Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:05

Millət vəkili «Azadlıq» radiosunun müxbiri ilə problemi olmadığını deyir


«Mənim «Azadlıq» radiosu ilə bağlı heç bir şikayətim olmayıb»
«Mənim «Azadlıq» radiosu ilə bağlı heç bir şikayətim olmayıb»

Millət vəkili İsa Həbibbəyli deyir ki, onun nə «Azadlıq» radiosu ilə, nə də onun Naxçıvandakı əməkdaşı İlqar Nəsibovla heç bir problemi yoxdur. Millət vəkili onun adından məhkəməyə iddia verilməsindən təəccübləndiyini bildirir.


Dekabrın 6-da həbs olunan İlqar Nəsibovun evində elə həmin günün axşamı axtarış aparılıb. Polis əməkdaşları müxbirin həyat yoldaşı Məlahət Nəsibovaya bildiriblər ki, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəyli İlqar Nəsibova qarşı məhkəmə iddiası qaldırıb. Evdə axtarış da həmin iddia əsasında məhkəmənin qərarı ilə aparılır.


Amma axtarış zamanı İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibovaya iddianın mahiyyəti barədə nə yazılı, nə də şifahi məlumat verilməyib. Yalnız o bildirilib ki, İsa Həbibbəylinin adından iddianı onun vəkili Ələkbər Cəfərov qaldırıb.


Millət vəkili İsa Həbibbəyli isə «Azadlıq» radiosuna müsahibəsində bunu təkzib edib: «Mənim «Azadlıq» radiosu ilə bağlı heç bir şikayətim olmayıb. Mənim «Azadlıq» qəzeti ilə bağlı şikayətim olub».


İsa Həbibbəyli deyir ki, bir neçə ay əvvəl «Azadlıq» qəzeti Naxçıvan haqqında həqiqətə uyğun olmayan məqalə dərc edib. Həmin məqalənin bir hissəsi də ona aid olub. İsa Həbibbəyli yazının müəllifini tapa bilməyib, ona görə də hüquq-mühafizə orqanlarına müraciət edib.


«Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov dekabrın 6-da Naxçıvan polis rəisi Səbuhi Novruzova böhtan atmaq ittihamı ilə 3 ay müddətinə həbs edilib.


Onun həyat yoldaşı Məlahət Nəsibova deyir ki, o, dekabrın 8-də əri ilə görüşmək istəsə də, onu təcridxanaya buraxmayıblar. Bildiriblər ki, jurnalistə qarşı yeni məhkəmə ola bilər: «Mən İlqar Nəsibovun saxlandığı təcridxananın qarşısında oldum. Onunla görüşməyə cəhd etdim. Mənə orada dedilər ki, İlqar Nəsibovun məhkəməsi davam edəcək».


Amma yeni məhkəmənin mahiyyəti barədə Məlahət Nəsibovaya heç bir məlumat verilməyib.


XS
SM
MD
LG