Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:31

İndiki filmlər dünyanın sonunu necə göstərir


Apokalipsis
Apokalipsis

Bir vaxtlar dünyanın sonu haqda filmlər həyəcan və bol kassa gəliri gətirirdi. İndi isə bu mövzuda filmlər satira və ailə dramı janrında olur.

Bu bayram mövsümündə dünyanın sonu haqda bir yox, bir neçə film ekranlara çıxıb: Kira Naytlinin baş rolu oynadığı "Silent Night" adlı Britaniya filmi, Con Boyeqanın cəsur vəkili canlandırdığı "Naked Singularity" adlı məhkəmə dramı, Leonardo Di Kaprionun astronom olduğu siyasi satira filmi "Don't Look Up". "The Guardian" yazır ki, bu filmlərin heç biri göründüyü qədər yüngül deyil.

Ailə dramları

Beləliklə, artıq dünyanın sonu haqda filmlər meqabüdcəli fəlakət trillerləri deyil, hökumət və siyasətçiləri ələ salan ailə dramlarıdır.

Bəs görəsən, bu qəfil dəyişiklik nə ilə bağlıdır? Ekzistensial fəlakət Hollivud üçün yeni mövzu deyil. Hollivud son yüzilliyin xeyli hissəsini bu mövzudan gəlir götürüb. Hərçənd bu mövzuda film çəkən təkcə Hollivud deyil. SSRİ istehsalı olan "The Sacrifice" (1986), Fransanın "Time of the Wolf" və "Delicatessen", Kanada istehsalı olan "Last Night" filmlərini misal göstərmək olar.

Ancaq meynstrim kino industriyası bu mövzuya o qədər çox toxunub ki, kinoya tez-tez getməyən tamaşaçı belə, ekranda dünyanın sonu səhnələrini görüb. Bu filmlərdə dünyanın sonuna gətirib çıxaran səbəblər çox müxtəlifdir: qəddar, pis niyyətli alimlərdən tutmuş, komiks kitablarının mənfi qəhrəmanlarına, robotların üsyanından kosmik toqquşmaya, virus pandemiyasından dəhşətli sellərə, əjdaha, quş və danışan meymunlara qədər hər cür səbəb görmək olar.

Dövrün qorxuları

Maraqlıdır ki, bu ssenarilər filmlərin çəkildiyi dövrlərin real qorxuları ilə səsləşir. "Invasion of the Body Snatchers" ABŞ-da Makkartizm dövründə, Stiven Spilberqin şəhərlərin dağılmasını göstərən "War of the Worlds" filmi 11 Sentyabr hücumundan sonra çəkilib. "Wall-E" isə kütləvi konsyumerizmlə bağlı həyəcan təbili döyürdü. Elə janrın özü də "qarşılıqlı məhvetmə" ifadəsinin gündəlik məişət söhbətlərinə daxil olduğu Soyuq müharibə dövründə yaranıb.

"Apokaliptik filmlər" adlı "Wikipedia" məqaləsində deyilir ki, son 10 ildə bu janra öncəki iki onillikdəkindən daha çox film əlavə olunub. Elə təkcə ötən il bu mövzuda çəkilən filmlər elmi fantastikadan tutmuş, ailə və animasiya filmlərinə qədər müxtəlif janrları əhatə edib. Bu il də bu mövzunun aktual olacağı gözlənilir. "The Last of Us", "Station Eleven" "Extinction" serialları post-virus distopiyaları olacaq. Böyük ekranda isə kino həvəskarları "Moonfall" "White Noise" filmlərini görə biləcəklər.

Kinodan reallığa

Klinton dövrü Amerikasında çəkilmiş "Armageddon" "Independence Day" filmlərinin üstündən xeyli vaxt keçib. Ancaq bu gün artıq qorxunc hekayələr filmlərdə yox, xəbər başlıqlarındadır. Dəhşətli tornadolar, buzlaqların əriməsi, virus pandemiyası – bunların hamısı realdır.

Amerika kino tarixində mühüm yeri olan "Dr Strangelove" filmi insanları nüvə təhlükəsinin hər an reallaşa biləcəyi haqda xəbərdar edirdi. Adam Makkeyin iqlim dəyişikliyi haqda satirik filmi "Don't Look Up" apokalipsisi özünü bəyənmiş siyasətçilər sinfini məsxərəyə qoymaq üçün müstəviyə çevirib. Bu iki filmin arasındakı 60 il ərzində filmlərin tonları da dəyişib. Birinci filmin tonunda anarxik şən əhval-ruhiyyə, ikincidə isə qəzəb və qıcıq hiss olunur.

Qəzet daha sonra yazır ki, apokalipsis mövzusunda yeni nəsil filmlərdə həyəcan və ümiddən çox qorxu və təslimçilik hiss olunur.

XS
SM
MD
LG