Son vaxtlar problemin həlli istiqamətində irəliləyiş olması, hətta razılaşdırılmamış bir məsələ qalması ilə bağlı rəsmilər tərəfindən ümidverici bəyanatlar səslənsə də, haqqında danışılan referendumun sülh prosesinə mənfi təsir edəcəyi də bildirilir. Siyasi ekspertlər hesab edirlər ki, Ermənistan danışıqlarda istənilən təklifə razılaşa bilər. Ancaq bu, heç də bəyan edildiyi kimi, prosesin son mərhələyə daxil olması deyil.
Toplantıda iştirak edən xarici qonaqlardan biri hətta referendumla bağlı Azərbaycanın özünü səbrli aparmasından təəccübünü gizlətmədi.
AŞ PA Siyasi Komitəsinin iclasında Ermənistandan başqa, qurumun demək olar ki, bütün üzvləri iştirak edirdi. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidov bildirir ki, Ermənistan iclasa qatılmaqdan imtina edib: «Siyasi Komitə iclasda iştirak üçün Ermənistana məktublar göndərib. Ancaq onlar iclası boykot ediblər».
Cənab Seyidov bildirir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək baxımından Ermənistan təmsilçilərinin Siyasi Komitənin iclasında iştirakına etiraz etmirdi.
İstər xarici, istərsə də, yerli ekspertlər AŞ PA Siyasi Komitəsinin iclasının Bakıda keçirilməsini müsbət dəyərləndirirlər. Səməd Seyidov isə deyir ki, bir vaxtlar bu komitənin iclasının Azərbaycanda keçirilməməsi barədə qərar verilmişdi. Həmin qərarda bildirilirdi ki, əgər AŞ PA Siyasi Komitəsinin Azərbaycanda iclası keçirilsə, onda balansı pozmamaq üçün Ermənistanda da belə bir tədbirin keçirilməsi nəzərə alınmalıdır: «Ancaq, indi balans barədə məsələ qoyulmadan Azərbaycanda iclas keçirilir».