Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:13

Əliyev: 'Müharibə istəmirik'. Paşinyan: ‘Azərbaycan prezidenti bu razılaşmanı açıq təsdiqləməyib’


(soldan sağa) İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan (arxiv fotosu)
(soldan sağa) İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan (arxiv fotosu)

Qarabağ erməniləri “seçim qarşısında”, Azərbaycanla Ermənistanın gələcək sərhədi, “Laçın çıxmazı”, vasitəçilərin oyunu və sülhə doğru uzun bir yol. İki ölkənin liderləri “Euronews” telekanalına Avrasiyanın ən uzunmüddətli münaqişələrindən biri haqda fikirlərini bölüşüblər.

“Euronews”un beynəlxalq müxbiri Aneliz Borjes (Anelise Borges) Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana ayrı-ayrılıqda eyni sualları verib, sülhün mümkün olub-olmadığını, bundan ötrü nəyin gərəkdiyini öyrənməyə çalışıb.

Əliyevin ermənilərə mesajı

Prezident Əliyev Ermənistandakı ermənilərə belə bir mesaj verib ki, Azərbaycan onların dövləti ilə sülh istəyir:

“Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, – Prezident Əliyev bildirib.

O, Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası olmadığını, Ermənistandan da bunu istədiklərini deyib. Prezident Əliyev Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanların Azərbaycanda yaşadıqlarını vurğulayıb, onları "ya Azərbaycan vətəndaşı kimi yaşamaq, ya da Azərbaycanı tərk etmək" arasında "seçim etməyə" çağırıb.

Prezident Əliyev əvvəllər də oxşar bəyanat səsləndirib. O zaman Qarabağ erməniləri bunu "beynəlxalq hüququn kobud pozuntusu" adlandırıb, "etnik təmizləməyə çağırış" sayıblar.

'Xankəndi erməniləri ilə Bakı yeni razılaşma imzalamalıdır...'. Bakı-Yerevan. 3-cü DEBAT
Gözlə

No media source currently available

0:00 0:16:28 0:00

“Əliyev razılaşmanı açıq şəkildə təsdiqləməyib, təkzib də etməyib”

Ermənistanın Baş naziri Nikol Paşinyan isə 2020-ci il 9 noyabr bəyanatının sülh sazişi olmadığını, üstəlik, Azərbaycan bu sənədin bir çox müddəalarını mütəmadi və kobudcasına pozduğunu bildirib.

“Bu indi də baş verir. Görürsünüz, siz Dağlıq Qarabağ haqda sual verirsiniz, bunu hamı anlayır. Azərbaycan isə israr edir ki, heç bir Dağlıq Qarabağ mövcud deyil”, – o qeyd edib.

Paşinyan da sülhün vacibliyini vurğulayıb, ancaq onun sözlərinə görə, bunun baş verməsi üçün beynəlxalq ictimaiyyət vacib nüansları dərk etməlidir, sürətli templə irəliləyişin olmadığını aydın başa düşsünlər. O, Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident Əliyevlə görüşünü yada salıb. Belə ki, həmin görüşdə Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı anlaşma əldə olunub, yəni, Ermənistan ərazisinin 29 min 800 км², Azərbaycan ərazisinin isə 86 min 600 км² olması haqda.

“Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. O vaxtdan bəri Azərbaycan prezidenti bu razılaşmanı açıq şəkildə təsdiqləməyib. Amma onu təkzib də etməyib. Bu detal etimad mühitinin yaranmasına töhfə vermir”, – Paşinyan vurğulayıb.

Paşinyan müsahibəsində deyib ki, “sülh nəinki mümkündür, vacibdir”.

Prezident Əliyevin sözlərinə görə, “ümid bəsləmək doğru addımdır”: “Nikbinliyi itirmirik, çünki hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox aktiv danışıqlar aparılır”.

Rusiyanın regionda nüfuzu qalırmı

Müxbirin Azərbaycanın Rusiya ilə çoxdankı və mürəkkəb münasibətləri, Rusiyanın regionda nüfuzunu saxlayıb-saxlamaması haqda sualına cavabında Əliyev deyib ki, ölkəsinin Rusiya ilə münasibətləri balanslaşdırılmış vəziyyətdədir. “Onlar bir-birinin milli maraqlarının, ərazi bütövlüyü və suverenliyinin tanınmasına əsaslanır. Rusiya – bizim qonşumuz və tərəfdaşımızdır”, – prezident vurğulayıb.

Paşinyan isə bildirib ki, Ukraynada baş verənlər fonunda regionda təkcə Rusiyaya deyil, digər geosiyasi oyunçulara maraq azalır, çünki praktik olaraq bütün beynəlxalq diqqət məhz Ukraynaya yönəlib: “Bu, faktorlardan biridir”.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıblar, Qarabağa Rusiya hərbi kontingenti yerləşdirilib. Tərəflər arasında danışıqlar Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə davam etdirilir.

XS
SM
MD
LG