saxta referendum’ gözlənir

Ukrayna qüvvələrinin müasir Qərb artilleriyası vasitəsilə Dnepr çayı üzərindəki əsas körpünü vurduğu bildirilir.

Rusiyanın nəzarətində olan Xerson vilayətindəki Antonivski körpüsü son günlər vurulan ikinci belə hədəfdir.

Vilayətə Moskvanın təyin etdiyi hərbi-mülki administrasiyanın başçı müavini Kiril Stremusov iyulun 20-də TASS agentliyinə deyib ki, körpü ABŞ istehsalı HIMARS sistemlərindən atılmış doqquz raketlə vurulub.

“Körpü çox dağılıb. Bərpa oluna bilər, ancaq buna vaxt lazımdır. Çox güman, nəqliyyatı dayandırmalı olacağıq”, – deyən Stremusov itki sayı açıqlamayıb.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

1.4 km-lik körpü Dnepr üzərində əsas keçiddir, istifadəsiz hala gəlsə, Rusiya ordusunun vilayətdəki qüvvələrini təchiz etməsi çətinləşəcək.

***

Ukraynalı müdafiəçilər saylarının azlığına baxmayaraq şərqdə Rusiya qüvvələrinə qarşı mövqelərini qoruyur, qarşı tərəf “minimum irəliləyiş” əldə edir. Bunu Britaniya kəşfiyyatı iyulun 20-də bildirib.

Dnepr çayının qərb hissəsində Rusiyanın tutduğu ərazidə əsas körpünün Ukrayna qüvvələri tərəfindən vurulduğu bildirilir. Britaniya kəşfiyyatı deyir ki, körpünün hələ də işlək vəziyyətdə olmasına baxmayaraq, Moskva üçün “əsas zəif nöqtə” kimidir.

Bülletendə qeyd olunur ki, Dnepr üzərində keçidlər çaydan qərbdə Rusiyanın nəzarətində olan ərazilərdə döyüşlər üçün vacib faktordur. “Rusiya üçün siyasi və simvolik əhəmiyyət daşıyan” Xerson şəhəri də həmin ərazidə yerləşir.

Bu arada Ukrayna ordusu ölkənin müxtəlif yerlərinin genişmiqyaslı atəşə və hücumlara məruz qaldığını, cəbhə xəttindən çox uzaqda dinc sakinlər arasında itkilərə səbəb olduğunu bildirir.

İyulun 19-da Kramatorsk şəhərinə raket zərbəsində azı bir nəfər öldürülüb. Odessa liman şəhəri raket atəşinə tutulub.

Parlament komissiyası yaradılır

Prezident Volodimir Zelenski iyulun 19-da gecə videomüraciətində deyib ki, Kiyev Qərbdən alınan silahlardan istifadəni tənzimləyəcək parlament komissiyası yaradır.

O, açıqlamanı verənədək Qərb silahlarından sui-istifadəylə bağlı hər hansı iddia olmadığını vurğulayıb.

“Ancaq Rusiyanın propanqadaçıları və onlara Ukraynada və başqa yerlədə kömək edənlərin uydurmalarının aradan qaldırılması üçün belə bir parlament aparatı yaradılacaq”, – o deyib.

Vaşinqtonda bəzi konqresmenlər Pentaqonu Ulraynaya verilən silahların yetərincə monitorinqini aparmadığına görə tənqid edib.

“Vurğulamaq istəyirəm: bununla bağlı dövlətimizə qarşı hər hansı iddiaya əsas yoxdur”, – o deyib.

Hərbi təhlilçilərin fikrincə, ABŞ istehsalı HIMARS kimi dəqiq və uzağı vura bilən silah sistemləri Kiyev üçün ölkənin şərqində əkshücumda dəyişiklik yarada bilər.

İyulun 20-də Ukrayna Müdafiə Kontakt Qrupunun toplantısı olmalıdır. Qrupun mayda keçirilən son iclasına ümumilikdə 47 ölkə qatılıb, onlardan 20-si Ukraynaya təhlükəsizlik yardımı paketləri açıqlayıblar.

İlhaq, “referendum” planı

Bu arada Ağ ev bildirib ki, Rusiya Ukraynanın əlavə ərazilərinin ilhaqı üçün əsas hazırlayır, nəzarətinə aldığı ərazilərə qanunsuz proksi liderlər təyin edir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi iyulun 19-da deyib ki, rusiyalılar tutduqları ərazilərdə, ola bilsin, sentyabrda “biabırçı referendum” planlaşdırır, rublu əsas valyuta elan etməyə, sakinləri vətəndaşlıq üçün müraciət etməyə vadar etməyə hazırlaşırlar.

İlhaq üçün hədəf ərazilər Xerson, Zaporojye, Donetsk və Luqanskın tam ərazisidir.

Körbinin sözlərinə görə, o, Rusiyanın planlarını “ifşa edir”, “dünya bilir ki, planlaşdırılan anneksiya qəsdli, qanunsuz, qeyri-legitimdir”.

Sözçü ABŞ-ın Rusiyanın addımlarına “dərhal, kəskinliklə, müttəfiqləri və tərəfdaşları ilə koordinasiyalı şəkildə cavab verəcək”. Onun sözlərinə görə, cavab addımlarına Rusiyanın təyin etdiyi “oyuncaq və proksilərə” sanksiyalar da daxil olacaq.

Körbi qeyd edir ki, Rusiya yayım qüllələrini də nəzarətə almağa çalışır və bu dəyərləndirmə ABŞ kəşfiyyatına əsaslanır.

“Anneksiya BMT Xartiyasının kobud pozuntusudur və biz bunun cəzasız qalmasına yol verməyəcəyik”, – o vurğulayıb.

ATƏT-in ötən həftə açıqladığı hesabata görə, Rusiya Ukrayna vətəndaşlarını Rusiya pasportları qəbul etməyə vadar edir.

Körbi deyib ki, ABŞ bir neçə günə Ukraynaya yeni silah paketi açıqlayacaq. Yardıma əlavə HIMARS sistemlərinin salınacağı gözlənir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

XS
SM
MD
LG