«Biz «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə iş kəsilməsindən və bu prosesdə müşahidə edilən mümkün pozuntulardan narahatıq». ABŞ səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Conatan Henik Yasamal məhkəməsinin jurnalistə 4 il azadlıqdan məhrumetmə hökmünün çıxarılmasına münasibət bildirərkən belə deyib. Diplomat «Turan»a bildirib:
«Müstəqil, obyektiv və peşəkar media demokratiya üçün olduqca vacibdir. Jurnalistlərə hədə qorxu gəlinməməli, təqib olunmamalı, onlara hücum edilməməli və həbsə atılmamalıdır. Müstəqil və müxalif mediaya davamlı təzyiqlər baş verərkən, biz, hakimiyyəti tənqid edən jurnalistlərin yalnız böhtan və təhqirə görə yox, digər ehtimal olunan cinayətlərə görə ittiham olunmasından narahatıq».
Cənab Henik jurnalistlərin də digər vətəndaşlar kimi qanuna əməl etməli olduğunun vacibliyini bildirir: «Lakin jurnalistlərin səslərini boğmaq üçün onlara qarşı cinayət ittihamlarından istifadə olunması insan haqları və demokratik inkişaf üçün maneədir».