Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:32

İqtidar deputatları Moskvanı və keşiş Qalstanyanı tənqid edirlər


Mariya Karapetyan
Mariya Karapetyan

2018-ci ildəki antihökumət etirazları ümumxalq hərəkatı idi, bu səbəbdən onu indiki və ya əvvəlki hərəkatlarla eyniləşdirmək olmaz.

Bunu baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Qagik Melkonyan deyib:

“Onda heç kim düşünmürdü ki, hakimiyyət dəyişəcək. Ona qədər də, 2003, 2008 və 2015-ci illərdə etirazlar keçirilmişdi. Onda heç nə etmək mümkün olmamışdı. 2018-ci ildə isə ümumxalq hərəkatı başladı. Bu isə o deməkdir ki, etirazlarda 200 mindən çox adam iştirak edirdi. Rayonlar da nəzərə alınarsa etirazçı sayı 500 min nəfərdən çox idi”.

Melkonyan deyib ki, indiki hərəkatda “xəstəxanaya gedən maşınların yolunu kəsirlər”:

“Mənim üçün o qədər də mühüm deyil ki, “Vətən naminə Tavuş” hərəkatının baş nazirliyə namizədi kim olacaq. Ən mühümü ölkədə baş verənlərdir”.

“O özünü indidən baş nazir kimi aparır”

Deputat vurğulayıb ki, əgər onlar Erməni Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini keçirə bilməsələr, başqa namizəd irəli sürə bilərlər:

“Bunun əhəmiyyəti yoxdur. Ən əsası odur ki, hər şey qanun çərçivəsində baş versin. Onlar ümidlərini 2026-cı il seçkilərinə bağlayıb işləməlidirlər ki, tərəfdarlarının sayı azalmasın”.

Melkonyan iddia edib ki, etirazçıların sayı getdikcə azalır:

“Bununla belə “Vətən naminə” hərəkatının lideri öz namizədliyini baş nazir vəzifəsinə elan edəndən, özünü az qala hökumət başçısı sayır, göstərişlər verir”.

Deputat xatırladıb ki, Rusiya televiziyası mayın 26-da etiraz aksiyasına guya 100 min nəfərin çıxdığını iddia edib.

Melkonyanın sözlərinə görə Ermənistanda hakimiyyətin dəyişməsi ilk növbədə Rusiyaya lazımdır, çünki Moskva Ermənistanın daim vassal kimi qalmasını istəyir:

“Biz daha onlardan icazə almırıq ki, hansı ölkələrlə əlaqələrimizi inkişaf etdirə bilərik və bu onların xətrinə dəyir. Axı biz həmişə onlardan icazə alırdıq və ya onlar bizim əvəzimizə onlar danışırdılar”.

“Faşistlə nəyi müzakirə edək?”

Hakim partiyanın daha bir deputatı - Mariya Karapetyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində müxalifəti tənqid edib:

"Dörd ildir ki, müxalifət eyni valı fırladır. Bizə sonuncu şans verir. Hərəkatları daimi və ya həlledici həddə çatdıracağını bildirir”.

Azatutyun yazır ki, keşiş Baqrat Qalstanyan mayın 26-da keçirdiyi mitinqdə də Paşinyanın istefasına çağırıb və ona sonuncu imkanı verdiyini deyib.

Mariya Karapetyan deyib:

"Bundan əvvəlki hərəkatlar da kifayət qədər həlledici olmayıb. Amma onlar indikindən də daha ağır sözlərlə hədələyirdilər və deyirdilər ki, onların təklif etdikləri “həll yollarını” qəbul etməsək, bizim üçün pis olacaq”.

Deputat Karapetyan hakimiyyətin Qalstanyanla dialoqa niyə girməməsi barədə suala cavab verərkən deyib:

"O faşistdir. Biz faşistlə nəyi müzakirə etməliyik?”

Bundan əvvəl

Tavuş mərzinin arxiyepiskopu mayın əvvəllərində sərhəddəki dörd kəndin Azərbaycana verilməsinə etiraz edən yerli sakinlərə qoşulmuşdu.

Erməni Kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün Yerevana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan edib.

Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının deputatları Nikol Paşinyana qarşı impiçment proseduruna hazırlaşdıqlarını deyiblər.

Lakin bunu etmək üçün müxalifət parlamentdə kifayət qədər mandata malik deyil.

Qalstanyan Erməni Kilsəsinin rəhbəri – katolikos II Qareginlə “iki gündən bir görüşərək vəziyyəti onunla müzakirə etdiyini” etiraf edib.

Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.

Qalstanyan əvvəlcə məqsədinin hakimiyyət yox, Ermənistan torpaqlarının “düşmənə verilməsinin” qarşısının alınması olduğunu desə də, sonrakı aksiyalarda artıq sərhəd barədə demək olar danışmır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG