Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:23

Britaniya İran inqilab keşikçilərini ‘terrorçu’ elan etməyə hazırlaşır


İranın Londondakı səfirliyi
İranın Londondakı səfirliyi

Birləşmiş Krallığın İranın İslam İnqilab Keşikçiləri Korpusunu (İİKK) rəsmən “terrorçu təşkilat” elan edəcəyi gözlənilir.

The Telegraph qəzeti yazır ki, bundan əvvəl Britaniya vətəndaşlarının qətlinə və oğurlanmasına İrana bağlı cəhdlər edilib.

Bu barədə məlumatda deyilir ki, London İİKK-yə qarşı bu addımın atılması üzərində son bir il ərzində işləyib. Həmin müddətdə Britaniya torpağında adamların hədəflənməsinə 10 cəhd edilib.

Qəzet siyasi və təhlükəsizlik mənbələrinə istinadən yazır ki, sözü gedən qrupun terrorçu təşkilatlar siyahısına salınması yaxın həftələrdə rəsmən elan ediləcək.

Bu isə o deməkdir ki, Britaniyada İİKK-nin hər hansı tədbirlərində iştirak, onun bayraq və rəmzlərinin ictimai yerlərdə gəzdirilməsi cinayət əməli hesab olunacaq.

The Telegraph yazır ki, son illərdə Britaniya küçələrində İİKK-yə dəstək bildirilməsi adi hala çevrilib.

Azı 10 terror cəhdi

Məqalədə deyilir ki, Britaniyanın təhlükəsizlik üzrə nazir müavini Tom Tugendat (Tom Tugendhat) və daxili işlər naziri Suella Breyvermen (Suella Braverman) bu təşəbbüsü dəstəkləyiblər.

Britaniya kəşfiyyatı MI5-in baş direktoru Ken Makkallam (Ken McCallum) noyabr ayında demişdi ki, İran özünün aqressiv kəşfiyyat xidmətləri ilə Britaniya üçün birbaşa təhdid təşkil edir.

O xatırlatmışdı ki, bu xidmətlər İran rejiminin düşmən hesab etdiyi şəxslərin oğurlanmasına və qətlə yeririlməsinə cəhdlər göstərir.

O əlavə etmişdi ki, təkcə 2022-ci ildə azı 10 belə cəhd olub.

The Telegraph yazır ki, Londonda mənzillənmiş farsdilli Iran International telekanalının yayımçısı -Volat Media şirkəti noyabrda onun ikili vətəndaşlığı olan iki jurnalistinə qarşı qəsd törədilməsi üçün İİKK-nin killerləri göndərildiyini bildirib.

Məqalədə xatırladılır ki, Tehran bu yaxınlarda Britaniyaya bağlı “şəbəkə” üzvlərini həbs etdiyini bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bir sıra ölkələri, xüsusilə də Britaniyanı İrandakı etirazları və iğtişaşları qızışdırmaqda ittiham etmişdi.

Nüvə danışıqlarına əngəl

Bu arada İranda daha bir Britaniya-İran ikili vətəndaşlığı olan iranlı həbs olunub.

Qərb hökumətləri İranı xariciləri əsassız olaraq həbs etməkdə və “girovçuluq” siyasəti yürütməkdə ittiham ediblər.

Onlar bildirirlər ki, İran, xariciləri məhbus mübadiləsində istifadə etmək üçün həbs edir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) 2019-cu ildə İİKK-ni terrorçu təşkilat elan etmişdi.

İran nüvə sazişinin dirçəldilməsi üçün danışıqlarda iştirakı üçün şərt kimi bu qərarın ləğv olunmasını dəfələrlə Ağ Evdən tələb etmişdi.

ABŞ prezidenti Co Bayden (Joe Biden) Tehranın bu tələbini rədd edib.

The Telegraph yazır ki, Britaniyanın da İİKK barədə eyni addımı atması Tehranın danışıqlar masasına qayıtmasını tamamilə mümkünsüz edə bilər.

XS
SM
MD
LG