ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukrayna ilə minerallar və təbii sərvətlər sazişini tezliklə imzalayacağını deyir. Bu arada Vaşinqton Rusiya və Ukrayna ilə müharibənin sona çatması ilə bağlı danışıqları davam etdirir.
Martın 20-də Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Ukrayna üçün sülh sazişi əldə etmək səyləri “çox yaxşı” irəliləyir. Tramp bu həftə Rusiya və Ukrayna liderləri ilə danışıb.
"Ukrayna və Rusiya ilə bağlı işlər çox yaxşı gedir. Gördüyümüz işlərdən biri də Ukrayna ilə nadir torpaq elementləri ilə bağlı müqaviləni tezliklə imzalamaqdır", – Tramp söyləyib.
Odessaya kütləvi dron hücumu
Tramp bu açıqlamanı verdiyi bir vaxtda Rusiya qoşunları Odessadakı mülki infrastruktura hücum edib, bir qız daxil olmaqla üç nəfər yaralanıb.
"Düşmən Odessaya və bölgəyə zərbə dronları ilə kütləvi hücum edib. Mülki infrastruktura, o cümlədən çoxmərtəbəli yaşayış binasına, ticarət mərkəzinə və mağazalara ziyan dəyib", – qubernator Oleq Kiper Telegram-da yazıb.
Kiper bildirib ki, hücum nəticəsində üç yerdə böyük yanğınlar baş verib.
Rusiyanın Kursk vilayətindən gələn xəbərlərə görə, Ukrayna qoşunları Sudjada qazpaylayıcı stansiyaya hücum edib. Müstəqil Sota media orqanı Telegram-da böyük bir yanğının fotosunu yayımlayıb.
Hadisə barədə Ukrayna hökumət rəsmiləri, yaxud Moskva açıqlama verməyiblər.
Ukrayna yanvarda tranzit müqaviləsini yeniləməkdən imtina edənə qədər Rusiya qazı bu stansiyadan keçərək Avropayaya gedirdi.
Ukraynalılara “Rusiya pasportu alın” əmri
Martın 20-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərində yaşayan ukraynalılara sentyabrın 10-dək Rusiya pasportu almağı və ya getməyi əmr edib. Ultimatum işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojyedəki ukraynalılara aiddir, bunu Ukraynanın keçmiş iqtisadiyyat naziri Timofey Milovanov X platformasında yazıb.
Tramp bu həftə Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə atəşkəs barədə ayrı-ayrı danışıqlar aparıb.
Bu danışıqlarda tam 30 günlük atəşkəs barədə razılığa gəlinməyib. Amma Putin Rusiyanın enerji infrastrukturuna hücumlarını 30 günlüyə dayandırmağa razılaşıb. Zelenski də Trump ilə danışıqlardan sonra belə bir fasiləni qəbul edəcəyini bildirib.
Ukrayna və ABŞ bu ayın əvvəlində Ukraynanın ən vacib mineral ehtiyatlarının işlənməsi üzrə sazişlə bağlı razılığa gəliblər. Amma fevralın 28-də Ağ Evdə Tramp və Zelensky arasında qızğın mübahisədən sonra saziş imzalanmayıb.
Minerallar sazişinin şərtlərinin dəyişib-dəyişmədiyi bəlli deyil. Əvvəlki versiyaya Zelenskinin israr etdiyi təhlükəsizlik zəmanətləri salınmamışdı.