Aşqabadda tünd rəngli avtomobilləri evakuasiya edirlər. Bir-birindən asılı olmayan bir neçə mənbəyin AzadlıqRadiosu-nun türkmən xidmətinə verdiyi məlumata görə, hazırda Aşqabad hökuməti şəhər sakinlərinin nəqliyyat vasitələrini xəbərdarlıqsız evakuasiya edir.
Maşınlar avtomobil dayanacaqlarından birbaşa yol polisinin cərimə meydançasına aparılır.
Avtomobil sahibləri isə bunu sonradan dayanacaq gözətçilərindən öyrənirlər.
AzadlıqRadiosu-nun mənbələri iddia edirlər ki, hökumətin bu tədbirləri tünd rəngli avtomobilləri açıq – ağ və gümüşü rənglərə boyamaq tələbiylə bağlıdır.
Buna da bax: İlham Əliyev: ‘Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır’
Hökumət nümayəndələri və KİV-lər bu barədə hər hansı bilgi vermirlər. Türkmənistan paytaxtının sakinləri AzadlıqRadiosu ilə söhbətdə iddia ediblər ki, görülən tədbirlərdən öncə əhali hər hansı rəsmi bildiriş də almayıb.
7-11 MİN MANAT
Türkmən xidmətinə məlumat verən bir şəhər sakininin sözlərinə görə, avtomobil müfəttişliyinin əməkdaşları da şəxsi avtomobillərin rənginə dair yeni tələbin nə ilə bağlı olduğunu bilmədiklərini deyirlər.
AzadlıqRadiosu-nun türkmən xidməti hökumət təmsilçilərindən hər hansı rəsmi şərh ala bilməyib.
Buna da bax: Tələbələr zorla təqaüddən imtina ərizəsi yazmağa məcbur edilir
Ancaq Radionun Türkmənistan hökumətində çalışan müsahibləri deyirlər ki, şəhər sakinlərinin şəxsi nəqliyyat vasitələrinin rənginə dair tələb ölkə başçısının şəxsi zövqləri ilə bağlıdır. Artıq uzun illərdir ki, Türkmənistan prezidenti ağ rəngə üstünlük verir.
Aşqabad sakinlərinin sözlərinə görə, avtomobilin rənglənməsi xeyli xərc tələb edir.
"Avtomobil servisində mənə dedilər ki, avtomobilimin yenidən rənglənməsi 7 min manata (1994 dollar) başa gələcək, özü də bir həftədən sonra qiymət 11 min manata (3130 dollar) qədər qalxacaq. Məvacibimsə cəmi 1000 manatdır (285 dollar). Hətta əgər mən maaşımı heç yerə xərcləməsəm belə, maşını rənglətməyə illik məvacibimi ödəməli olacağam", – Aşqabad sakini Oraz (ad dəyişdirilib) deyir. Onun sözlərinə görə, avtomobili bir müddət öncə evakuasiya edilib.
Buna da bax: 2017-ci ildə AzadlıqRadiosu üzərinə ‘amansız təzyiqlər’ edilib
Bundan daha öncə bildirilirdi ki, yalnız Türkmənistan daxili işlər orqanları əməkdaşlarının şəxsi maşınları ağ rəngli avtomobillər olmalıdır.
YASAQLAR
Oktyabrda AzadlıqRadiosu bildirmişdi ki, Aşqabadın yol polisi maşınlarında ənənəvi həmaillər, o cümlədən dəvə yunundan toxunmuş "alaca" adlı bəd nəzərdən qoruduğu düşünülən əşya, müxtəlif yazılar və oyuncaqlar olan sürücüləri yolda saxlayır. Polis sürücülərdən bu əşyaları maşından çıxarmağı tələb edir, onlara 50 manat (14,25 dollar) məbləğində cərimə yazırdı.
Ancaq həmail və oyuncaqlar kimi əşyaların yasaqlanması avtomobillərin zahiri görünüşü ilə bağlı ilk məhdudiyyət deyil.
Buna da bax: Türkmənistanda qıtlığın ikinci ili
Hələ 2014-cü ildə ölkədə şüşələrin tündləşdirilməsi qadağan edilmişdi. Hökumətin tələbiylə avtomobil sahibləri tündləşdirilmiş şüşələri çıxarmalı idilər. Bura avtomobili hazırlayan zavodun qoyduğu şüşələr də daxil idi. Bundan başqa, Türkmənistanda avtomobillərin təkərlərinə qara disklər və spoylerlər taxmaq yasaqlanıb. Hökumət bu tədbirlərin yol-nəqliyyat hadisələrini önləmək məqsədiylə gerçəkləşdirildiyi bildirmişdi.
2013-cü ilin martında tətbiq edilmiş qaydalara görə isə, buraxılış tarixi 5 ildən artıq olan avtomobillərin ölkəyə idxalı qadağandır.
2015-ci ildə ölkə rəhbərliyi Türkmənistana qara rəngli avtomobillərin idxalına qadağa qoyub.
Buna da bax: Türkmənistan İrandan borcunu beynəlxalq arbitrajla almaq istəyir
Bu ilin yazında isə Aşqabad polisinin şəhəri köhnə avtomobillərdən "təmizləməsi" haqda məlumatlar daxil olurdu. AzadlıqRadiosu-nun Aşqabaddakı mənbələri bildirirdilər ki, polis əməkdaşları şəhərin küçələrində nəqliyyat vasitələrini saxlayaraq, heç bir izahat vermədən şəhər yol polisinin təhlükəsizlik xidmətinə məxsus cərimə meydançasına aparırdılar.