Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:42

«ANS əvvəlki ANS olacaqmı?»


Ekspertlərin fikrincə, ANS ehtiyatlı olmalıdır
Ekspertlərin fikrincə, ANS ehtiyatlı olmalıdır
Dekabrın 12-də ANS televiziyası 17 günlük fasilədən sonra yenidən efirə qayıtdı. Amma, belə bir sual meydana çıxır-ANS televiziyası əvvəlki ANS olacaqmı?.. Bu qəbildən suallara ANS tamaşaçıları kimi yerli televiziya mütəxəssisləri də cavab axtarırlar.

ANS Şirkətlər Qrupunun təsisçilərindən olan Seyfulla Mustafayev deyir ki, televiziyanın yayımı dayandırılmamışdan əvvəl efirə gedən verilişlərin hamısı qalacaq. Amma, cənab Mustafayev verilişlərin məzmununda dəyişiklik olacağını istisna etmir. O «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, vəziyyətdən asılı olaraq verilişlərin mahiyyətinə baxıla bilər.


Son günlər ANS televiziyasının yayımının bərpasından sonra ictimai-siyasi məzmunlu «Zorxana», «Qulp», «İç xəbər» verilişlərinin efirə getməyəcəyi, siyasi yönümlü verilişlərin sayının azalacağı haqda fikirlər dolaşmaqdadır. Bu verilişlərdən birinin - «Zorxana»nın müəllifi Orxan Fikrətoğlu hələlik rəhbərliklə bu haqda danışıqlarının olmadığını bildirir. O, əlavə edir ki, son günlər Bakıdan kənarda yaradıcılıqla məşğul olduğundan ümumiyyətlə, nə şirkətdə olub, nə də rəhbərliklə təmasda.


ANS-in əsasən siyasi debatlar verilişi olan «Nəzər nöqtəsi»nin aparıcısı Sevil Nuriyeva isə siyasi yönümlü verilişlərin vaxtının və ya sayının azaldılması haqda rəhbərlikdən heç nə eşitmədiyini deyir: «Rəsmi şəkildə heç nə deyilməyib. ANS sıradan televiziya olmadığından ətrafında müxtəlif dedi-qodu, versiyalar olması normalıdır. Hər şey ANS-in efirindən aydın olacaq. Məncə, tələsib rəy vermək lazım deyil».


Televiziya mütəxəssisləri bu qənaətdədirlər ki, ANS televiziyası və ANS ÇM radiosu radikal şəkildə dəyişməsə də, ehtiyatlı və diqqətli olmağa çalışacaq. Zaman-zaman iqtidarın kursunu dəstəkləyən şirkət rəhbərliyi yenidən bunu nümayiş etdirməyə çalışacaq. Bu isə o qədər asan olmayacaq.


Ekspertlər əslində, indi telekanal rəhbərliyinin odla su arasında qaldığını düşünürlər. Bir yandan imic qorumalı, digər tərəfdən isə səhv buraxılmamalıdır. Çünki, Milli Televiziya və Radio Şurası televiziyanın tezliyinə elan olunmuş müsabiqənin davam etdiyini bildirilir.


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevin sözlərinə görə, ANS yaratdığı müstəqil telekanal imicini saxlamağa çalışmalıdır. Əks halda, olan dəyişiklik televiziyanın efir məkanındakı yerinin itirməsinə səbəb olar.


Televiziya jurnalisti, həmişə ANS-ə tənqidi mövqeyi ilə seçilən Çingiz Sultansoy isə hesab edir ki, əslində ANS xəbər mənbəyi kimi o qədər də obyektiv deyildi. Onun qənaətinə görə telekanal həmişə təhrif olunmuş mənzərə təqdim edib, sadəcə, bu mənzərə başqaları ilə müqayisədə həqiqətə daha yaxın idi. Bu səbəbdən də efirdən radikal dəyişiklik gözləmir.


Ekspertlər ANS televiziyası ətrafında təhlükənin tam sovuşmadığını desələr də, hakimiyyətin artıq kütləvi informasiya vasitələrinə lazımlı ismarıc göndərməsi qənaətindədirlər. Çingiz Sultansoy deyir ki, ANS televiziyasının bağlanması təkcə ona yox, başqalarına da hədə-qorxu gəlmək idi.


Yerli mütəxəssislərin qənaətincə, kanala verilən altı ay sınaq müddəti kimi də başa düşülə bilər. İndi ANS elə ehtiyatlı olmalıdır ki, həm tamaşaçısını və beynəlxalq qurumların ona etimadını itirməsin, həm də yenidən MTRŞ-nin har hansı iradə ilə üzləşməsin.


XS
SM
MD
LG