Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:40

Britaniya əsgərinə 'müharibəyə hazır ol' xəbərdarlığı? - Qərb mediası


Britaniya dəniz piyadaları təlimdə (Arxiv fotosu)
Britaniya dəniz piyadaları təlimdə (Arxiv fotosu)

Britaniya ordusunun yüksək vəzifəli rəsmilərindən biri deyib ki, ölkə qoşunları Rusiyaya qarşı döyüşə hazır olmalıdır və hərbçilər ailə və doğmalarına belə bir ssenarinin mümkünlüyünü izah etməlidirlər.

The Mirror qəzetinin yazdığına görə Britaniya ordusunun əsgər və serjant heyətinin ən yüksək rütbəli rəsmisi Pol Karney deyib ki, “Birləşmiş Krallığın hərbiyyəsi hazırda özünü Rusiyadan gələn təhdidə hazırlayır və istənilən təcavüzü dəf etməyə hazır olmalıdır”.

Karney əlavə edib ki, hərbçilər “ailələrini və yaxınlarını” Şərqə göndərilməyin mümkünlüyü barədə xəbərdar etməlidirlər.

O deyib ki, Vladimir Putin Ukraynaya müdaxilə edəndən bəri, son 6 ayda dünya dəyişib və Britaniya ordusu “yeni reallıqlara” hazır olmalıdır.

1 nömrəli gizirin dedikləri

Britaniya ordusunnun “1 nömrəli giziri” sayılan Karney Soldier (Əsgər) jurnalı üçün yazdığı məqalədə qeyd edir:

“Mən istəyirəm ki, hamımız əməliyyatlara nə dərəcədə yararlı olduğumuzu yoxlayaq. Bu da mühümdür ki, sevdiklərimizi və ailə üzvlərimizi – bizim yoxluğumuzda ən ağır yükü çəkənləri buna hazırlayaq”.

Karney daha sonra yazır:

“Mənim ricam odur ki, potensial əməliyyata göndərilə biləcəyinizi yaxınlarınızla indi müzakirə edəsiniz. Bu sahəyə baxan sosial dəstək şəbəkələrindən telefon nömrələrini tapın və yaxınlarınıza dəstək ola biləcək adamları – hərbi həmkarların nümayəndəsi və ya hərbi birliyin keşişləri ilə əlaqə qurun”.

Gizir izah edib ki, bütün bunlar hərbçinin uzun müddət evdə olmadığı dövr üçün çox mühümdür:

“Əmin olaq ki, sevdiklərimizə bizim vermək imkanında olmadığımız dəstək evlə əlaqəmiz olmayan vaxtda onlara 100 faiz veriləcək”.

“Bu o demək deyil ki, ordu dərhal Ukraynaya gedəcək”

Britaniya ordusunun keçmiş komandanı lord Riçard Dannat bu müraciəti necə anlamağın gərək olduğunu izah edib:

“Bu, ordunun 1 nömrəli əsgərindən nəzakətli bir məsləhətdir. Bu o demək deyildir ki, ordu elə bu saat Ukraynaya göndəriləcək. Hətta sülh vaxtlarında da müharibəyə və həyatın bütün aspektlərinə hazır olmaq bütün orduların vəzifəsidir”.

Dannat əlavə edib:

“Digər tərəfdən Avropada müharibə, aqressiv Rusiya və Rusiya ilə həmsərhəd narahat ölkələrin olduğu bir vaxtda Britaniya əsgəri üçün baş verə biləcək real hadisələrdən ağah olmaq müdriklikdir”.

Hərbiyyə rəsmiləri bildirirlər ki, xəbərdarlıqda “ailəsi ilə əlaqəsi olmamaq” təhlükəsizik mülahizələri ilə mobil telefonlardan istifadə edilməməsi deməkdir.

Britaniya ordusunun komandanı general Patrik Sanders hələ iyun ayında demişdi:

“Biz Avropada bir daha döyüşməyə hazır olmalı nəsilik”.

The Mirror yazır ki, Ukrayna müharibəsi hər iki tərəf üçün 100 minədək itki ilə nəticələnib.

Britaniya Ukraynaya hərbi və maliyyə dəstəyi verir.

Qəzet yazır ki, 10 minədək ukraynalı əsgər hazırda Britaniyada təlim keçir, Britaniyanın Kiyevdəki səfirliyi isə Kral dəniz piyadaları tərəfindən mühahafizə olunur.

XS
SM
MD
LG