Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

Qarabağa qayıtmaq istəyənlər nədən rahatsızdırlar?


Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır' (Arxiv/2022)

Məcburi köçkünlərin Qarabağda işğaldan qurtarılan ərazilərdə məskunlaşması başlanıb. Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində məskunlaşma aparılıb. Di gəl, məcburi köçkün statusunda 600 min nəfərdən çox şəxs var və onların ata-baba torpaqlarına qayıdışla bağlı gözlənti və ehtiyacları, təbii ki, öyrənilməlidir. Əks halda Azərbaycan toplumu "Böyük Qayıdış"ın heç də kiçik olmayan problemləri ilə üz-üzə qalacaq.

Bu ehtiyac və gözləntiləri üzə çıxarmaq üçün Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası "Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı" adlı araşdırma aparıb və bu çərçivədə 705 köçkün qadın arasında sorğu keçirib.

Gənclər qayıtmağa elə də həvəsli deyillər

Sorğuya qatılanların "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablarından aydın olur ki, məcburi köçkünlərin çoxu qayıtmaqda maraqlıdır. Respondentlərin 70.6 faizi Qarabağa qayıtmağı düşündüyünü bildirib. Sorğu iştirakçılarının 15.1 faizi Qarabağa qayıtmaq istəmədiyini, 14.3 faizi isə, hələlik, qərarsız olduğunu dilə gətirib.

Məcburi köçkünlərin böyük bölümü Qarabağa qayıtmaqda maraqlı olduğunu bildirsə də, sorğuya qatılanların müxtəlif sosial-demoqrafiq göstəricilər üzrə təhlili göstərir ki, bəzi sosial qruplar arasında qayıtmaq istəyənlərin payı ortalama göstəricidən daha aşağıdır. Məsələn, respondentlərin yaş qrupları üzrə "Qarabağa qayıtmağı düşünürsünüzmü" sualına cavablardan aydın olur ki, 60 yaşdan yuxarı şəxslərin 89 faizi bu suala müsbət cavab versə də, 18-29 yaş qrupunda eyni göstərici 61 faizdir.

Araşdırmada bildirilir ki, Qarabağa qayıtmaq istəməyənlərin və qərarsız qalanların ən yüksək özəl paya sahib olduğu qrup 18-29 yaşlılardır. Orta yaş azaldıqca Qarabağa qayıdışla bağlı istək də aşağı düşür. Araşdırma çərçivəsində gənc yaşda məcburi köçkün qadınlarla aparılan dərinləşdirilmiş müsahibələrdə ən çox rahatsızlıq doğuran məsələlər dilə gətirilib. Yeni mühitə öyrəşməyin çətinlikləri, köçəcəkləri yerlərdə yaşayacaq insanların çoxunu tanımamaları, iş tapmaq imkanları ayrıca narahatlıq kimi vurğulanıb.

Anket sorğusu iştirakçılarının yaşadıqları yerlərdə Qarabağa qayıdışla bağlı qərarlarda fərqlər gözə çarpıb. Əgər Abşeron yarımadasında yaşayan respondentlərin 62.9 faizi Qarabağa qayıtmağı düşünürsə, əyalətlərdə yaşayan məcburi köçkün qadınlar arasında bu göstərici 79.28 faiz olub. Tədqiqatın nəticələrinə görə, Bakıda yaşayan məcburi köçkün qadınların geri qayıdış prosesində əsas narahatlıqları təhsil, səhiyyə və digər sosial xidmətlərə çıxış imkanlarının və müvafiq xidmətlərin keyfiyyətcə paytaxtdakı qədər yaxşı olmaması ehtimalından qaynaqlanıb. Bu baxımdan, azad edilmiş ərazilərdə sosial xidmətlərin keyfiyyətcə ən az paytaxtdakı səviyyədə təşkili, eləcə də əhalinin hər qrupu üçün cəlbedici gəlir səviyyəsinin təmin edilməsi paytaxtda yaşayan məcburi köçkünlərin Qarabağa qayıdış qərarına təsir göstərəcək ən vacib amillərdən biri olması üzə çıxıb.

Fərdi sahibkarlar nədən rahatsızdır?

Anket sorğusunun nəticələrinə görə, məşğulluq durumu üzrə də məcburi köçkün qadınlar arasında Qarabağa qayıtmaq istəyənlərin sayında fərqli meyllər gözə çarpır. Pensiyaçıların 92 faizi, muzdlu işçilərin 73 faizi, kənd təsərrüfatı ilə məşğul olanların 72 faizi, işsizlərin 69 faizi, evdar xanımların 68 faizi, fərdi sahibkarlarınsa cəmi 53 faizi Qarabağa qayıtmaq istədiyini bildirib.

Məşğulluq durumu baxımından Qarabağa qayıtmaq istəməyənlərin ən yüksək xüsusi çəkisi fərdi sahibkar olan məcburi köçkün qadınlar arasında qeydə alınıb. Bu sosial qrup üzrə Qarabağa qayıtmaq istəyənlərin payı ortalama göstəricidən təxminən yarıbayarı geri qalır. Araşdırmaya görə, bunun əsas səbəbi həmin qrupa daxil olan qadınların öz bizneslərini itirmək qorxusudur. Onlar yeni köçəcəkləri ərazilərdə indiki bizneslərini davam etdirib-etdirməyəcəklərini dəqiq bilmirlər. Biznes subyektləri təşkil olunarkən ölkənin digər yerlərində eyni fəaliyyətlə məşğul olan məcburi köçkün qadınlara öncəlik verilməsi həmin qadınları Qarabağa qayıdışa daha çox həvəsləndirə bilər.

Sorğuya qatılanların təhsil səviyyələri baxımından qayıdışla bağlı qərarlarında önəmli fərqlər gözə çarpmır. Bütün təhsil səviyyələri üzrə (ali, orta ixtisas, peşə təhsili, ümumi təhsil) rəyi soruşulanların təxminən 70 faizə yaxını Qarabağa qayıtmaq istədiyini bildirib.

XS
SM
MD
LG