Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir. Ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində), 27-si Türkiyənin və biri Gürcüstanın payına düşür. Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması martın 5-də illik hesabatını açıqlayıb.
"Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" Qanun mətbuat azadlığını boğmağa davam edir və təcili olaraq yenidən nəzərdən keçirilməlidir. Qanunun digər maddələrinə görə, mətbuata "əxlaqsız leksik məzmun" və ya "şəxsin şərəf və ləyaqətini alçaldan" məlumatları dərc etmək və yaymaq qadağan edilir. Bu qanunvericilik jurnalistlərin ictimai nəzarətçi rolunu zəiflədir və media müstəqilliyini daha da sarsıdır",- "Avropa media azadlığı hesabatı"nda deyilir.
Rəsmilər ölkədə media qanunu ilə bağlı tənqidləri, eləcə də mətbuat azadlığının pozulması fikirlərini qəbul etmirlər, təməl hüquqların qorunduğunu deyirlər. Hazırda həbsdə olan jurnalistlər, əsasən, qaçaqmalçılıqda ittiham olunsalar da, özləri ittihamları peşə fəaliyyətləri ilə bağlayırlar.
Medianın azadlığını məhdudlaşdıran digər amillər
Hesabata görə, medianın azadlığına təsir edən digər bir amil ötən il Avropa Şurasına üzv ölkələrdə və ABŞ-də keçirilən bir çox seçkilərdə illiberal və populist partiyaların qələbəsidir.
Avropa Şurası bildirib ki, jurnalistlərin təhlükəsizliyi və mənbə gizliliyi üçün digər ciddi təhdid casus proqramlarıdır. Jurnalistlərin izlənməsi geniş yayılıb və bunun aşkarlanması çətinləşib. Ötən il üç ölkədə bu hal qeydə alınıb.
Qeyd olunub ki, mühacirətdəki jurnalistləri susmağa məcbur etmək üçün hüquqi tədbirlərlə hədəf alınması ilə bağlı hallar sənədləşdirilib: "Bəzi hökumətlər beynəlxalq hüquqi alətləri, məsələn, İnterpolun "qırmızı xəbərdarlıq"larını sui-istifadə edərək mühacirətə gedən jurnalistləri hədəf alır, bu isə qlobal miqyasda mətbuat azadlığını zəiflədir".
Gürcüstan diqqət mərkəzində olan ölkələr sırasında
Hesabatda bildirilir ki, 2024-cü ildə diqqət mərkəzində olan ölkələr Gürcüstan, İtaliya və Slovakiyadır. 2024-cü ildə Avropa Şurasının bütün üzv dövlətləri arasında mətbuat azadlığı ilə bağlı xəbərdarlıqların ən yüksək artımı qeydə alınan ölkə Gürcüstandır. Ötən il ölkədə keçirilən seçkilərdə və daha sonra etiraz aksiyalarında onlarla jurnalist zorakılığa məruz qalıb. "Bir vaxtlar mühacirətdə olan jurnalistlər üçün təhlükəsiz yer hesab edilən Gürcüstan getdikcə daha təhlükəli vəziyyətə düşüb", – hesabatda deyilir və jurnalist Əfqan Sadıqovun 2024-cü ilin noyabrında həbsi və Azərbaycana ekstradisiyası barədə qərar çıxarılması qeyd olunub.
"Azel TV" saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov Azərbaycanda pul tələb etməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. O daha əvvəl də Azərbaycanda məhkumluq yaşayıb, xuliqanlıq niyyəti ilə sağlamlığa ziyan vurmada təqsirli bilinib. Amma özü işi qurama sayıb.