Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 15:07

ABŞ Ukraynayla Səudiyyə Ərəbistanında 'məzmunlu' danışıqlar aparıb, növbədə Rusiyadır


Trampın Zelenski ilə danışıqlarından sonra da çaşqınlıq yaranıb.
Trampın Zelenski ilə danışıqlarından sonra da çaşqınlıq yaranıb.

Ukraynada atəşkəs üçün aparılan danışıqlar çərçivəsində Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmiləri arasında görüş baş tutub. Bu, Vaşinqtonun Kiyev və Moskva arasında apardığı "məkik diplomatiyası" səylərinin bir hissəsidir. Bu gün, martın 24-də isə ABŞ rəsmiləri rusiyalı həmkarları ilə görüşəcək.

Tramp administrasiyasının nümayəndələri Kiyev ilə danışıqları dərhal şərh etməyib, lakin Ukraynanın müdafiə naziri Rustem Umerov müzakirələrin "konstruktiv və mənalı" keçdiyini bildirib.

"Müzakirə məhsuldar və məqsədyönlü oldu — əsas məqamları, o cümlədən enerjini müzakirə etdik", – Umerov "Facebook" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Ər-Riyadda keçirilən danışıqlar Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün ABŞ-nin reallaşdırdığı səylərdə mühüm mərhələdir. Əvvəlki ikitərəfli görüşlər arasında bir neçə günlük fasilələr olurdu. İndi isə bütün tərəflərin eyni məkanda olması prosesin sürətlənməsinə kömək edə bilər.

Rusiya dövlət mediası Moskvanın nümayəndə heyətinin danışıqlar üçün martın 23-ü axşam saatlarında Səudiyyə Ərəbistanına getdiyini bildirib.

"The New York Times" və "Reuters" mənbələrə istinadən ABŞ-Rusiya danışıqlarından sonra mümkün razılaşmanı müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələri arasında daha bir görüşün baş tuta biləcəyini yazıb.

Lakin bu görüşlərdə böyük bir irəliləyişin əldə ediləcəyini gözləyənlər azdır.

Danışıqlar davam edərkən prezident Zelenski televiziya çıxışında bildirib: "Komandamız tamamilə konstruktiv şəkildə çalışır. Müzakirələr olduqca faydalıdır – nümayəndə heyətlərinin işi davam edir".

ABŞ rəsmiləri isə görüşlərdən əvvəl nikbin fikirlər səsləndiriblər.

ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff martın 22-də "Fox News"a deyib: "Düşünürəm ki, bazar ertəsi Səudiyyə Ərəbistanında bəzi real irəliləyişlər görəcəksiniz".

Kiyev və Moskvanın hər hansı nəticələrlə bağlı yanaşması daha ayıqdır.

"Maksimum nəticə fasilədir. Amma bu, hələ məlum deyil, çünki danışıqlar bir-iki ay uzana bilər", - politoloq Sergey Taran AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib.

"Düşünürəm ki, ən çox təsəvvür edilə biləcək şey, bəlkə də, atəşkəs haqqında bəzi texniki detalları işləyib hazırlamaqdır. Sonra bu, təkliflər formasında Kiyevə, Moskvaya və Vaşinqtona təqdim ediləcək", –o əlavə edib.

Dmitri Peskov
Dmitri Peskov

"Ümidləri çox yüksək tutmaq olmaz"

Kremlin sözçüsü Dmitri Peskov isə razılaşmanının əldə olunması ilə bağlı ümidlərin üzərinə soyuq su töküb: "Ümidləri çox yüksək tutmaq olmaz. Qarşıda çox ciddi və ətraflı iş bizi gözləyir. Biz detalları araşdırmalı olacağıq".

"Biz hələ bu yolun yalnız başlanğıcındayıq", – o, martın 23-də dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

Bəzi ekspertlərə görə, bu, Qəzzada atəşkəs danışıqları üçün istifadə olunan oxşar bir modelə çevrilə bilər. Qəzza razılaşması əldə olunana qədər aylar çəkmişdi, lakin bu razılaşma artıq öz effektivliyini itirmiş kimi görünür.

ABŞ prezidenti Donald Tramp indiyə qədər danışıqlarla bağlı ən çox nikbin olan şəxsdir. Lakin onun sürətli irəliləyişə dair ümidləri dəfələrlə puç olub.

Əvvəlcə Ukrayna ilə 30 günlük ümumi atəşkəsə dair razılaşdırılmış plan Putin tərəfindən bloklanıb. Bunun əvəzinə, Putinlə telefon danışığından sonra Tramp onun infrastruktura hücumların dayandırılmasına razılaşdığını bildirib.

Lakin Kreml razılaşmanın yalnız enerji infrastrukturu ilə əlaqəli olduğunu bəyan edib.

Ukrayna Səudiyyə Ərəbistanında Rusiya tərəfindən hədəf alınmaması üçün razılaşıldırılması gərəkən obyektlərin siyahısını təqdim etməyi planlaşdırır.

Trampın Zelenski ilə danışıqlarından sonra da çaşqınlıq yaranıb. Vaşinqton Ukraynanın təhlükəsizliyinə zəmanət üçün ABŞ-nin Ukrayna nüvə stansiyalarına sahib olması ilə bağlı yeni plandan danışıb. Zelenski isə bu stansiyaların ukraynalılara məxsus dövlət mülkiyyəti olduğunu bəyan edib.

Bu arada Ukraynanın nadir torpaq mineralları ilə bağlı ikitərəfli razılaşmanın, demək olar ki, hazır olduğu bildirilib. Lakin sənədin nə vaxt imzalanacağı hələ də aydın deyil.

Səudiyyə Ərəbistanındakı danışıqlarda diqqətdə olan digər bir məqam dəniz atəşkəsi ilə bağlıdır. ABŞ-nin xüsusi nümayəndəsi Uitkoff bildirib ki, "Qara dəniz atəşkəsi və iki ölkə arasında gəmilər mövzusunda irəliləyiş olacaq. Bundan sonra, təbii olaraq, tam atəşkəsə doğru irəliləyəcəksiniz".

Uitkoff həmçinin Putinin sülh istəyinə inandığını vurğulayıb, lakin Ukrayna və Avropa ölkələri bunun əksini düşünür.

XS
SM
MD
LG