Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:55

TASS: Rusiya sülhməramlılarının Qarabağdan çıxma tarixi müzakirə olunacaq. Yerevan xəbəri təsdiqləmir


Azərbaycan polisi Xankəndidə Rusiya sülhməramlılarının avtomobilinin yanında keşik çəkir.
Azərbaycan polisi Xankəndidə Rusiya sülhməramlılarının avtomobilinin yanında keşik çəkir.

+++

Bu gün – oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Yerevana gedərək Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxma vaxtını müzakirə edəcək. Bu haqda TASS diplomatik mənbəyə istinadla yazır.

"Ermənistan tərəfi ilə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxmasının konkret vaxtı müzakirə olunacaq", – mənbə deyib.

Qarabağa Rusiya hərbçiləri Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatına əsasən yerləşdirilib. Beş illik kontingentin qalma müddəti tərəflərdən heç biri etiraz etməzsə, vaxtın bitməsinə altı ay qalmış avtomatik uzadılır.

Bu il sentyabrın 19-da Bakı Qarabağda "antiterror tədbirləri" elan edib. Bir gün sonra tərəflər atəşkəs üzrə razılığa gəlib, Qarabağdakı silahlıların tərksilah olunması razılaşdırılıb. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk etməyə başlayıb, separatçı rejim özünü buraxdığını açıqlayıb.

+++

Rəsmi Yerevan isə bu haqda informasiyası olmadığını bildirib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, nazirlikdə belə bir görüş planlaşdırılmır.

Rusiya sülhməramlı kontingenti Qarabağdakı müşahidə postlarını yığışdırdı

Rusiya sülhməramlı qüvvələri Qarabağda keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə postlarının yığışdırılmasını başa çatdırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: "Əsgəran, Mardakert (Ağdərə) və Şuşa rayonlarındakı keçmiş təmas xətti boyunca müvəqqəti müşahidə postlarının yığışdırılması başa çatıb".

Lakin nazirlik bunu da bildirir ki, sülhməramlılar təhlükəsizliyin və dinc əhaliyə münasibətdə humanitar hüququn təminatı üçün regionda vəzifələrinin icrasını davam etdirir.

Məlumatda deyilir ki, Qarabağdakı hərbi birləşmələrdən alınmış silahların, hərbi texnikanın hesablanması davam etdirilir. Bu silahların saxlandığı anbarlara Rusiya və Azərbaycan hərbçilərinin birgə patrulu keşik çəkir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova demişdi ki, Rusiya sülhməramlılarının regionda qalma müddəti oradakı vəziyyətdən asılı olaraq Moskva və Bakı tərəfindən müəyyənləşdiriləcək.

Qukasyan, Saakyan və İşxanyanın da saxlandığı təsdiqləndi

Qarabağda tanınmayan və bugünlərdə fəaliyyəti dayandırılan qurumun - "Dağlıq Qarabağ Respublikası"nın daha iki keçmiş lideri - Arkadi Qukasyan, Bako Saakyan, habelə "keçmiş parlament sədri" kimi təqdim edilən David İşxanyanın saxlanaraq Bakıya gətirilməsi haqqında məlumatlar da rəsmən təsdiqlənib.

Bu barədə oktyabrın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb. Həmin şəxslərin oktyabrın 3-də saxlandığı qeyd olunur.

Onlara Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan... istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (...təlimlər təşkil etmə), 228.3 ( təkrar qanunsuz olaraq odlu silah... əldə etmə, ...) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr... yaratma) maddələri ilə ittiham verilib.

İttihama onlar və vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Araik Arutyunyan
Araik Arutyunyan

Arutyunyan bu maddələrlə ittiham edilir

Qarabağda tanınmayan və bugünlərdə fəaliyyəti dayandırılan qurumun – "Dağlıq Qarabağ Respublikası"nın keçmiş rəhbəri Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında xəbər verilir.

Məlumatda vurğulanır ki, A.Harutyunyan hələ 2020-ci il oktyabrın 28-də barəsində məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib: "Cari il oktyabrın 3-də Araik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib". (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama..., silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma,... cinayətkar əmr vermə, qəsdən adam öldürmə, terrorçuluq və s.)

Həmin maddələrlə şəxsə ömürlük həbsə qədər cəza verilə bilər.

İttihamlara A.Harutyunyan və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Rusiya XİN münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Qarabağın keçmiş erməni liderlərinin saxlanılması ilə bağlı Moskvaya heç bir rəsmi və ya qeyri-rəsmi müraciət daxil olmayıb: "İlk növbədə xatırlatmaq lazımdır ki, adıçəkilən şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan kimisi Rusiya vətəndaşlığından imtina edib, kiminsə də lap əvvəldən Ermənistan vətəndaşlığı olub. Bu gün üçün onlardan heç birinin Rusiya vətəndaşlığı yoxdur".

Yerevan separatçı liderlərin saxlanılmasını pisləyir

Rəsmi Yerevan Qarabağın keçmiş separatçı liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və başqalarının Azərbaycan tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, Qarabağ nümayəndələri ilə aparılan dialoqa, Azərbaycan rəsmilərinin ermənilərin hüquqlarına hörmət ediləcəyinə, onların Qarabağa qayıtmasına maneçilik törədilməyəcəyinə dair bəyanatlarına rəğmən, Azərbaycanın hüquq-mühafizə orqanları həbsləri davam etdirir.

Yerevan bildirir ki, Dağlıq Qarabağın "qanunsuz" həbs edilmiş nümayəndələrinin hüquqlarının, o cümlədən beynəlxalq məhkəmələrdə müdafiə olunması üçün mümkün olan bütün addımları atacaq.

Ermənistan beynəlxalq partnyorları Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müdafiəsinə dair Bakıya ünvanlanmış bəyanatlarda ardıcıl olmağa, bu məsələni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq instansiyalarda nəzərə almağa çağırır.

Bakıdan cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in bəyanatını pisləyən açıqlama yayıb.

Açıqlamaya görə, sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü "təcavüzkar" siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir: "Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir".

Ermənistan BMT missiyasından narazılıq bildirib

"BMT-nin Qarabağa göndərdiyi missiya mümkün olan hər şeyi edib ki, Azərbaycanın həyata keçirdiyi etnik təmizləmələri, qanunsuz həbsləri, mülki infrastrukturun dağıdılmasını və başqa cinayətləri qanuniləşdirsin". Bunu özünün X platformasındakı səhifəsində Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan yazıb.

O qeyd edib ki, "bu adamlar BMT-ni bir təsisat kimi gözdən salırlar".

Marukyan BMT-nin baş katibi Antonio Quterreşə, BMT-nin qaçqınlarla iş üzrə Azərbaycandakı nümayəndəsinə və BMT insan haqları üzrə ali komissarı Folker Türkə müraciətlə yazır: "Mən bu "nümayəndələr"in fəaliyyətinə dair BMT-nin təhqiqatını səbirsizliklə gözləyirəm".

ABŞ Qarabağda ayrıca missiya istəyir

Amerika Birləşmiş Ştatları (ABŞ) BMT-nin Qarabağa qrup missiyasını "alqışlayır".

Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 2-də mətbuat üçün brifinqdə "Turan"ın Vaşinqton müxbirinə bildirib.

"Biz bu missiyanı alqışlayırıq", - Miller BMT missiyasının ilk hesabatına münasibət bildirərkən deyib.

Bununla belə, Vaşinqton regional tərəfdaşları ilə regionda ayrıca beynəlxalq missiyanın yerləşdirilməsi üzərində işləyir.

"Biz daha uzunmüddətli missiyanın necə olacağı ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edirik", - Miller əlavə edib.

Etnik təmizləmə iddiaları ilə bağlı

Mətbuat katibi Qarabağda etnik təmizləmə iddiaları ilə bağlı qəti mövqe bildirməkdən çəkinib: "Biz etnik təmizləmə, soyqırımı və ya başqa vəhşiliklər barədə iddiaları ciddi qəbul edirik. Biz situasiya barədə o yerdəki kontaktlarımızla təmasdayıq. Biz bunların baş verməsinin sübutunu görsək, vəhşiliklərə dair iddialara müvafiq hərəkətlə reaksiya verməkdən və vəhşiliklərə görə cavabdeh olanlardan hesabat tələb etməkdən çəkinməyəcəyik. Lakin, hər zaman olduğu kimi, soyqırımı və etnik təmizləmənin müəyyənləşdirilməsi ehtiyat tələb edən və sübutlara əsaslanan prosesdir. Bu, mənim bu kürsüdən hər hansı qətiyyətlə danışa biləcəyim məsələ deyil".

"Lakin bölgə mülki əhalidən boşalıb... 100 minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib... Məncə, heç birimiz deyə bilmərik, onların neçə faizi Ermənistanda daimi qalmağı planlaşdırır, və ya neçə faizi şərtlər imkan verərsə, qayıtmaq istəyə bilər", - Miller sözlərinə əlavə edib.

Onun sözlərinə görə, buna görə də ABŞ müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasını təklif edir ki, qayıtmaq istəyənlərin hər birini qorunacaqlarına əmin edə bilsin.

Qarabağda nə qədər əhali qalıb?

Qarabağda hazırda 50-dən 1000-ə qədər erməni sakinin qalması ilə bağlı müxtəlif rəqəmlər səslənir.

Bu məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının bəyanatında yer alır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi ilə bu qurumun missiyasının oktyabrın 1-də Qarabağa səfər etdiyi bildirilir.

Bəyanatda vurğulandığına görə, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib: "Qarabağda qalan ermənilərin sayına gəldikdə, həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər. Missiya üzvləri yerli əhalinin evlərini qəfil tərk etməsi və bunun səbəb ola biləcəyi əzablardan təsirlənib".

Açıqlamaya görə, missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olub: "Missiyanın apara bildiyi söhbətlərə əsasən, indiki mərhələdə yerli əhalinin geri qayıtmaq niyyətində olub-olmadığını müəyyən etmək çətindir".

Qarabağdan qaçqın düşən ermənilər Azərbaycanla həmsərhəd bölgələrə də yerləşmək istəmirlər
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bundan əvvəl

Son günlər Qarabağdan Ermənistana köç baş verib. Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib. Azərbaycan rəsmi qurumları bu rəqəmə, hələlik, münasibət bildirməyiblər.

Ermənistan baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

  • 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Qarabağ vilayətini və ətraf 7 rayonunu işğal edib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
  • Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Erməni əhaliyə Azərbaycan hakimiyyətinin qarantiyaları barədə düşünmək, tərk edilmiş evlərinə qayıtmağı nəzərdən keçirmək təklif olunub.
XS
SM
MD
LG