Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:25

Azərbaycandan həlak olan hərbçilərin sayı 77-ə çatdı


Bakıda hərbi parad. 2020
Bakıda hərbi parad. 2020

Son günlər Ermənistanla sərhəddə baş verən silahlı toqquşmalarda Azərbaycan daha 6 hərbçisinin həlak olduğunu açıqlayıb.

Azərbaycan bundan əvvəl sentyabrın 12-də 50, üç gün sonra isə 21 hərbi qulluqçusunun həlak olduğunu bildirmişdi.

Ermənistan rəsmi qurumlarının məlumatında isə onların itkiləri əvvəl 49, sonra 105, daha sonra isə 135 göstərilib.

+++

Rusiya və Azərbaycan prezidentlərinin bugünkü görüşünün gündəmində Ermənistan-Azərbaycan münaqişəsinin qızışması dayanır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün – sentyabrın 16-da bildirib.

Peskovun sözlərinə görə, bir gün öncə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu məsələni "yetərincə uzun müzakirə" edib.

Ermənistan parlamentində qalmaqal düşdü
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Paşinyan toqquşmalarda 135 hərbçinin öldüyünü açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da Azərbaycanla son sərhəd toqquşmalarında azı 135 hərbçinin həlak olduğunu açıqlayıb. Bundan öncə 105 nəfərin öldüyü bildirilmişdi.

"Hazırda ölü sayı 135 nəfərdir. Təəssüf ki, bu, son rəqəm deyil. Eyni zamanda, xeyli sayda yaralı var", – Paşinyan hökumətin iclasında söyləyib.

Ermənistan sərhəddə vəziyyətin dəyişmədiyini deyir

Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 16-da bildirib ki, Azərbaycanla atəşkəsə ümumilikdə əməl olunur, sərhəddə vəziyyət dəyişməyib. Sentyabrın 12-dən 13-nə keçən gecə sərhəd toqquşmalarında Azərbaycan 71, Ermənistan 105 hərbçisini itirdiyini bildirib.

Sentyabrın 15-nə keçən gecə beynəlxalq səylər nəticəsində atəşkəs elan olunduğunu Ermənistanın Təhlükəsizlik Şurası bildirib. Daha öncə Rusiyanın vasitəçiliyi ilə atəşkəs alınmayıb.

Azərbaycan atəşkəs xəbərlərini rəsmən təsdiqləməyib.

Blinken Paşinyanla danışıb

ABŞ və BMT sentyabrın 15-də atəşkəslə bağlı xəbəri alqışlayıb.

"Azərbaycanla Ermənistanın əməliyyatları dayandırmasını alqışlayırıq, onun möhkəmləndirilməsi üçün tərəflərlə işi davam etdirəcəyik", – Dövlət katibi Entoni Blinken tvitində yazıb.

Blinken daha sonrakı tvitində vəziyyəti Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirə etdiyini, ona döyüşlərdə itkilərə görə başsağlığı verdiyini deyib.

ABŞ Dövlət Departamentinin aparıcı rəsmisi isə sentyabrın 15-də axşam atəşkəsə əsasən əməl olunduğunu bildirib.

"Ancaq ötən həftə baş verənlər göstərdi ki, münaqişəni alovlandıran əsas məsələlərin həllindən ötrü hərtərəfli sülh prosesi üzrə real proqresə ciddi ehtiyac var", – adı çəkilməyən rəsmi vurğulayıb.

BMT təmsilçisinin çağırışı

BMT Baş katibinin köməkçisi Miroslav Yençanın sözlərinə görə, "beynəlxalq ictimaiyyət Ermənistanla Azərbaycan arasında sülh yoluyla nizamlanmaya tam sadiq qalmalı, hazırkı gərginliyin azaldılmasından ötrü səylərini əsirgəməməli, tərəfləri danışıqlar masasına çəkməli və regionda sülh, sabitlik əldə etmələrinə kömək etməlidirlər".

Tərəflər son döyüşlərə görə bir-birini ittiham edir. Ermənistan Azərbaycanı öz ərazisinə səbəbsiz hücumda suçlayır. Bakı isə erməni qüvvələrin atəşinə cavab verdiyini bildirir. Paşinyan Azərbaycan qüvvələrinin sərhəddə bir neçə erməni yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb.

Rusiya isə regionda hərbi balansda hər hansı dəyişikliyin qarşısını almağa çalışdığını bildirib.

"Biz davamlı atəşkəs və Azərbaycan və Ermənistan ordularının ilkin mövqelərinə qayıtması üçün hər iki ölkəylə sıx təmasdayıq", – Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya sentyabrın 15-də Təhlükəsizlik Şurasında deyib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. İki ölkə liderinin 31 avqust Brüssel görüşündə xarici işlər nazirlərinə sülh sazişi üzərində işləmək tapşırılıb.

Sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşməlidir. Putinin Azərbaycanın əsas müttəfiqi Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənir.

XS
SM
MD
LG